Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Müasir Türkiyə Cümhuriyyətinin Qərb blokuna qoşulması tarixi onun SSRİ ilə münasibətlərinin pisləşməsi dövrünə gedib çıxır. Belə ki, 1920-ci illərdə Qərbin imperialist siyasətinə qarşı Türkiyə-SSRİ münasibətləri artan templə irəliləyirdisə, sonrakı dövrdə geriləmə baş verdi. Stalinin dövründə SSRİ-nin Türkiyəyə ərazi iddiaları isə (bu iddialar gerçəkləşsəydi Ermənistan SSR ərazisi 80%, Gürcüstan SSR ərazisi 10% artardı) 1945-ci ildən, yəni II Dünya Müharibəsindən sonrakı proseslər, o cümlədən ABŞ-ın Marşall Planı Türkiyəni Qərb blokuna daha da yaxınlaşdırdı. Türkiyə 1952-ci ildə NATO üzvü oldu. Paralel şəkildə Avropada da təşkilatlanma gedirdi. 1949-cu ildə Avropa Şurasının 10 ölkə tərəfindən qurulmasından az sonra ona üzv olan (1950-ci ildə) ilk yeni üzvlərdən biri Türkiyə idi. Lakin Avropa İttifaqı tamamilə ayrı, iqtisadi-siyasi əməkdaşlığı dərinləşdirmək məqsədlərlə və mərhələli şəkildə formalaşdırılmışdır. İlkin olaraq Kömür-Polad birliyi Avropa İqtisadi Birliyinə (AİB) çevrilmiş və Türkiyə 1963-cü ildə bu Birliklə ortaqlıq anlaşması imzalamışdı. Türkiyə-Yunanıstan münasibətlərinin Kipr münaqişəsi səbəbilə gərgin olduğu bir dövrdə belə bir anlaşmanın imzalanması diqqət çəkir.
Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Kipr məsələsində 1964-cü ildə ABŞ Prezidenti Conson Baş nazir İnönüyə məktubu Türkiyəni “xəyal qırıqlığına” məruz qoyaraq balanslı siyasətə sövq etdi və bu fonda ölkənin daxili və xarici siyasi gündəmində baş verən proseslər AİB-in transformasiya etdiyi Avropa İttifaqına (Aİ) Türkiyənin üzvlüyünə mane oldu.
Şəhla Cəlilzadə
“Aİ “xristian ölkələri klubu” xararkteri daşıyır, klub üzvlərinin birgə iqtisadi inkişafa nail olmasını hədəfləyirdi. Aİ üzvlərinin bütün xarici siyasət istiqamətlərini, valyutasını, maliyyə sistemini eyniləşdirməyi məqsəd qoymuşdu. Türkiyə bu dərəcədə eyniləşməyə hazır deyildi və bu, ona lazım da deyildi. Türkiyə yerləşdiyi coğrafiya, daşıdığı tarixi-siyasi kimlik səbəbilə həm də Yaxın Şərqlə, islam-türk dünyası ilə həmahəngdir. Elə buna görə Aİ-nin heç vaxt Türkiyəni üzvlüyə qəbul etmək niyyəti də olmayıb. Türkiyə Avropaya sadəcə təhlükəsizlik maraqlarının təmin edilməsi baxımından lazımdır. Lakin “xristian bloku” adlandırıla biləcək Aİ müsəlman dünyasının aparıcı gücü olan Osmanlının varisi Türkiyəni öz ailəsində heç vaxt görməyib. Odur ki, 1987-ci ildə Türkiyənin Aİ-yə rəsmi şəkildə ünvanladığı üzvlük müraciətinə belə 1999-cu ildə, yəni 12 il sonra reaksiya verilərək namizəd ölkə statusu təsdiqlənib. Başqa sözlə, məhz rəsmi üzvlük müraciətini nəzərə alsaq 38 ildir, AİB-lə imzalanan Ankara sazişini isə nəzərə alsaq, 60 ildən çoxdur Avropanın iqtisadi klununa üzvlüyə qəbul edilməyən Türkiyənin bundan artıq gözləməsinin bir mənası yoxdur.
Bu günlərdə Aİ Komissiyası “Genişlənmə paketi” ilə bağlı hazırladığı illik hesabatını təqdim etdi. Bu hesabatda Türkiyə, Serbiya, Albaniya, Monteneqro, Şimali Makedoniya, Bosniya və Herseqovina, Kosovo, Ukrayna, Moldovanın namizədlik statusları dəyərləndirilmişdir. Burada qeyd olunur ki, Türkiyə ilə Aİ-nin bir sıra sahələrdə ortaq maraqları vardır və bu, Türkiyə ilə Aİ-ni bir-birinə yaxınlaşdırır. Lakin ölkənin öz hədəfləri, öz milli gündəliyi Aİ gündəliyi ilə, ortaq Avropa hədəfləri ilə heç də hər zaman üst-üstə düşmür. Bu fərqli məqamın hesabatda açıq şəkildə ifadə edilməsi həm də uzun on illərdir Türkiyənin niyə Aİ-yə üzv olaraq qəbul edilmədiyinin qeyri-rəsmi etirafıdır. Düzdür ki, Aİ-nin ikili standartlarından yorulan və zaman-zaman təzyiq göstərmək məqsədilə Rusiya və Çinin liderlik etdiyi Avrasiya İqtisadi Birliyinə yaxud Şanxay Əməkdaşlıq Təşkilatına Türkiyənin üzv ola biləcəyini dilə gətirən Türkiyə Prezidenti ən son çıxışında, sitat: “Strateji hədəfimiz Aİ üzvlüyüdür” deyə bəyan etmişdir. Başqa ifadə ilə, Türkiyənin alternativ bloklara qoşulmasına dair ritorikası sadəcə Qərbə geosiyasi mesaj xarakteri daşıyaraq siyasi “alış-veriş” məqsədinə xidmət edir. Bununla belə, Türkiyənin Aİ ilə münasibətlərinin hərbi-iqtisadi təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə davam edəcəyini söyləmək olar”.
Politoloq qeyd edib ki, Rusiyanın Aİ ölkələrinə müdaxiləsinin artması və müharibənin Avropaya yayılması ehtimalı fonunda Türkiyənin Aİ üzvü olmadan onun SAFE – təhlükəsizlik mexanizminə daxil edilməsi bunu bir daha bunu sübut edir.
Türkiyənin Aİ-yə üzvlüyü, yalnız real olaraq Aİ ölkələrinin iştirakı ilə III Dünya Müharibəsi baş verərsə, burada sərgilədiyi münasibətdən asılı olaraq, mümkün ola bilər: “Hazırda Türkiyənin Qərb sanksiyalarına qoşulmayaraq Rusiya ilə iqtisadi münasibətlərini davam etdirməsi isə onu göstərir ki, Avropa ilə siyasətinin tamamilə eyniləşdirməsi Türkiyənin milli maraqlarına, heç Avropanın da hazırki strateji ehtiyaclarına cavab vermir.
Hakan Fidanın “Aİ-ni Türkiyəsiz təsəvvür etmək mümkün deyil” deməsi, həqiqətən də Aİ-nin təhlükəsizliyinin Türkiyə olmadan təmin edilməsinin mümkün olmadığına vurğu etmək, o cümlədən Türkiyənin mövqeyini gücləndirmək məqsədi daşıyır”.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.