AZ

Moskvada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTOLAR

8 Noyabr Zəfər Gününün beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində rəsmi qəbul keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, tədbirdə Rusiyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, hərbi attaşelər, Rusiya və Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, Moskvadakı Azərbaycan icmasının tanınmış nümayəndələri və Rusiya universitetlərində təhsil alan Azərbaycan tələbələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Təhməzov Azərbaycan xalqının 30 ildən çoxdur ki, itirilmiş torpaqlarının ağrısı ilə yaşadığını, lakin bu illər ərzində səbirlə güclü bir dövlət və güclü bir ordu qurduğunu vurğulayıb. O, 44 günlük Vətən Müharibəsi zamanı adları cəsarət simvoluna çevrilən minlərlə qəhrəmandan bir neçəsini xatırladıb.

R. Mustafayev son beş ildə 12 milyard dollardan çox vəsaitin ayrıldığı və 2026-2029-cu illər üçün əlavə 8 milyard dolların planlaşdırıldığı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa işlərindən danışıb. O, azad edilmiş ərazilərdə aktiv mina təmizləmə işlərinin aparıldığını, Qarabağın və qonşu rayonların mina ilə çirklənmiş ərazilərinin təxminən 20%-nin artıq təmizləndiyini bildirib.

Səfir qeyd edib ki, məcburi köçkünlərin Qarabağın dirçəldilmiş rayonlarına qaytarılması prosesi davam edir, orada daimi və müvəqqəti yaşayan əhalinin sayı təxminən 60 minə çatır.

R.Mustafayev konkret nümunələrlə uzun müddətdir davam edən münaqişənin sona çatmasının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına güclü təkan verdiyini göstərib.

Azərbaycan-Rusiya münasibətlərindən danışan diplomat münaqişənin sona çatmasının Bakı ilə Moskva arasında münasibətlərin yeni, daha yüksək səviyyəyə çatmasına imkan verdiyini vurğulayıb: "Rusiyanın hərbi əməliyyatların dayandırılmasındakı mühüm rolu və müharibədən sonrakı nizamlanma və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasındakı fəal, konstruktiv mövqeyi müttəfiqlik münasibətlərinin formalaşmasına və 2022-ci ilin fevral ayında müvafiq Bəyannamənin imzalanmasına səbəb olub".

Səfir əlavə edib ki, Azərbaycan və Rusiya strateji tərəfdaş olaraq qalır və bu münasibətlər Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm amildir.

Daha sonra tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən tikinti, bərpa və reinteqrasiya layihələrinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsindən sonra Rusiyanın Əməkdar Artisti, Baş Dirijor və Solist, professor V.İ.Voronanın bədii rəhbərliyi altında Moskva Gənclər Kamera Orkestri tərəfindən bəstəkarlar Qara Qarayev, A.Vivaldi, E.Qriq, J.Vilyams, J.Sibelius, M.İppolitov-İvanov və E.Artemyevin klassik əsərləri ifa edilib.

Gənc rusiyalı sənətçiləri və Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) tələbələri Darya Kovalenko, Nina Bataşova və Yelizaveta Sokolova "Koroğlu" operasından və Üzeyir Hacıbəylinin "Arşın Mal Alan" operettasından ariyalar ifa ediblər.

Tədbir zamanı qonaqlar 44 günlük Vətən Müharibəsini əks etdirən fotostendlərlə tanış olublar.

"Cebheinfo.az" 

Seçilən
14
4
cebheinfo.az

5Mənbələr