AZ

Dosentdən təklif: “Bayrağımız intellektual yüksəkliklərdə dalğalansın”

Bu gün Azərbaycan öz müstəqilliyinin, milli kimliyinin və qürurunun rəmzi olan Bayraq Gününü qeyd edir. Hər il 9 noyabrda ucalardan dalğalanan üçrəngli bayrağımız təkcə dövlət rəmzimiz deyil, həm də xalqımızın azadlıq iradəsinin, birliyinin və möhkəmliyinin təcəssümüdür.

Dosent İlham Əhmədov bu günlə bağlı Musavat.com-a fikirlərini bölüşüb: "Bayraq hər bir dövlətin mühüm atributudur. Bizim bayrağımız da bizə doğmadır. Bu Bayraq uğrunda minlərlə şəhid verdik. Zəfər Bayramı ilə Bayraq Bayramının ardıcıl olması təsadüf deyil. Şuşaya bayrağımızı Bayraq Bayramı ərəfəsində sancmağımızın da xüsusi mənası var idi. Nə yaxşı ki, Zəfərimiz Bayraq Bayramından az öncə baş tutdu. Bayrağımızın daim yüksəklikdə yellənməsi, uca olması hər birimizin ümdə arzusudur. Bu həm də, hər birimizin əsas vəzifəsidir, vətən qarşısında borcudur".

Dosent qeyd edir ki, biliklər cəmiyyətində Bayrağın uca olması yalnız coğrafi mənada yox, daha çox intellektual mənada dərk edilməlidir: "Bayraq dövlətin və xalqın simvoludur. Yüksək intellektli, keyfiyyətli insan kapitalı olan xalqın Bayrağı da intellektual mənada yüksəklərdə dalğalanar. Coğrafi mənada Bayraq yüksək relyefli nöqtədə, hündür dirəkdə yellənsə belə, onu kiçik bir ərazidə, çox az sayda öz insanlarımız görəcək. Amma intellektual mənada yüksəkdə dalğalanan bayrağı bütün dünya, milyonlarla insan görəcək. Bayrağın intellektual mənada yüksəklikdə dalğalanması üçün dövlətin elm, təhsil və texnologiyası yüksək səviyyədə inkişaf etməlidir. Bu halda onun adı və bayrağı bütün dünyada çox aydın görünəcək, suverenliyi, təhlükəsizliyi, ordusu, iqtisadiyyatı daha güclü olacaqdır.

Biz çox vaxt intellektual inkişafı unudub, resurslarımızı daha çox maddi istiqamətə yönəldirik. İntellektual inkişafa ayrılan maliyyəni də təyinatı üzrə düzgün xərcləyə bilmirik. Ölkədə son günlər baş verən hadisələr, uzun müddət ərzində davam edən, tərsinə qurulmuş belə elm-təhsil siyasətinin heç də təsadüfi olmadığını, məqsədli şəkildə ölkəni inkişafdan saxlanılması üçün edildiyini də aydın görürük. Sabah da bu kursu davam etdirmək istəyənlər tapılacaqdır. Bayrağımızı intellektual yüksəkliyə qaldırmaq əvəzinə, elm və təhsilə ayrılan məhdud büdcəni də davamlı olaraq tikinti-təmirə yönəldəcəklər. Bayraq meydanının tikilməsinə ayrılan 40-50 milyonu səmərəsiz israf edib, sonra onu söküb, bir başqa məkanda yenidən quraşdırmağa da bir o qədər maliyyə xərcləyirik. Bu maliyyəni elmə səmərəli şəkildə investisiya etsəydik, daha məqsədəuyğun olardı, Bayrağımız daha ucada -intellektual yüksəklikdə dalğalanardı. Çünki dövlətin Bayrağını ucaldan əsas amillərdən biri elmdir".

İlham Əhmədovun sözlərinə görə, müasir dövrdə elm və təhsilin inkişafı bütün dünyada olduğu kimi, ölkəmizdə də normal elm və təhsil siyasəti, keyfiyyətli kadr təminatı, peşəkar idarəetmə, təminatlı və səmərəli investisiya siyasəti tələb edir.
Bu ərəfədə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi, milli elmin, eləcə də universitetlərimizin qarşısında yeni, gələcəyə hədəflənən bir sıra çiddi vəzifələr qoydu. Bu vəzifələri gələcəkdə reallaşdırmaq üçün nəhayət ki, ETN elm və təhsildə düzgün inkişaf strategiyası yaratmalı, məhdud maliyyə imkanlarını daha səmərəli istifadə etməli, ölkənin məhdud resursları ilə Bayrağımızın intellektual yüksəkliyə ucalmasını təmin etməlidir. Əks halda, biliklər cəmiyyətində elm, təhsil, texnologiya və iqtisadi sahələrdə uğur qazanmaq, qeyri neft sektorunu inkişaf etdirmək çox çətin olacaqdır. Bayraq Bayramımız bir daha mübarək olsun".

Afaq Mirayiq,
Musavat.com

Seçilən
30
50
musavat.com

10Mənbələr