AZ

Dövlətçilik tariximizə həkk olunan şanlı irs

Müasir Azərbaycan tarixinin ən şərəfli dövrü məhz Heydər Əliyev epoxası ilə başlayır. Böyük dövlət adamının 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə gəlişi ilə xaos dövrü bitdi, sabitlik və inkişaf başladı. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycanda sabit siyasi və iqtisadi mühit formalaşdı. Bu isə bizi daha böyük qələbələrə aparan yolun başlanığıcı oldu. 

Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev Ulu Öndərin sabitlik və inkişaf kursunu daha da irəli apararaq, xalqımıza qalibiyyətin təntənəsini yaşatdı. 

Şərəfli tarix 

Prezident İlham Əliyev 2021-ci il sentyabırın 27-də Anım Günü ilə bağlı xalqa müraciətində deyib: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir". 

Bu, qələbənin emosiyasından doğan coşqu deyil. Bu, dünya siyasi arenasında özünün yerini müəyyən etməyi bacarmış liderin xalqın gələcək yaşam tərzi ilə bağlı irəli sürdüyü konseptual ideoloji baxışın təzahürüdür. 

Bəli, qalib xalqıq və bu, bizim gələcək nəsillərə ən böyük ərmağanımızdır. Gələcək nəsillərin tərbiyəsinin əsas qayəsini bu ideoloji xətt təşkil etməlidir. Bu ideoloji xəttin aparılması tarixi gerçəkliklər fonunda öz irsimizi dərindən öyrənməklə paralel davam etdirilməlidir. 

Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı tarixi məsələlərin vacibliyinə toxunaraq bildirib: "Təbii ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar". 

Prezident öz çıxışında həm tarixşünaslıq qarşısında yeni vəzifələr müəyyən edir, həm də strateji hədəfləri göstərir. Dövlətimizin başçısı gənc nəslə zəruri tövsiyyələrini çatdıraraq, qalib xalq şüurunun milli-mənəvi dəyərlərlə vəhdətdə inkişaf edəcəyi konsepsiyasını irəli sürdü. Cənab Prezident həmin çıxışında Zəfərimizin yubileyini böyük qürur hissi ilə qeyd edəcəyimizi söylədi. 

Bu Zəfərin təsadüflə qazanılmadığını anlamaq üçün yaxın keçmişimizi təhlil etmək yerinə düşər. Zəfərimizin qazanılmasında ordu quruculuğunun müstəsna əhəmiyyəti danılmazdır. 

Ordunun yaradılması Azərbaycan xalqının milli dövlətçilik və özünütəsdiq tarixinin ən önəmli məsələlərindəndir. Hələ 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmışdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adının dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli Silahlı Qüvvələrin formalaşdırılmasında mühüm hadisə olmuşdu. O zaman ordunun təşkilini görkəmli generallarımız Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürmüşdülər. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılmışdı. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından xilas etmişdi. Hərbi birləşmələrimiz Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərmiş, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etmişlər. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi nüfuzlu generalları olmuşdu. 

Sovet hakimiyyəti dövründə də imperiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Düzdür, sovet dövründə çar dövründən fərqli olaraq, azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş yox, əsasən tikinti hərbi hissələrində xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişməsinə imkan verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmışdı. Bununla yanaşı, Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olmuşdu. Beləliklə, Heydər Əliyevin sayəsində milli hərbi kadrların yetişməsi prosesi güclənmişdi. 

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə hərbi quruculuq və hərbi təhsil məsələlərini xüsusi diqqət mərkəzində saxladı. Heydər Əliyev ordunun inkişafına ümummilli məsələ kimi baxır, onun inkişafını təmin etmək üçün kompleks yanaşma sərgiləyirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun yaradılması qanunsuz hərbi birləşmələrin buraxılması ilə başladı. 1993-cü ildən yaradılan ordunun komplektləşdirilməsi, müdafiə qüdrətinin, döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial-müdafiə tədbirlərinin gücləndirilməsi, hərbi kadr hazırlığının inkişaf etdirilməsi və təkmilləşdirilməsi, xüsusi təyinatlı hərbi birləşmələrin yaradılması, qoşunların NATO standartlarına uyğunlaşdırılması, hərbi bölmələrimizin beynəlxalq antiterror və sülhməramlı platformalarda iştirakının təmin edilməsi Ulu Öndərin diqqət mərkəzində saxladığı məsələlər olmuşdur. 

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin həmin fərmanı tarixi əhəmiyyət daşıyır. Belə ki, sözügedən fərmanla Heydər Əliyev Azərbaycan Ordusunun tarixi ənənələrə söykəndiyini göstərmişdir.

Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan Ordusunun qurucularına, onların tarixi irsinə dövlət tərəfindən yüksək qiymət verilməklə, xatirələri həmişə uca tutulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli sərəncamının bir bəndi məhz Azərbaycan Xalq Cümhuriyyəti Ordusuna həsr edilmişdir. 

Ulu Öndər Heydər Əliyev 22 iyun 1998-ci il tarixdə Azərbaycanın Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminin keçirilməsinə dair sərəncam imzalamışdır. Həmin təntənəli mərasimdə çıxış edən Heydər Əliyev Cümhuriyyət generalları haqqında çox yüksək fikirlər söyləmişdir. Ulu Öndər demişdir: "Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski uzun müddət çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiyə, döyüş təcrübəsi tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski buna əyani sübutdur". 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyətcə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. 

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı"na qoşuldu. Bu əməkdaşlıq nəticəsində Azərbaycan hərbçiləri NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern hərbi gücə çevrildi. 

