AZ

Azərbaycanı ucaldan, xalqımızı məğrur edən, gələcəyimizə işıq salan Zəfər » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin başa çatmasından 5 il ötür. 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 10-da Ermənistanın kapitulyasiya etməsi ilə başa çatan bu savaş Azərbaycan xalqının əyilməz ruhunu, dövlətimizin gücünü dünyaya nümayiş etdirdi. Bu savaşda qazanılan şanlı Zəfər möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü qətiyyətli siyasətin ən möhtəşəm təntənəsinə çevrildi.
Azərbaycan xalqı hər zaman böyük əminliklə inandı ki, torpaqlarımız işğaldan mütləq azad ediləcək. Bu inamın və əminliyin əsasında dayanan siyasi-mənəvi amil Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən siyasət idi. Cənab İlham Əliyev respublikamıza rəhbərlik etdiyi ilk gündən torpaqlarımızın işğaldan azad olunması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirdi. Silahlı Qüvvələrimizin döyüş imkanları, ordumuzun şəxsi heyətinin peşəkarlığı artırıldı, yeni hərbi birliklər yaradıldı.
Torpaqlarımızın işğaldan azad olunmasına hesablanan fəaliyyət yalnız ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi ilə yekunlaşmadı, eyni zamanda siyasi sferada mühüm addımlar atıldı, respublikamızın beynəlxalq birlikdəki mövqeləri daha da möhkəmləndirildi. Hücum diplomatiyası yürüdülərək, Ermənistanın işğalçı siyasəti bütün siyasi platformalarda ifşa edildi. Eyni zamanda iqtisadi yüksəlişə nail olunması Azərbaycanın dünyada nüfuzunu artırdı, beynəlxalq miqyasda uğurlarımıza yol açdı və Ermənistanın siyasi-diplomatik küncə sıxışdırılmasını şərtləndirdi.
Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan öz ərazilərinin müharibə yolu ilə işğaldan azad edəcək. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ savaşı Prezident İlham Əliyevin bu sözlərinin təsdiqi oldu. Silahlı Qüvvələrimizin «Dəmir yumruq» adını alan əks hücum əməliyyatı müharibənin ilk saatlarından torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Bir-birinin ardınca kəndlərimizin, rayonlarımızın, və şəhərlərimizin azad olunması dövlətimizin gücünü, ordumuzun yüksək döyüş qabiliyyətini, xalqımızın milli birliyini dünyaya nümayiş etdirdi.
Bu müharibədə Azərbaycan xalqı və dünya bir daha Prezident İlham Əliyevin dəmir iradəsini, yenilməz qətiyyətini, vətənpərvərliyini gördü. Dövlətimizin başçısı yüksək diplomatiyası ilə ölkəmizə qarşı olan bütün xarici siyasi təzyiqləri iflasa uğratdı. Eyni zamanda, Prezident İlham Əliyevin müharibə günlərində xalqa etdiyi müraciətlər, xarici KİV-ə verdiyi müsahibələr Azərbaycanı informasiya savaşının qalibinə çevirdi.
Qeyd etdiyim kimi “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən qələbə xəbərlər gəldi. Prezident İlham Əliyevin böyük sevinclə xalqımıza çatdırdığı zəfər müjdələri, Cəbrayılın, Suqovuşanın, Hadrutun, Zəngilanın, Qubadlının, o cümlədən Şuşa, Xocalı, Laçın və Ağdərə rayonlarının bir sıra kəndlərinin işğaldan azad olunması göstərirdi ki, tam qələbə günü uzaqda deyil. Zəfər müjdələri həm də müharibə günlərində xalqımızın və ordumuzun mübarizliyini daha da gücləndirən, cəmiyyətimizin ovqatını məhz qalibiyyət ruhunda kökləyən mühüm siyasi-mənəvi faktorlar kimi özünü göstərdi.
Cənab Prezident İlham Əliyev Vətən müharibəsi günlərində xalqımıza növbəti və həm də səbirsizliklə gözlənilən xoş müjdəni noyabr ayının 8-də çatdırdı. Həmin gün Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyini müəyyən edən mühüm hərbi hadisə oldu və məhz bundan sonra Ermənistanın kapitulyasiya etməkdən başqa yolu qalmadı. 8 noyabr tarixi isə təqvimə Zəfər Günü kimi yazıldı.
44 gün davam edən bu savaşda Azərbaycan Ermənistana tarixi boyu unutmayacağı layiqli cəzanı verdi. Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz işğalçı dövləti döyüş meydanında məğlub edərək xalqımıza Zəfər sevincini yaşatdı. 2020-ci il noyabr ayının 10-da Azərbaycanın şərtləri əsasında imzalanan Üçtərəfli bəyanat isə respublikamızın siyasi-hərbi qələbəsi oldu. Üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da işğaldan azad edildi.
Torpaqlarımızın işğaldan azad olunmasının əsasında möhtərəm Prezident İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasi kursu dayandı. «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu mən bilirəm» - deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində sərkərdə qətiyyəti ilə tarixi ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanı ərazi bütölüyünün fonunda həm də beynəxalq hüququn müddəalarının icrasının təntənəsi kimi tarixə həkk olundu.
Müharibədən ötən 5 ilin mənzərəsi də Prezident İlham Əliyevin milli maraqları rəhbər tutan qətiyyətli siyasi kursundan, dövlətimizin qüdrətindən xəbər verir. Bunun ən böyük nümunəsi 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Qarabağda erməni separatizminə son qoyulmasıdır. Artıq Qarabağda Azərbaycanın konstitusiuon əsasları və milli ərazi suverenliyi tam təmin olunub.
Ötən 5 ildə Azərbaycanın nail olduğu əsas siyasi-diplomatik uğur isə ərazilərimizin işğaldan azad olunması və Qarabağda erməni separatizminə son qoyulması nəticəsində yaranan reallıqların beynəlxalq birlik tərəfindən qəbul edilməsidir. Dünya erməniliyinin siyasi mərkəzləri kimi tanınan dövlətlər belə Azərbaycanın yaratdığı yeni reallıqları artıq qəbul edirlər. Çünki başqa yolları da yoxdur.
5 ildə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm bərpa və quruculuq işləri isə Azərbaycanın qüdrətinin növbəti təcəssümüdür. Hazırda Azərbaycan Lüksemburq dövlətinin ərazisindən 4 dəfə böyük olan Qarabağ və Şərqi Zəngəzuru tamamilə yenidən qurur. Ən əsası odur ki, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa və yenidənqurma işləri yalnız Azərbaycan dövlətinin öz maliyyə imkanları hesabına həyata keçirilir.
Xalqımız hər il 8 noyabr Zəfər gününü böyük qürurla qarşılayır, şəhidlərimizi ehtiramla yad edir. Vətən müharibəsində qazanılan zəfər Azərbaycanın yalnız hərbi uğuru deyil. Bu Zəfər Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olunan, xalqımızı məğrur və başıuca edən, gələcəyimizə işıq salan bir möhtəşəm hadisədir. Milli kimliyimizi dünyaya tanıdan bir tarixi irs daim fəxr mənbəyimiz olacaq. Azərbaycan xalqı bu Zəfərlə hər zaman qürur duyacaq.
Seçilən
5
4
azadmedia.az

5Mənbələr