AZ

Bakıda keçirilən hərbi parad dünyanın bir sıra ölkələrinin nüfuzlu media qurumlarında geniş işıqlandırılıb

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb. Pravda.az AZƏRTAC-a istinadən xəbər verir ki, yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib.

 

Hərbi parad Türkiyənin və Şimali Kiprin aparıcı media qurumları, o cümlədən Anadolu agentliyi, "TRT Avaz", "TRT Haber", "A Haber", "Haber Global", NTV televiziya kanalları, "Milliyet", "Hürriyet", "HaberTürk", "Akşam", "Sabah", "Yeni Şafak", "Türkiye Gazetesi", "Kıbrıs Gazetesi" qəzetləri və digər media qurumları tərəfindən xüsusilə geniş işıqlandırılıb. Hər iki qardaş ölkənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, qəzetləri və xəbər portalları milyonlarla tamaşaçının və oxuyucunun diqqətini həm prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın çıxışlarına, həm də paradda nümayiş etdirilən hərbi texnika və silahlara cəlb edib.

 

Xəbərlərdə Türkiyə və Azərbaycan liderlərinin Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin olunması, Bakı və Ankaranın sıx həmrəyliyi, eləcə də regional əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlarından sitatlar gətirilib. Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!" bəyanatının çox ciddi mesaj olması və "Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq" ifadəsi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bu Zəfər Qafqazda davamlı sülhə gedən yolun məhək daşıdır" sözləri Anadolu agentliyinin "Baş xəbər" rubrikasında oxucuların diqqətinə çatdırılıb.

 

Xüsusi diqqət Türkiyə Prezidentinin Azərbaycanın 44 günlük müharibədə tarixi Qələbəsindən sonra Asiya və Avropada geosiyasi balansın dəyişməsi barədə bəyanatına yönəlib. Materiallarda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çoxsaylı fotoşəkilləri təqdim olunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının bütün Türk dünyası üçün əhəmiyyəti xüsusi vurğulanıb.

 

Pakistanın aparıcı media qurumları, o cümlədən "ARN News Centre", "AAJ News (AAJ TV)" "The Express Tribune", "Brecorder", "Geo News", "24 News HD", "Minute Mirror", "Lead Pakistan", "Dawn" televiziya və nəşrlərinin yayımladığı xəbərlərdə hərbi paradın möhtəşəmliyi, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı, nümayiş olunan hərbi texnika və aviasiya qüvvələri barədə məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidentinin çıxışına yönəldilib, dövlətimizin başçısının Türkiyə və Pakistanın Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli dəstəyi barədə fikirləri geniş işıqlandırılıb. Həmçinin, Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mübarizəsi zamanı göstərdiyi möhkəm dəstəyə görə Pakistana təşəkkür etdiyi, rəsmi İslamabadın Cənubi Asiyada regional sabitliyin təmin edilməsindəki rolunu yüksək qiymətləndirdiyi vurğulanıb. Xəbərlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı xüsusi qeyd olunub, üç qardaş ölkənin ordularının sıx əməkdaşlığı diqqətə çatdırılıb. Pakistan mediasında paradın regional əməkdaşlıq və Cənubi Qafqazda sülh və sabitliyin güclənməsi baxımından əhəmiyyətini də ön plana çıxardığı qeyd olunub. "The Express Tribune" nəşri bu baxımdan Pakistan Baş nazirinin hərbi paraddakı çıxışında "Bu, dostluq və regional həmrəyliyin əyani göstəricisidir" ifadəsini xüsusi vurğulayıb.

 

Pakistan mediasında Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşü, eləcə də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü barədə də məlumat verilib.

 

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı media qurumları da, o cümlədən "ARN News Centre", "UAE BARQ", "Emarat Al Youm", "Al Bayan", "Sharjah24" və "20Four" portalları Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə Bakıda keçirilən hərbi paradın möhtəşəmliyi, nümayiş etdirilən hərbi texnika və Azərbaycan Ordusunun hərbi qüdrəti barədə ətraflı məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paraddakı çıxışlarında səsləndirdiyi fikirlərə yönəldilib. Materiallarda Azərbaycan və Türkiyə liderlərinin regional əməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması barədə bəyanatları da yer alıb.

