AZ

Azərbaycan dili milli varlığımızın mənəvi Vətənidir

AMEA-da ana dilimizin qorunması və zənginləşdirilməsi mövzusunda müzakirə

AMEA Rəyasət Heyəti və Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, Akademiya hazırda öz tarixinin ən şərəfli mərhələlərindən birini yaşayır.

Prezident İlham Əliyevin noyabrın 3-də AMEA-nın 80 illik yubiley mərasimində iştirakı və söylədiyi tarixi əhəmiyyətə malik nitq Azərbaycan elminin və ziyalılığının inkişafına, elmi ictimaiyyətin gələcək strateji istiqamətlərinə yeni nəfəs verib. Vurğulayıb ki, ölkə Prezidentinin səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr AMEA-nın gələcək fəaliyyətinin yol xəritəsini müəyyənləşdirir, eyni zamanda Akademiyanın inkişaf proqramının ana xəttini təşkil edir.

Akademik İsa Həbibbəyli həmçinin dövlət başçısının 5 noyabr 2025-ci il tarixli “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncamının 80 illik şərəfli inkişaf yolu keçmiş Akademiyanın, onun görkəmli alimlərinin ölkə elmi və dövlətçiliyin möhkəmlənməsinə verdiyi töhfələrə, xüsusən də AMEA-nın kollektivinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib.

AMEA rəhbəri ölkə elminin milli maraqlar, dövlətçilik mənafeyi və dünyanın qlobal çağırışları əsasında inkişaf etdirilməsinin zəruriliyini önə çəkib. Bildirib ki, bütün bu istiqamətlər dövlət başçısının AMEA-nın 80 illik yubiley mərasimindəki nitqində əyani şəkildə, konkret faktlarla öz əksini tapıb.

Ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, bu istiqamətdə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər sənədlər ölkədə rəqəmsallaşma prosesinin sistemli şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. O, dövlətin bu strateji addımlarına uyğun olaraq AMEA-da da elektron idarəetməyə keçid və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Rəyasət Heyəti aparatının “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsinin fəaliyyəti haqqında məlumat verib.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının yubiley tədbirindəki nitqini Azərbaycan elminin inkişafında, onun qarşısında duran ən vacib məsələlərin həllində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Prezidentin çıxışında Akademiyanın tarixi inkişaf yolu dərindən təhlil olunmuş, müasir şəraitin mahiyyəti diqqətə çatdırılmış və yeni dövrdə elmin qarşısında duran əsas vəzifələr konkret şəkildə müəyyənləşdirilmişdir.

AMEA rəhbəri dövlət başçısının qarşıya qoyduğu, müasir dövrün qlobal çağırışları ilə səsləşən vəzifələrin, yeni hədəflərin reallaşdırılması üçün Azərbaycanın alim və ziyalılarının birgə fəaliyyətinin vacibliyini önə çəkib. AMEA qarşıya qoyulan məqsədlərə real elmi nəticələrlə cavab verməli, elmin bütün sahələrində rəqəmsal transformasiya və süni intellektin əsaslı inkişafı təmin etməlidir.

Akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı Akademiyanın və onun müvafiq institutlarının qarşısında duran əsas vəzifələrə də toxunub. Bildirib ki, dövlət başçısı çıxışında Azərbaycanın dövlətçilik tarixi ilə bağlı sanballı elmi əsərlərin hazırlanmasının vacibliyini xüsusi vurğulayıb. Ölkə Prezidentinin sözlərinə görə, bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərin yazılmasına böyük ehtiyac vardır. Alim dövlət başçısının bu çağırışından irəli gələrək AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan institutların alimləri ilə birgə geniş müzakirələrin aparılacağını, Azərbaycan dövlətinin tarixi haqqında elmi əsaslara söykənən, dərin məzmunlu tədqiqatların aparılmasına dair koordinasiyalı elmi fəaliyyətin təşkil ediləcəyini söyləyib.

AMEA rəhbəri dövlət başçısının Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibətini bildirib. Vurğulayıb ki, Azərbaycan dilinin inkişafı və saflığının qorunması kompleks və sistemli elmi yanaşma tələb edir. Bu istiqamətdə AMEA-nın bütün institutları öz elmi profillərinə uyğun şəkildə fəaliyyət göstərməli, dilin milli kimliyin əsas dayağı kimi qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməlidirlər.

Vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər” - mesajı həm də milli özünüdərk və məsuliyyət çağırışıdır.

Dövlət başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi Azərbaycan dilinin daha çox məişət səviyyəsində istifadə olunması və xarici sözlərin artan təsiri kimi narahatedici tendensiyalara diqqət çəkən AMEA prezidenti bildirib ki, ölkə başçısının bu mühüm problemi məhz AMEA tribunasından, yəni ölkənin ali elmi ocağından səsləndirməsi, ana dilimiz və milli kimliyimizlə bağlı məsələnin strateji əhəmiyyətini bir daha göstərir. Alimlər dil məsələsində aydın və prinsipial mövqe nümayiş etdirməli, Azərbaycan dilinin saflığının qorunması üçün müasir yanaşmalar və praktiki təkliflər irəli sürməlidirlər.

O, həmçinin Prezident İlham Əliyevin Azərbaycan elminin qarşısına qoyduğu mühüm vəzifələrin, səsləndirdiyi təkliflərin mərhələli şəkildə müzakirə ediləcəyini və AMEA Rəyasət Heyətində qəbul ediləcək tədbirlər planına daxil olunacağını nəzərə çatdırıb.

Akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyəti, o cümlədən AMEA-nın kollektivi adından Prezident İlham Əliyevə elmə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də dərin məzmunlu, proqram xarakterli nitqinə görə dərin minnətdarlığını bildirib.

Sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun yaradılması prosesinə başlanıldığını söyləyib. Vurğulayıb ki, bu, həm dilçilik elminin, həm də tətbiqi tədqiqatların inkişafı baxımından strateji əhəmiyyət daşıyan mürəkkəb bir mərhələdir.

Professor Nadir Məmmədli qeyd edib ki, dövlət başçısının Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq internet mühitdə digər dillərin Azərbaycan dilini sıxışdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir. O, dilimizə daxil olan alınma sözlərin ayrıca lüğətinin hazırlanmasının da gündəmdə olduğunu qeyd edib.

Tədbirdə AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu, ADPU-nun elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov, Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Dilçilik İnstitutunun monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva, həmin institutun terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini Xəzər Zeynalov və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edərək Prezidenti İlham Əliyevin Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərin, çağdaş qlobal inkişaf tendensiyalarından irəli gələn vəzifələrin elmimizin inkişafında mühüm rol oynayacağını bildirib, bu istiqamətdə təkliflərini səsləndiriblər.

Sonda AMEA kollektivinin Azərbaycan Prezidentinə ünvanlanmış müraciəti səsləndirilib.

XQ

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr