AZ

Türkiyədə sosial media fenomeni dərin "qara dəliy"ə endi: "Sanki dünyadan bir yer deyildi"

Türkiyənin Konyaaltı bölgəsində yaşayan, ekstremal idman və dırmanma videoları ilə məşhur olan sosial media fenomeni Ozan Kuşçu təxminən 90 metr dərinliyi olan çuxura enib.
 
Bu barədə Moderator.az DHA-ya istinadən xəbər verir.
 
Məlumata görə, 25 yaşlı ekstremalın Burdurun Bucak rayonunda yerləşən çuxura enməsini yerli sakinlər məsləhət görməyiblər və oraya girərsə, çıxa bilməyəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Lakin buna baxmayaraq, Ozan Kuşçu təxminən 90 metr dərinliyindəki çuxura enmək üçün ağaclarda qurduğu sistemdən istifadə edib. Bəzi məqamlarda böyük narahatlıq keçirən Kuşçu hər anı kamera və dronla lentə alıb. O, çuxurun dibində heyvan cəsədləri görüb və yarım saatda endiyi dərinlikdən 1 saata çətinliklə çıxmağa nail olub.
 
"Bu, insanların "qara dəlik" adlandırdığı təbii bir formalaşmadır. Çuxurun yerləşdiyi kənddəki insanlar bura enişin mümkün olmadığını, ensəm çıxa bilməyəcəyimi dedilər. Daha əvvəl bunu heç kimin etmədiyi üçün çox gərginlik keçirirdim. Təhlükəsizlik üçün nəzərdə tutduğumuz ağaclar çox kiçik idi və biz də fərqli tədbirlər gördük. Yenə də təhlükə var idi, amma qorxumu dəf etdim və aşağı düşməyi bacardım", - deyə o bildirib.
 
O, çuxurun ətrafında təhlükəsizlik tədbirinin görülmədiyini qeyd edib.
 
"Orada çox sayda heyvan cəsədləri var idi. Ətrafı məftil hasarla əhatə olunub, amma insanlar girib-çıxdıqca məftil hasarları parçalayıb çuxura atıblar. İnanılmaz hiss idi. Yerin 90 metr dərinliyinə təkbaşıma endim. Heç belə bir halla qarşılaşmamışdım. Kəndir qırılarmı deyə narahat idim. Kəndlilərin bəhs etdiklərinə görə, bu çuxurla bağlı bir rəvayət var imiş. Dəvənin üstündə gedən bir gəlin bu çuxura düşüb və illər sonra cəsədi Antalyada tapılıb. Dedilər ki, burada su kanalları var, amma mən aşağıda bu kanalları görə bilmədim", - deyə Ozan Kuşçu əlavə edib.
 
O, çuxuru ilk gördüyü zaman başının fırlandığını da vurğulayıb.
 
"Yuxarıdan baxıldığı zaman dibi görünmürdü. Aşağıya endim, amma ən kiçik bir səhv belə məni çarəsiz vəziyyətdə qoya bilərdi. Sanki dünyadan bir yer deyildi. İnanılmaz dərəcədə səssiz bir yer idi", - deyə fenomen bildirib.
Seçilən
69
2
moderator.az

3Mənbələr