AZ

Akademik İsa Həbibbəyli: AMEA-da Azərbaycanın dövlətçilik tarixinə dair multidisiplinar tədqiqatlara başlanılıb

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan Prezidentinin çağırışı Azərbaycan tarixinə yenidən qayıtmağımıza və dərindən tədqiq etməyimizə əsas və stimul verir.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaqda söyləyib.

Dövlətimizin başçısının çıxışında “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq”, - bildirdiyini deyən akademik İsa Həbibbəyli, həmçinin Azərbaycanın dövlətçilik tarixinin araşdırılaraq cəmiyyətdə, gənclər arasında təbliğinin qarşımıza vəzifə kimi qoyulduğunu vurğulayıb.

Hazırda AMEA-nın Tarix və Etnologiya İnstitutunda 15 cildlik “Azərbaycan tarixi”nin müstəqilliyin çağırışları işığında müəyyən edilmiş “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” əsasında professor Kərim Şükürovun rəhbərliyi ilə yenidən yazıldığını deyən akademik İsa Həbibbəyli artıq çoxcildliyin 1-ci nəşrinin bitmək üzrə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası AMEA-nın Rəyasət Heyətində ötən il tarixçi alimlərlə birgə müzakirə olunaraq müəyyənləşdirilib.

Tarix və Etnologiya İnstitutunda müasir dövrün reallıqlarından irəli gələrək Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin yaradıldığını vurğulayan AMEA rəhbəri ermənilərin tariximizi saxtalaşdırma siyasətinə qarşı ikicildlik nəşrin hazırlandığını, 2026-cı ildə bu nəşrin dördcildliyə qədər artırılaraq çapının nəzərdə tutulduğunu bildirib.

Prezident İlham Əliyevin Ermənistan ərazisindəki Azərbaycan mənşəli toponimlərin saxtalaşdırılması ilə bağlı tapşırığına diqqət çəkən akademik İsa Həbibbəyli Göyçə gölü adının hələ “Kitabi-Dədə Qorqud” dastanında əksini tapdığını, lakin XX əsrdə ermənilər tərəfindən saxtalaşdırıldığını bildirib. Qeyd edib ki, sovet ideologiyası əsasında yazılmış tariximizi bu gün müstəqilliyin çağırışları işığında yenidən yazırıq.

Dövlətimizin başçısının tapşırıqlarından irəli gələrək Qərbi Azərbaycanla bağlı Akademiyada ciddi tədqiqatlar aparıldığını deyən akademik İsa Həbibbəyli Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbələrinin yaradıldığını, bir sıra sanballı tədqiqat əsərlərinin ortaya qoyulduğunu, hazırda Tarix və Etnologiya İnstitutu tərəfindən Qərbi Azərbaycan Ensiklopediyasının hazırlandığını bildirib.

Akademik İsa Həbibbəyli bu gün Azərbaycan tarixçilərinin qarşısında şərəfli bir vəzifənin dayandığını söyləyərək cəmiyyətdə, gənc nəsil, eləcə də dünyada yaşayan soydaşlarımız arasında Azərbaycanın tarixi həqiqətləri ilə bağlı media, sosial şəbəkələr, konfranslar vasitəsilə maarifləndirmə işlərinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan tarixi ilə bağlı tədqiqatlar və maarifləndirmə işləri aparılarkən bu gün dövlətimiz üçün aktual məsələlərdən olan süni intellekt və rəqəmsal texnologiyalardan da istifadə etməliyik.

AMEA prezidenti Akademiyanın İctimai Elmlər Bölməsinin tərkibində olan institutların alimləri ilə birgə geniş müzakirələr aparılacağını, Azərbaycan tarixi və Azərbaycanın dövlətçilik tarixinə dair müstəqilliyin açdığı yeni ideyalar əsasında multidisiplinar tədqiqatlara başlanıldığını deyib.

Seçilən
14
3
azertag.az

4Mənbələr