AZ

Qaxın Əmbərçay kəndində QIŞ KABUSU Sakinlər istilik yoxdur deyə, kəndi tərk edir FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax rayonunun Əmbərçay kəndində minə yaxın sakin yaşayır. Ətrafı dağlarla əhatələnən bu kənd saf havası, əsrarəngiz təbiəti ilə seçilsə də, sakinlər illərdir mavi yanacaq çatışmazlığından əziyyət çəkirlər. Bu səbəbdən kənd tədricən boşalır.Qaxın qazlaşdırılmamış təxminən 35 kəndindən biri olan Əmbərçayda sakinlər bildirirlər ki, yaz-yay aylarını birtəhər yola versələr də, qış mövsümü başlayanda əsas qayğı odun tədarükü olur. Bu problemlə bağlı Bizim.Media-nın yerli bürosuna şikayətlənən Musayevlər ailəsi bildirir ki, odun ala bilmək üçün üç ay ərzində sənədləşmə işləri ilə məşğul olublar. Ailədə azyaşlı uşaqlar olduğu üçün evdə bir neçə yerdə odun sobası yandırmaq məcburiyyətindədirlər. Qış bu bölgədə bəzən 7-8 aya qədər davam edir.Sakin Səhərnaz Musayeva deyir ki, ailədə yeddi nəfərdirlər və  onların üçü azyaşlıdır:“Evdə üç yerdə odun peçi yandırırıq. Bir balon sıxılmış qazı 25 manata alırıq, o da bizə 10 gün belə çatmır. Ayda üç dəfə qaz balonu almağa məcburuq. Əmək pensiyasının yarısı bu xərclərə gedir. Bəs ailəni necə dolandıraq?” – deyə o narazılığını bildirir.Ailə başçısı Adil Musayev isə qeyd edir ki, bir maşın odun üçün bir neçə ay sənədləşmə ilə məşğul olub:“Qışın sərt vaxtı gələndə odun tapmaq daha da çətinləşir. Kənddə hər kəsin 400-500 manat oduna verməyə imkanı yoxdur.”Sakinlər deyirlər ki, dağlara gedib odun tədarük etmək mümkün deyil, odun almağa isə maddi imkan çatmır.Kənd sakini Elçin Abdurzayev  isə bir neçə ildir xəstə olduğunu və təqaüd almadığını bildirir:“Qarşıdan sərt qış gəlir. Həyətimdə ötən ildən qalan çırpı ilə birtəhər keçinirəm. Amma qarşıda bizi nə gözlədiyini bilmirəm”.Kənd sakinlərinin sözlərinə görə, kəndin sürətlə boşalmasının əsas səbəbi məhz istilik problemidir. Xüsusilə gənc ailələr daha yaxşı şəraitdə yaşamaq ümidi ilə iri şəhərlərə köçürlər.Abdurəhim Qadaşov deyir ki, vəziyyət getdikcə ağırlaşır:“Qış gəlib çatıb, imkanım yoxdur, pensiya almıram. İki maşın odun almaq üçün 1000 manat lazımdır. Bu da bizim üçün çox böyük məbləğdir. Kəndin əksər sakinləri payızda Bakıya gedir, yazda qayıdır. Sonra da deyirlər paytaxtda sıxlıq var. Əlbəttə, qaz olsa, kim gedər öz yurdundan?”Sakinlərin haqlı narazılığını “Azəriqaz” İstehsalat Birliyinə çatdırdıq və məsələ ilə bağlı münasibət öyrəndik.Qurumdan Bizim.Media-ya bildirilib ki, qazlaşdırma işləri mərhələli şəkildə və daxili imkanlar hesabına həyata keçirilir. Maliyyə vəsaiti ayrıldığı halda növbəti illərdə Əmbərçay kəndinin də qazlaşdırılması planlaşdırılır.Aparılan araşdırmalar göstərir ki, Şəki–Zaqatala iqtisadi rayonunda qazlaşdırılmamış yaşayış məntəqələrinin sayı hələ də yüksəkdir. Belə ki, Qəbələnin 27, Oğuzun 7, Şəkinin 22, Qaxın isə 35 kəndi hələ də mavi yanacaqla təmin olunmayıb. Zaqatala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda 62 yaşayış məntəqəsindən yalnız 32-si qazlaşdırılıb ki, bu da ümumi sayın cəmi 52 faizini təşkil edir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
bizim.media

3Mənbələr