Otuz il... xalqın yaddaşında bir əsr qədər uzun çəkən, ədalətsizliyin, ikili standartların və sükutun otuz ili. Qarabağ torpaqları işğal altındaykən, dünya nizamı və beynəlxalq qurumların laqeyd baxışları hər azərbaycanlının qəlbində dərin bir yaraya çevrilmişdi. Sülh danışıqları sonsuz masa görüşlərinə, protokollar və bəyanatlara həbs olunmuşdu - lakin reallıq dəyişmirdi. Ermənistan öz işğal siyasətini davam etdirir, hətta yeni işğal planları haqda danışır, yeni mövqelər qazanmaq, “status-kvo”nun ömrünü uzatmaq üçün silahlanırdı.
Amma tarix 2020-ci ilin payızını göstərəndə vəziyyət dəyişdi - bu dəfə tarix özü danışmağa başladı. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı sadəcə bir siyasi bəyanat deyildi; o, milli iradənin, səbrin, ədalətə inamın və azadlıq eşqinin hərbi əmrinə çevrildi. Azərbaycan dövlətinin diplomatik səbrinin yerini artıq strateji əks-həmlə planları almışdı.
Vətən müharibəsi bu mənada təkcə silahların toqquşması deyildi. Bu, illərlə yığılıb qalan ədalət yükünün boşalması, millətin özünə dönüşü idi. Savaşın hər mərhələsi, hər günü isə təkcə hərbi uğur deyil, həm də milli düşüncənin, siyasi müdrikliyin, liderlik iradəsinin göstəricisi oldu.
44 günün hər bir saatı, dəqiqəsi 30 ilin hesabını çəkdi, hər qələbə addımı Azərbaycanın yeni siyasi reallığa doğru irəliləyişini simvolizə etdi. Bu müharibə - sadəcə torpaqların azadlığı yox, həm də xalqın tarixi yaddaşının bərpası idi. Beləliklə, 44 gün ərzində addım-addım qələbəyə doğru yol aldıq.
Qismən səfərbərlik elan edildi...
Təqvimdə tarix 27 sentyabr 2020-ci ili göstərirdi. Səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Alxanlı, Şükürbəyli və Horadiz şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutuldu. Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Təbii ki, cavab atəşi gəldi - Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası, o cümlədən 12 ədəd “OSA” zenit-raket kompleksi aşkar edilərək məhv edildi. Başladılan əks-həmlə əməliyyatları nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi, o cümlədən qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Gamışdağ və Ömər aşırımı) nəzarətə götürüldü. Uğurlu əməliyyat nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edildi.
Axşam saatlarında Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv etdi. Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi.
Bir gün sonra isə mühüm əhəmiyyətə malik Vardenis-Ağdərə M11 avtomobil yolu nəzarətə götürüldü. Bakı vaxtı ilə saat 11:00 radələrində Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi. Azərbaycan Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyi görüntülərini yayımladı. Saat 21 radələrində təmas xəttində baş tutan bombardman nəticəsində Ermənistan silahli qüvvələrinin baş qərargah kəşfiyyat müdirliyinin başçısı, general-mayor Arakel Martikyan, həmçinin Ermənistan ordusunun daha iki yüksəkrütbəli zabiti, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyan öldürüldü.
Sentyabrın 29-da isə Azərbaycan MN iki erməni tankının PUA-lar tərəfindən məhv edildiyi görüntülərini yayımladı. Atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edildi. İşğal altındakı Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi, polkovnik Karen Babayan məhv edildi. Ermənilərin Xocavənd rayonu istiqamətindəki “Uraqan” yaylım atəş sistemi sıradan çıxarıldı.
Həmçinin Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edildi. Həmin gün günorta radələrində ermənilər kütləvi şəkildə Xankəndi şəhərini tərk etməyə başladı - MN-in Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki (Suqovuşan) Ermənistan ordusunun alayı tamamilə demoralizə olundu. Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdıldı.
Sentyabrın 30-da cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilməsi barədə məlumat yayıldı. Eyni zamanda, bölmələrimizin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyini göstərən video yayımlandı. Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin 1 ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, 2 ədəd “9K33 Osa” zenit-raket kompleksi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edildi. Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirildi. Azərbaycan Ordusunun bölmələrinin axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edildi.
Suqovuşanın həm özü, həm də adı azad oldu...
Bəli, günlər biri-birini əvəz etdikcə qələbəyə daha da yaxınlaşırdıq. Artıq düşmən ordumuzun qətiyyətini, gücünü görür, məğlubiyyətin qaçılmaz olduğunu hiss edirdi. Oktyabrın 1-də Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv etdiyini göstərən video yayımladı. Oktyabrın 2-də isə Ağdərə istiqamətində Madagiz (Suqovuşan) ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Qısa müddətdə Ermənistan ordusunun 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edildi. Oktyabrın 3-də Müdafiə Nazirliyimiz gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısının alınması və ona sarsıdıcı zərbələr endirilməsini özündə əks etdirən videogörüntüləri yayımladı. Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqladı - Azərbaycan Prezidentinin müvafiq Qərarı ilə Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edildi. Azərbaycan Ordusu həmin gün ərzində həmçinin Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad etdi. Suqovuşan - Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edildi, 3 tankı isə qənimət götürüldü. Oktyabrın 4-də Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan tam azad etdiyini açıqladı. Həmin gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancıldığı xəbəri verildi. Prezident İlham Əliyev xalqa müraciətində Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
Oktyabrın 5-də Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan tam azad etdiyini açıqladı. Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarıldı, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edildi.
