AZ

Türk Dövlətləri Təşkilatı dünyanın aparıcı birliyinə çevrilir

Sabah başa çatacaq həftəni Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təntənəsi kimi, səciyyələndirsək, yanılmarıq.

Bunu TDT-də Mərkəzi Asiyanı təmsil edən Qazaxıstanın, Qırqızıstanın, Özbəkistanın və Türkmənistan liderlərinin Vaşinqtona dəvət olunması, eləcə də Azərbaycanın paytaxtı Bakıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş hərbi paradın keçirilməsi sübut edir.

İndi cərəyan edən siyasi proseslər Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində TDT-nin perspektivləri barədə fikrinin uzaqgörənliyindən də xəbər verir.

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir.Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, – deyə İlham Əliyev ötən il diqqətə çatdırmışdı.

Vaxtilə məşhur amerikalı politoloq Zbiqnev Bjezinski bildirmişdi ki, rus şovinistlərinin SSRİ-nin bərpası ilə bağlı xülyası Ukrayna, Azərbaycan və Qazaxıstan dövlətləri olmadan qeyri-mümkündür.

Dünən ABŞ prezidenti Donald Trampın Ağ Evdə Mərkəzi Asiya liderlərini qəbul etməsi, onların hər biri ilə ayrı-ayrılıqda danışıqlar aparması göstərir ki, bu regiounun Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşdırılması prosesinə start verilib.

Danışıqlar nəticəsində məlum oldu ki, ABŞ və TDT ölkələri arasında əldə olunmuş çox böyük iqtisadi razılaşmalar volfram yataqlarından tutmuş enerji mənbəyi olan nadir torpaq elementlərinə, həmçinin energetika, aviasiya və kənd təsərrüfatı sahələrinə qədər məsələləri əhatə edir.

Ümumilikdə Qazaxıstan dünyanın ən qüdrətli dövləti olan ABŞ ilə 17 milyard dollardan artıq kommersiya sazişi bağladı, “İbrahim Sazişi”nə qoşulacağına söz verdi. Tramp həmçinin bəyan etdi ki, Özbəkistan 13 il ərzində Amerika iqtisadiyyarının əsas sektorlarına 135 milyard dollardan çox sərmayə qoyacaq. Bundan başqa, Özbəkistan və ABŞ arasında nadir torpaq elementlərinin istehsalı üzrə əməkdaşlıq sazişi imzalandı və iki ölkə “Özbəkistan Hava Yolları”na “Boeing” təyyarələrinin tədarükü barədə razılığa gəldi.

Bu proseslər onu göstərir ki, Rusiyanın Ukrayna müharibəsinə başı qarışdığı dövrdə Tramp administrasiyası mühüm strateji addımlar atır. Öncə Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində Azərbaycanla Ermənistan arasında sülh memorandumu imzalanır, sonra isə Mərkəzi Asiya kimi böyük iqtisadi potensialı olan region ABŞ-nin təsir dairəsinə keçir. Ekspertlər bu addımları Amerikanın tarixi imkanı kimi dəyərləndirirlər.

Vaşinqtonda cərəyan edən mühüm hadisədən bir gün sonra Bakıdakı hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının birgə iştirakı TDT-nin getdikcə daha da gücləndiyini nümayiş etdirdi.

Tramp administrasiyasının addımları həm də onu göstərir ki, TDT dünyanın aparıcı birliyinə çevrilməkdədir.

Xatirə SADİQ

Seçilən
79
nocomment.az

1Mənbələr