AZ

Hərbi parad Azərbaycanın gücünü və birliyini dünyaya nümayiş etdirdi - ŞƏRH

Bakı, 9 noyabr, AZƏRTAC

Azərbaycan Ordusunun Ermənistan üzərində qazandığı tarixi Qələbənin 5 illiyinə həsr olunmuş möhtəşəm hərbi parad təkcə bir hərbi tədbir deyil, həm də xalqımızın qürurunu, dövlətimizin gücünü və qardaşlıq birliyimizin simvolunu əks etdirən tarixi hadisə oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.

O bildirib ki, paradda edilən çıxışlarda, xüsusilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nitqində həm xalqa, həm də dünyaya mühüm mesajlar yer alıb. Dövlətimizin başçısı 1990-cı illərin əvvəllərində müstəqilliyimizin bərpasından sonrakı dövrdə Azərbaycanın keçdiyi çətin və şərəfli inkişaf yoluna toxundu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlətimizin möhkəmlənməsi, ordumuzun güclənməsi və xalqımızın birliyi bu gün əldə edilən nəticələrin əsasını təşkil edib.

Qələbənin əsasında dövlətin, ordunun və xalqın bir amalla – torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası məqsədilə birləşməsi dayanır.

Politoloqun sözlərinə görə, bu Zəfərdə qardaş ölkələr – Türkiyənin və Pakistanın mənəvi və siyasi dəstəyi xüsusi rol oynayıb. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə dövründə Azərbaycana göstərdiyi həmrəylik, eləcə də Pakistanın qardaşlıq münasibəti bir daha sübut etdi ki, bu dövlətlər Azərbaycanın ən yaxın müttəfiqləridir.

Bu münasibətlər təkcə dostluq və qardaşlıq əlaqələri deyil, eyni zamanda, regionda sabitlik və əməkdaşlığın əsas dayaqlarıdır",- deyə S.Hümbətov vurğulayıb.

O əlavə edib ki, hərbi paradda nümayiş olunan müasir silahlar, yeni qoşun növləri və ordunun yüksək hazırlığı Azərbaycanın müdafiə qüdrətinin hansı səviyyəyə çatdığını bir daha göstərib.

“Bu parad Azərbaycanın gücünü həm dostlara, həm də düşmənlərə göstərdi. Artıq Azərbaycan 1990-cı illərin zəif dövləti deyil, regionda və dünyada söz sahibi olan qüdrətli bir ölkədir.

Bu möhtəşəm tədbir həm dövlətimizin, həm ordumuzun, həm də xalqımızın birliyinin təntənəsidir.

Bu parad Azərbaycanın müasir tarixində qızıl hərflərlə yazılan bir səhifə kimi qalacaq”, - deyə o bildirib.

Seçilən
72
azertag.az

1Mənbələr