AZ

Ər-Riyadda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edilib

Qahirə, 9 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti, ölkəmizin Səudiyyə Ərəbistanındakı sabiq səfiri Şahin Abdullayev, səfirliyin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri, Səudiyyə Ərəbistanında təhsil alan azərbaycanlı tələbələr və digər şəxslər iştirak ediblər.

Mərasimin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səfirliyin binasında yerləşən Ulu Öndərin abidəsi önünə əklil qoyulub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, Azərbaycanın qüdrətini nümayiş etdirən bu qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və dönməz iradəsi sayəsində qazanılıb.

Sabiq səfir Şahin Abdullayev Zəfər Gününün təkcə hərbi qələbə deyil, həm də ədalətin bərpası və regionda sülhün əsasının qoyulması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra nüfuzu beynəlxalq aləmdə daha da artıb.

Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, şəhidlərin xatirəsinə həsr olunan fotostendlər təqdim olunub.

Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlılar Zəfər Günü barədə ürək sözlərini bölüşüb, Azərbaycanın qəhrəman övladlarının fədakarlıqlarını xatırlayıblar. Bundan başqa, tədbir iştirakçıları tərəfindən vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirilib.

 
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
45
azertag.az

1Mənbələr