AZ

Çoxu fikir vermədi, təkcə 4000-i paradda idi…

Azərbaycanın müdafiə xərclərinin ildən-ilə artırılmasından sonra bəzilərində belə bir fikir formalaşıb ki, Ermənistanla sülh müqaviləsi imzalamaq üzrəyiksə, bu qədər vəsait nəyə lazımdır?

Amma bir məsələni unuduruq ki, Azərbaycan ordusunun daha da gücləndirilməsi istiqamətində atılmış addımlar təkcə Ermənistana görə hesablanmayıb. Bütün bunlar Azərbaycana qarşı regionda marağı olan dövlətlərin gələcəkdə yarada biləcəyi təhdid və təhlükələrdən müdafiə etmək məqsədi daşıyır.

Bütün bunlar göstərir ki, Azərbaycan ona qarşı işğalı törətməyə heç bir dövlətin cəhd etməsinə imkan verməyəcək.

Buna görə də, birmənalı güclü ölkənin daha da güclü ordusu olmalıdır!

Ötən gün Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş möhtəşəm hərbi parad da bu gücü bir daha dosta da , düşmənə də nümayiş etdirdik. Ordunun gücləndirilməsi təkcə arsenalına daxil edilmiş yeni texnikalar, silahlar, raketlərdən ibarət deyildi.

Canlı qüvvənin də artırılmasında istiqamətində çox ciddi işlər aparılır.

Bəlkə də çoxları fikir vermədi, amma dünənki paradda yalnız meydanda 4000 yüksək təlimli XTQ mənsubu yer almışdı. Halbuki Vətən müharibəsi başlayanda Azərbaycan ordusunda 2000-ə yaxın xüsusi təyinatlı var idi.

Təkcə 4 mini meydanda idisə, indi siz ötən 5 il ərzində görülən işlərin miqyasını təsəvvür edin… Təkcə iki minədək olanı Vətən müharibəsində ən çətin bölgələrdə döyüş əməliyyatları apararaq Cəbrayıl, Hadrut, Şuşa və digər istiqamətlərdə rəşadət göstərib torpaqlarımızın azadlığının təmin edilməsində müstəsna rol oynamışdısa, indi siz bir neçə minlərin nələrə qadir olduğunu düşünün…

Və onu da nəzərə almaq lazımdır ki, Azərbaycan XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir. Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni reallığa uyğun formalaşdırılmaqda davam edir. İkinci Qarabağ müharibəsində özlərini ən yaxşı cəhətdən göstərən XTQ-nin təkmilləşdirilməsi, eyni zamanda, xüsusi təyinatlı yeni qüvvələrin yaradılması həm də o deməkdir ki, Azərbaycan regiondakı istənilən ssenariyə hazırdır. Həmişə olduğu kimi – hərb meydanında ləyaqət, şərəf və ədalət davranışı göstərmək şərti ilə.

Qeyd edək ki, XTQ 1999-cu ildə ümummilli lider Heydər Əliyevin fərmanı əsasında yaradılıb. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir, onların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişləri verib.

Seçilən
54
teleqraf.com

1Mənbələr