Ukrayna ilə ABŞ arasında "Tomahawk" tipli uzaqmənzilli raketlərin alınması ilə bağlı danışıqlar hələ də yekunlaşmayıb.
Bəs ABŞ həmin raketləri Ukraynaya verməkdə niyə bu qədər gecikir?
Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ukrayna ilə ABŞ arasında "Tomahawk" tipli uzaq mənzilli raketlərin alınması ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək:
"Amerika Prezidenti Donald Trampın son açıqlamaları onu göstərir ki, o, Rusiyadan çəkinərək bu "Tomahawk" tipli uzaq mənzilli raketləri Ukraynaya vermək fikrində deyil. O sadəcə olaraq hər iki tərəflə bir növ oyun oynayır: həm Ukraynanı özündən asılı vəziyyətdə saxlayır, həm də Rusiyanı qorxu altında saxlayır ki, onun müəyyən şərtlərini qəbul etsin. Əlbəttə ki, bu gün raketlərindən əlavə Ukrayna özünün istehsalı olan, o cümlədən Avropadan əldə etdiyi raketlər vasitəsilə Rusiyanın hərbi sənaye kompleksinə ağır zərbələr vurur. Rusiya da bunun fərqindədir. Ona görə də "Tomahawk" tipli uzaq mənzilli raketlər Amerikaya müəyyən manevr imkanları verir".
Polkovnikin fikrincə, ABŞ raketləri vermək istəsəydi, çoxdan verərdi. O, hesab edir ki, "Tomahawk" raketləri müharibənin taleyində nəyisə dəyişməyəcək, amma qorxu içində olan Rusiya rəhbərliyini müəyyən yumşalmalara sövq edə bilər.
"Bu gün Pokrovsk uğrunda hansı mübarizə gedir? Tutaq ki, Pokrovskı aldılar. Sonra? Biz yaxşı xatırlayırıq ki, Avdeyevka uğrunda gecə-gündüz döyüşlər gedirdi. Ukraynanın elə şəhərləri var ki, onların uğrunda bir il Rusiya ordusu hər gün yüzlərlə, minlərlə əsgər itirərək mübarizə aparıb. Nəticəsi? Kiyev alınmışdı? Ukraynanı nəyəsə məcbur edə bildilər? Ona görə də "Tomahawk" tipli uzaq mənzilli raketləri ABŞ Ukraynaya vermirsə, bu o demək deyil ki, Ukrayna artıq əlacsız qalıb. Ukraynanın mütəxəssisləri kifayət qədər çalışırlar və praktiki işlər görürlər, ruslar isə boş-boş danışıqlar aparırlar. ABŞ bu məsələdə müəyyən manevrlər də edir - dünən də edib, bu gün də edir, sabah da edəcək", - deyə Üzeyir Cəfərov vurğuladı.
Aytəkin TOFİQQIZI