ain.az, Moderator.az portalına istinadən məlumat yayır.
8 Noyabr – Zəfər Günü münasibətilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli və partiya üzvləri II Fəxri Xiyabanda şəhidlərimizin məzarını ziyarət etdilər.
Ziyarət zamanı əvvəlcə Vətən müharibəsi qəhrəmanı, general Polad Həşimovun məzarı önünə gül dəstələri düzüldü, onun əziz xatirəsi ehtiramla yad olundu, Generalın qəhrəmanlığı, Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq xüsusi minnətdarlıq hissi ilə xatırlandı.
Partiya sədri və nümayəndələr Polad Həşimovun anası Səmayə xanımı Zəfər günü münasibətilə təbrik edərək, oğul itkisinə baxmayaraq, onun dəyanət nümunəsi göstərdiyini bildirdilər. Onun bu duruşunun bütün Azərbaycan anaları üçün örnək olduğunu vurğuladılar və Səmayə ananın simasında bütün şəhid analarına dərin hörmət və minnətdarlıq duyğularını dilə gətirdilər.
Daha sonra II Fəxri Xiyabanda dəfn olunan şəhidlərin məzarları üzərinə tər güllər düzüldü, ruhuna dualar oxundu. Onların Azərbaycan torpaqlarının azadlığı və dövlətimizin suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıldı.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli məzarları tək-tək ziyarət edərək, şəhidlərin valideynlərinə, doğmalarına başsağlığı verdi. O bildirdi ki, Azərbaycanın bu günkü qələbəsi şəhidlərimizin qanı və xalqın birliyi sayəsində mümkün oldu: “Azərbaycanın Zəfər tarixinin əsas müəllifləri şəhidlərimizdir. Onların qəhrəmanlığı, analarının fədakarlığı və xalqımızın birliyi bu qələbənin təməlini qoydu. Biz indi Zəfər Gününü böyük qürur və minnətdarlıq hissi ilə qeyd edirik.” - Sonra Mütəllim Rəhimli Şəhid ailələrini, qaziləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək, şəhidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını, onların adlarının daim ehtiramla anılacağını vurğuladı: “Biz bu torpaqlarda azad və müstəqil yaşaya biliriksə, bu, şəhidlərimizin bizə əmanət etdiyi müqəddəs dəyərdir. Onların ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı və uzun ömür arzulayırıq.”
Ədalət Partiyası Mətbuat Xidmətinin məlumatı




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.