AZ

Azərbaycan Ordusunun müasir silah və texnikaları hərbi paradda nümayiş etdirilib

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin isə 120 nəfər şəxsi heyəti iştirak edib.

Həmçinin parada 50 Azərbaycan və 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya qurğusu, eləcə də 12 döyüş gəmisi və kater cəlb olunub.

“Poliqon”un məlumatına görə, paradda Azərbaycan Ordusunun ən müasir silah və texnikaları – zirehli vasitələr, uzaqmənzilli raket kompleksləri, hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikli pilotsuz uçuş aparatları geniş tərkibdə nümayiş etdirilib.

Zirehli texnikalar və xüsusi təyinatlı vasitələr

Hərbi paradda üzərində 12,7 mm-lik NSV pulemyotları, “Spike-ER” tank əleyhinə idarə olunan raketləri və 120 mm-lik “Spear” minaatanları quraşdırılmış “SandCat-Stormer” zirehli avtomobilləri yer alıb.

Ordunun silahlanmasına yeni qəbul edilmiş yerli müdafiə sənayesinin istehsalı olan “Vaşaq” xüsusi əməliyyat nəqliyyat vasitələri, “Cobra-II” zirehli tibbi təxliyə maşınları, “Land Rover-110” xüsusi təyinatlı patrul avtomobilləri, “Skif/Cobra” tankəleyhinə idarə olunan raket kompleksi, BTR-82A zirehli transportyorları, PDM-3 piyadaların döyüş maşınları, həmçinin T-72M1 və T-90S tankları paradda nümayiş etdirilib.

Hava hücumundan müdafiə sistemləri

Azərbaycan Ordusunun arsenalında olan bir sıra hava hücumundan müdafiə (HHM) sistemləri paradda qürurla təqdim olunub.

Keçiddə S-125 TM, BUK-MB, BUK-MB2K, “İldırım-8”, S-300 “Favorit” və TOR-2M zenit-raket kompleksləri nümayiş olunub.

Silahlanmaya yeni qəbul edilmiş yerli istehsal “Vikinq” çoxfunksiyalı mobil döyüş kompleksi, Çindən yeni alınmış uzaqmənzilli HQ-9 (EYC KÜ-9) zenit-raket kompleksi və təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit qurğuları da parad kolonasına daxil olub.

PUA və digər insansız vasitələr

Təqdim edilən insansız vasitələr arasında Marauder və Matador tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri üzərinə quraşdırılmış “Orbiter-1KM” zərbə PUA-sı, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat və taktiki PUA-ları, “Aerostar” taktiki-kəşfiyyat PUA-sı, “Orbiter-5” taktiki-kəşfiyyat PUA-ları “Bayraktar TB2” silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120” (HIRO) və “Sky Striker” sərbəst uçan döyüş sursatları, “Harop” zərbə tipli və “Hermes-450” taktiki-kəşfiyyat PUA-ları yer alıb.

Bundan başqa, silahlanmaya yeni daxil edilən “Kayra” kamikadze tipli suüstü döyüş vasitəsi nümayiş etdirilib.

Raket və artilleriya sistemləri

Raket-artilleriya bölməsi paradda xüsusilə geniş tərkibdə təqdim olunub.

Nümayişdə 120 mm “Vena”, 122 mm “Qvozdika”, 152 mm “Akasiya”, 152 mm “Msta-S”, 203 mm “Pion” özüyeriyən artilleriya qurğuları, TOS-1A “Odsaçan” yaylım atəşli reaktiv sistemi, “Xrizantema-S” tankəleyhinə özüyeriyən raket sistemi və “Dana” artilleriya sistemi yer alıb.

Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş 155 mm NORA və 155 mm DITA (Dligital Integrated Targeting Artillery) özüyeriyən artilleriya sistemləri, RM-70/85, “Qrad-LAR”, TRG-230A, TRG-300, “Smerç”, EKSTRA, “Polonez”, “Predator Hawk”, beşinci nəsil “IceBreaker” qanadlı raket kompleksi və LORA əməliyyat-taktiki raket kompleksi də təqdim olunub.

Bundan əlavə, PULS platformasında yerləşdirilmiş ACCULAR idarə olunan yaylım atəşli reaktiv sistemi və “SkyStriker” Blok-4 sərbəst uçan döyüş sursatları sistemi də maraqla qarşılanıb.

Aviasiya vasitələri

Aviasiya hissəsində Azərbaycan və Türkiyə pilotlarının birgə uçuşları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Mi-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan dövlət bayraqlarını daşıyıb, eləcə də Ümummilli Lider Heydər Əliyevin portreti nümayiş etdirilib.

Hərbi paradda Mi-17 döyüş-nəqliyyat helikopterləri, L-39 və MFİ-17 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat təyyarəsi, silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarəsi, JF-17 çoxməqsədli qırıcı təyyarəsi, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları və modernləşdirilmiş Su-25 “Laçın” hücum təyyarələri uçuşlar həyata keçirib.

Su-25 hücum təyyarələrinin Azərbaycan bayrağının rənglərini paytaxt səmasında canlandırması isə paradda xüsusi rəmzi an kimi yadda qalıb.

Dəniz qüvvələri, sahil mühafizəsi

Xəzər dənizində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidmətinin döyüş gəmiləri və katerləri paradda nümayiş etdirilib.

Bakıdakı Hərbi parad Azərbaycan Ordusunun müasir texnoloji inkişaf səviyyəsini, yerli müdafiə sənayesinin potensialını və dost ölkələrlə hərbi əməkdaşlığın gücünü nümayiş etdirdi.

Təqdim olunan texnika və sistemlər təkcə hərbi qüdrətin göstəricisi deyil, həm də Azərbaycanın yerli müdafiə sənayesinin yüksəlişini, insansız sistemlərdə liderliyini və regional müdafiə gücünü əks etdirir.

Seçilən
24
26
poliqon.az

10Mənbələr