Cəbrayıl rayonund Azərbaycan bayrağı dalğalandı...
Oktyabrın 6-da düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda-müşahidə məntəqəsi sıradan çıxarıldı, artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu məhv edildi. Oktyabrın 7-də isə Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində tam üstünlüyü ələ keçirdi. Ordumuzun atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edildi. Oktyabrın 8-də Ermənistan ordusunun 8-ci əlahiddə motoatıcı briqadasının döyüş bayrağı ələ keçirildi. Oktyabrın 9-da Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdıldı. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edildi. Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımladı. Prezident İlham Əliyev xalqa müraciətində Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Oktyabrın 11-də Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edildi. Həmin gün Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Gəncə şəhərinə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyini bildirdi. Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan yenicə azad olunan Daşkəsən kəndinin videogörüntüsünü yayımladı. Oktyabrın 13-də döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edildi, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salındı, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarıldı. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edildi. Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndlərinin Azərbaycan qoşunları tərəfindən azad olunduğunu elan etdi.
Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıldı...
Oktyabrın 15-də Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” başlıqlı paylaşım etdi. Oktyabrın 16-da isə Silahlı Qüvvələrimiz Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etdi. Oktyabrın 17-də Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqladı. Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edildi. Oktyabrın 18-də isə Azərbaycan Ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünə Azərbaycan bayrağı sancdı.
Oktyabrın 19-da Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Oktyabrın 20-də isə cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edildi. Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərinin, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndlərinin, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndlərinin, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqladı.
Oktyabrın 21-də Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərinin, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Turabad və Baharlı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
Ard-arda qələbələr...
Artıq Ermənistanın illər ərzində yaratdığı mifləri və döyüş sədləri ard-arda dağıdılır, kəndlər, şəhərlər azad edilirdi. Ermənistan yolun sonuna gəldiyini anlayırdı - amma Azərbaycan dövləti qətiyyətli şəkildə öz bəyanatını vermişdi: bir qarış torpaq belə erməni işğalında qalmamalıdır. Qarşıdakı günlərdə əldə olunan nailiyyətlər isə qələbəni daha da yaxınlaşdırırdı. Oktyabrın 22-də Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Oktyabrın 23-də Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Oktyabrın 25-də Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndlərinin, həmçinin Qubadlı şəhərinin işğaldan tam azad edildiyini açıqladı. Oktyabrın 26-da isə Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusu tərəfindən Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər; Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhərinin azad olunduğunu bəyan etdi. Oktyabrın 28-də cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edildi. Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qilican kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Oktyabrın 29-da Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 2 “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildi.
Oktyabrın 30-da Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
“Əziz Şuşa, sən azadsan!”...
Noyabrın 1-də Zəngilan rayonunun sərhəd ərazisində Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 Qrad qurğusu məhv edildi. Noyabrın 2-də isə Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri, Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı, Qoşabulaq kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Noyabrın 4-də Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri, Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Noyabrın 7-də isə Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qacar, Divanlılar, Qorqan, Üçüncü Mahmudlu, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac, Xocavənd rayonunu Ataqut, Tsakuri, Xocalı rayonunun Moşxmaat, Qarabulaq, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilan rayonunun Beşdəli kəndi işğaldan azad edilib. Prezident İlham Əliyev öz “Twitter” səhifəsində bu xoş xəbəri paylaşdı.
Nəhayət, bəlkə də 44 günlük Vətən müharibəsinin ən çox gözlənilən anı gəlib çatdı - 8 noyabr... Həmin gün Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Şuşa şəhəri işğaldan azad olundu. Prezident İlham Əliyev bu münasibətlə xalqa müraciət etdi. Noyabrın 9-da isə Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilan rayonunun Keçikli, Ördəkli kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Bundan başqa, Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Xocavənd rayonunun Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Böyük Tağaverd, Zərdanaşen, Şexer, Xocalı rayonunun Şuşakənd, Muxtar, Daşaltı, Füzuli rayonunun Aşağı Güzdək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilan rayonunun Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərinin, Bartaz qəsəbəsinin, Bartaz strateji yüksəkliyinin (2300 metr), Sığırt yüksəkliyinin (1370 metr), Şükürataz yüksəkliyinin (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyin, Cəbrayıl rayonunun Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlı rayonunun Qaraimanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
Ermənistan kapitulyasiya imzaladı...
Artıq düşmən müqavimətin faydasız olduğunu görürdü. Silahı yerə qoyan Ermənistan kapitulyasiya imzalamaq üçün müraciət etdi. Noyabrın 10-da üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bəyanatda 10 noyabr 2020-ci ildə tam bir atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması elan edildi - Bu bəyanatın müddəalarına əsasən, Azərbaycan Ordusu bölgədə tam qalib elan olundu. Müqaviləyə görə noyabrın 2-də Ağdam rayonu, noyabrın 15-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıldı.
Beləliklə, Azərbaycanın şərəf tarixi - 44 günlük müharibə tarixi qızıl hərflərlə yazıldı. Müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak oldu. Onlardan 408 nəfəri zabit, 279 nəfəri gizir, 263 nəfər çavuş, 1962 nəfəri isə əsgər idi. 3 nəfər isə mülki qulluqçu idi. Həlak olanların 796 nəfəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), 1166 nəfəri isə çağırışçılar idi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi...
Pərviz SADAYOĞLU