AZ

“Sezar, İskəndər, Napoleon, ayağa qalxın, böyüyünüz Atatürk gəlir!”

10 Noyabr - Atatürkü Anma Günüdür.

57 illik ömrünü Vətənə, Millətə fəda edən, cəbhədən-cəbhəyə keçərək qatıldığı heç bir savaşı uduzmayan,

“Ey Türk Milləti, möhtac olduğun qüdrət damarlarındakı əsl qanda mövcuddur” – deyən,

“Hakimyyət, hökmranlıq qeydsiz-şərtsiz Millətindir” deyib Böyük Millət Məclisini quran, 1923-cü ildə yeni tarix yazaraq çağdaş, dünyəvi, demokratik Türkiyə Cümhuriyyətini quran,

“Yurdda sülh, cahanda sülh” deyən, “Dövlət dili Türkçədir” deyən, “Həyatda əsl həqiqi mürşid elmdir” deyən, “Qadınlarla kişilər bərabər hüquqa malikdir” deyən, “İnsan azadlıq və haqqları hər şeydən üstündür” deyən Mustafa Kamal Paşa Atatürkü indi bütün tərəqqipərvər türk xalqı minnətlə, sayğı ilə, ehtiramla anır.

O, Vətən torpaqlarının azadlığı uğrunda mübarizə illərində ağır cəbhələrdə vuruşdu, sürgünə göndərildi, həbsə atıldı, ölümünə fərman verildi, sui-qəsdlə, şərlə, iftira ilə qarşılaşdı...

Ancaq onun milli iradəsini heç nə sarsıda bilmədi. Hətta ağır mübarizələrdə, vuruşmalarda, döyüş meydanlarında, yağışda-qarda, çöllərdə, dağlarda daim ona "yol yoldaşlığı" edən mübtəla olduğu ağır xəstəlik də!

Yalnız ölkəsi, xalqı üçün böyük işlər naminə dözdüyü tarixi fədakarlıqlardan sonra, dahi Mustafa Kamal uzun sürən ağır xəstəliklə çarpışma yatağında - 1938-ci il noyabrın 10-da səhər saatlarında cismani həyata vida edərək əbədi istirahətgahına köçdü...

Ruhu şad olsun!

***

Dünyanın hər yerində azadlq, özgürlük, ədalət sevən insanlar onun xatirəsini daim hörmətlə yad edirlər.

İtaliya mətbuatı dünya savaş tarixinin ən böyük Sərkərdəsi olduğunu nəzərdə tutaraq, Atatürkün vəfatı xəbərini bu sözlərlə yaymışdı: “Sezar, İskəndər, Napoleon, ayağa qalxın, böyüyünüz gəlir!”

ABŞ ordusunun generalı Uesli Klark: “Mən bir hərbçi olaraq, Atatürkün böyük heyranıyam. O, inanılmaz bir lider idi... Atatürk fikir adamı, strategiya mütəxəssisi olmaqla yanaşı, güclü iradəyə sahib bir komandir idi. Çörçillin 1914-cü ildə başlatdığı işğal planını dayandıran nadir şəxs idi. Təsəvvür edin, bunu yalnız bir adam dayandırdı - Atatürk. O, əsgərlərinə döyüşməyi, ölməyi əmr etdi və özü də onlarla birlikdə cəbhədə qaldı. Bütün bunlar çox cəsarətli addımlar idi. Belə liderlər dünyaya bir-iki dəfə gəlir. Bəlkə də bir də Yer üzünə Atatürk kimi lider gəlməyəcək…”

Kuba xalqının lideri Fidel Kastro isə belə demişdir: “Atatürk ölümündən sonra ölkəsini yönətən tək kişidir!”

...57 illik ömrünə 11 savaş, 24 ordan-medal, 7 nişan, 13 kitab, bir ölkə, bir dövlət və milyonlarca azad insan sığdıran böyük sərkərdə, dahi M.K.Atatürk: “Məni görmək heç də mütləqa üzümü görmək demək deyildir. Mənim fikirlərimi, mənim duyğularımı anlayarsınızsa və hiss edərsinizsə - bu yetərlidir".

Akif Əli

Seçilən
40
1
modern.az

10Mənbələr