 

Gürcüstanın nüfuzlu "1tv.ge", "24news.ge", "aktual.ge", "interpress.ge" portalları Azərbaycanda Vətən Müharibəsində Qələbənin 5-ci ildönümü ilə bağlı təşkil olunan Hərbi parad və bayramla bağlı xəbərlər yayıblar. Yayımlanan xəbərlərdə Azərbaycanda Zəfər Gününün təntənəli şəkildə qeyd olunması, Vətən Müharibəsində Qələbənin beşinci ildönümü ilə bağlı Bakıda keçirilən Hərbi parad və bu tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın Baş nazirinin, eləcə də digər rəsmi şəxslərin iştirak etmələrindən, Azərbaycan və Türkiyə prezidentlərinin çıxışından materiallar yayıblar.

 

Rusiyanın bir sıra nəşrləri də hərbi parad barədə məqalələr yayımlayıb. Bu ölkənin "Gazeta.ru" nəşri paradın miqyasına diqqət çəkərək 5 mindən çox hərbçinin iştirak etdiyini və 150-dən artıq hərbi texnikanın nümayiş etdirildiyini, eləcə də Xəzər dənizində hərbi gəmilərin düzüldüyünü qeyd edib. "News.ru" Prezident İlham Əliyevin çıxışındakı simvolik ifadəni ön plana çəkib: "Onlar Bakıda çay içmək istəyirdilər, indi Azərbaycan çayını istintaq təcridxanasında içirlər". "Vestikavkaza.ru" isə tədbirdə mötəbər qonaqların - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Həmdan bin Məhəmmədin iştirak etdiklərini vurğulayıb.

 

İspaniyanın EFE agentliyi də hərbi parada xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb. Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın Qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin "Swissinfo.ch" nəşri tərəfindən də EFE-yə istinad olunaraq yayımlanıb.

 

Rumıniyanın "Ultima-ora" nəşri Prezident İlham Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

 

Moldovanın nüfuzlu "Moldova Today" nəşri Bakıda keçirilən hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərinin çıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyin güclənməsinə xüsusi diqqət ayırıb. "Bu parad təkcə silahların nümayişi deyil, regionda yeni geosiyasi reallığın başlanğıcıdır", - deyə nəşrdə xüsusi vurğulanıb.

 

Bolqarıstanın "24 Chasa" nəşri paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfərinin Türk dünyası üçün qürur mənbəyi olması, Qarabağın azad edilməsinin bütün Türk dünyası üçün əhəmiyyəti barədə fikirləri qeyd edilib. Bundan başqa, Türkiyənin Azərbaycana və Azərbaycan Ordusuna fəal dəstəyi, Qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyinin rolu vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə inkişaf, sülh və əmin-amanlığın bərqərar olduğu qeyd edilib.

 

Misirin aparıcı media qurumları, o cümlədən "Al Shorouk", "Al Ahram" və "Cairo24" nəşrləri də Bakıda keçirilən hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə paradda iştirak edən ali qonaqlar, nümayiş olunan hərbi texnika, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı barədə ətraflı məlumat verilib. Misir mediası Azərbaycan və Türkiyə liderlərinin çıxışlarına, tədbirin Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın əhəmiyyətinə diqqətin cəlb edilməsi baxımından önəmi vurğulanıb.

 

Hərbi parad barədə nüfuzlu "Forbes" jurnalı, Səudiyyə Ərəbistanının ingilisdilli "Arab News" və digər media qurumları da xəbərlər yayımlayıb. "Forbes" jurnalında dərc olunan geniş reportajda hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qüyd olunub.

Tarix: 9 Noyabr 2025, 01:26   
Seçilən
3
6
pravda.az

7Mənbələr