Silahlı Qüvvələrin döyüş qabiliyyəti ən müasir səviyyəyə çatdırıldı

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib, döyüş qabiliyyətini ən müasir standartlara uyğunlaşdırıb. Silahlı Qüvvələrin daim modernləşdirilməsi və ən son hərbi texnologiyaların hərbi arsenala cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir. 

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olan Azərbaycan döyüş hazırlığına görə nəinki MDB məkanında, hətta dünya ölkələri arasında ön sıralardadır. Ötən illərdə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda şahid olublar. Büdcəsi ildən-ilə artırılan Azərbaycan Ordusu buna müvafiq olaraq hərbi imkanlarını  durmadan artırır. 

Eyni zamanda Azərbaycanda müasir müdafiə sənayesi kompleksi yaradılıb. Müdafiə Sənayesi Nazirliyində çoxsaylı müdafiə təyinatlı məhsul istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, ordumuzu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə, dünyanın hərbi sənaye baxımından inkişaf etmiş ölkələri ilə də səmərəli əməkdaşlıq həyata keçirilir.

Azərbaycanın əldə etdiyi iqtisadi üstünlük torpaqlarımızın işğaldan  azad edilməsində mühüm amilə çevrildi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli layihələrlə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Ölkəmizin təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox dövlətin, o cümlədən region ölkələrinin maraqlarını təmin etdi. Bununla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.

Möhtəşəm Zəfər 

 

Azərbaycan tərəfinin sülh çağırışlarına məhəl qoymayan işğalçı Ermənistan isə özünün destruktiv fəaliyyəti və hərbi təxribatları ilə müharibəni qaçılmaz etdi. Artıq həllini tapmış Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Təəssüf ki, Minsk qrupu hər zaman ikili standartlardan çıxış etmiş, həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət göstərmişdir. 

BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Azərbaycan dövləti daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Bununla bərabər, Azərbaycan dövləti hər zaman bəyan etmişdir ki, danışıqlar nəticəsiz qalarsa, torpaqlarımız müharibə yolu ilə azad olunacaqdır.

Ermənistanın aramsız davam edən təxribatçı addımları, verdiyi destruktiv bəyanatlar artıq müharibəni qaçılmaz etmişdi. Bu ölkənin 2020-ci il 27 sentyabr tarixli təxribatları Azərbaycan Ordusu tərəfindən cavabsız qala bilməzdi. Həmin gün Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə fasiləsiz atəşlər açıldı. Və təbii ki, bunların cavabı verilməli idi.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri və rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. 

Beləliklə, İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan dünyadakı erməni diasporunu və onların havadarlarını məğlub edərək işğala son qoydu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə edilməsi həm də İlham Əliyevin apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi. 

Müharibə zamanı Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərinin təcəssümü oldu.  Hərbçilərimiz "öldü var, döndü yoxdur" şüarı ilə döyüşlərə gedirdilər. İşğalçılar haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmədi. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. 

Azərbaycan xalqı Vətən müharibəsindəki qələbəni Zəfər paradı ilə qeyd etdi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradına 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də qatıldılar. Paradı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdilər. 

Bakının mərkəzində yaradılan Hərbi Qənimətlər Parkı Qələbəmizin simvollarından biridir. Buraya gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırır. 

"Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur 

Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. 

İşğaldan azad edilmiş ərazilərə qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunmuşdur. Qarabağ və Şərqi Zəngəzurun bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə bu ərazilərdə dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir. 

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın ümumi icra faizi təqribən 79 faizdir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 milyard manat vəsait ayrılmışdır. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpa işləri həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri 2025-ci ilin 9 ayında da davam etdirilib. Ümumilikdə ötən dövrdə həmin sakinlərdən artıq 6,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib. 

Qərbi Azərbaycana qayıdış 

Zəfərimizin bizə gətirdiyi ən böyük töhfələrdən biri də məhz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının geniş vüsət almasıdır. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Həmin illər İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. 

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr və "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 1948-ci il 10 mart tarixli qərarları ilə 100 min azərbaycanlı 1948-1950-ci illərdə "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülmüşdü. Deportasiya prosesi 1956-cı ilə qədər davam etmişdi, 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürülmüşdü. Onlar Azərbaycanın əsasən Aran bölgəsində (Zərdab, Əli-Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Ædanov (Beyləqan), Yevlax, Ucar, Saatlı) rayonlarında məskunlaşdırılmışdılar. Amma onların hər üç nəfərindən biri isti, quru iqlimə, məişət təminatsızlığına dözə bilməyərək dünyadan köçmüşdü.

Qarabağ Zəfəri həm də Qərbi Azərbaycana qayıdışın gerçəkləşməsi yolunda mühüm tarixi hadisə oldu. Möhtəşəm Qarabağ Zəfərini bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi və Azərbaycan xalqının arzusu ilə doğma yurdumuz olan Qərbi Azərbaycana qayıdacağımıza da şübhəmiz yoxdur. Prezident İlham Əliyev bu barədə deyib: "Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır".  Bu fikirlər qalib ordunun qalib sərkərdəsinin müəyyən etdiyi mükəmməl yol xəritəsidir.

Biz xoşbəxt nəsilik ki, Zəfəri yaşamaq, onu bayram kimi qeyd etmək qismətimizə düşüb. Prezident İlham Əliyevin adı ilə və ordumuzla bağlı olan şanlı Zəfər hər zaman xalqımızın fəxr mənbəyi olacaq. 

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr