AZ

Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları və sülhə qarşı müqaviməti etibarsız tərəf olduğunu göstərir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Cənubi Qafqazda sülh gündəliyinin formalaşdığı, Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişənin yekun həll mərhələsinə yaxınlaşıldığı bir vaxtda, İrəvandan gələn bəyanatlar yenidən suallar doğurur. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Karen Andreasyanın son açıqlaması bu baxımdan xüsusi diqqət çəkir. Karen Andreasyan bildirib ki, Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırılan iddiaların heç biri geri götürülməyib və bu məsələ hazırda müzakirə predmetinə çevrilməyib”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan “Sülhün yaradılması və dövlətlərarası münasibətlər haqqında paraflanmış Saziş”in mətninə əsasən, saziş qüvvəyə mindikdən bir ay sonra tərəflər beynəlxalq məhkəmələrdəki qarşılıqlı iddialarını geri götürməyi, yeni iddialar qaldırmamağı və üçüncü ölkələrdə başlanan hüquqi proseslərə qoşulmamağı öhdələrinə götürürlər: “Bu sənəd sülh prosesinin mühüm hüquqi təminatı hesab olunurdu. Karen Andreasyanın açıqlaması Ermənistan hökumətinin daxili institutları arasında koordinasiya və qərarvermə mexanizmlərindəki uyğunsuzluqları bir daha üzə çıxarır. Nümayəndə açıq şəkildə bildirib ki, ofisinə iddiaların geri götürülməsi ilə bağlı heç bir təklif daxil olmayıb və bu istiqamətdə hökumətdən və ya Milli Məclisdən heç bir təlimat almayıblar. Bu isə onu göstərir ki, Ermənistan hələ də beynəlxalq hüquq müstəvisində Azərbaycana qarşı yönəlmiş iddialarını siyasi alət kimi saxlamaqda maraqlıdır”.

Nicat İsmayılov

“Əslində, bu, Paşinyan hökumətinin ikiüzlü siyasətinin göstəricisidir: bir tərəfdən Vaşinqton və Brüssel kimi vasitəçilərin iştirakı ilə sülh müqaviləsinin paraflanmasına razılıq verir, digər tərəfdən isə daxildə revanşist qüvvələrin təzyiqi altında geri addımlar atmamaq görüntüsü yaradır. Andreasyanın bəyanatı da məhz bu siyasi balansın qorunmasına hesablanmış addım kimi görünür.

Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında sülhün möhkəmləndirilməsinə dair mühüm bəyannamə imzalanmışdı. ABŞ Prezidenti çıxışında Ermənistanın 741 nömrəli marşrut üzrə ABŞ-a 99 il müddətinə eksklüziv uzunmüddətli hüquqlar verdiyini, bunun da Naxçıvanla Azərbaycanın quru əlaqəsini bərpa etmək üçün mühüm vasitə olacağını vurğulamışdı.

Bu bəyannamə regionda geosiyasi balansı dəyişən bir hadisə kimi qiymətləndirilir. Ermənistanın bu layihə çərçivəsində əməkdaşlığa razı olması, əslində, onun iqtisadi və infrastruktur asılılığını daha da dərinləşdirir. Belə bir şəraitdə İrəvanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaları saxlamaq istəyi sülh və əməkdaşlıq prinsiplərinə ziddir”-deyə politoloq qeyd edib.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son verilməsi barədə birgə müraciət imzalaması da regionda yeni siyasi reallığın qəbul edildiyini göstərir. Bu qərar uzun illər Cənubi Qafqazda status-kvonu qoruyan mexanizmlərin artıq aktuallığını itirdiyini sübut edir” deyən politoloq bildirib ki, Minsk Qrupunun bağlanması ilə beynəlxalq vasitəçilik mexanizmi tamamilə yeni mərhələyə daxil olub. Bundan sonra məsuliyyət bilavasitə region dövlətlərinin üzərinə düşür. Lakin Ermənistanın məhkəmə iddialarını saxlamaqda israr etməsi bu məsuliyyətdən yayınmaq cəhdidir və sülh prosesinin ruhuna zidd addımdır”-deyən Nicat İsmayılov vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh müqaviləsi yalnız qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və qeyri-müdaxilə prinsipləri əsasında mümkündür.

“Azərbaycan üçün əsas məqsəd 30 illik münaqişənin tam hüquqi yekunlaşması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasıdır. İrəvan isə bu prosesdə zaman-zaman qeyri-sabit mövqe nümayiş etdirərək, daxili siyasi təlatümləri və xarici təsirləri bəhanə gətirir. Andreasyanın açıqlaması da həmin qeyri-sabitlik xəttinin davamıdır. Ermənistan sülhün məsuliyyətini artıq dərk etməlidir. Regionda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan real siyasi iradə nümayiş etdirməli, sülh müqaviləsinin şərtlərinə tam əməl etməli və beynəlxalq məhkəmələrdəki iddiaları dayandırmalıdır. Bu, həm Ermənistanın öz maraqlarına, həm də Cənubi Qafqazda uzunmüddətli təhlükəsizliyə xidmət edəcək.

Əks təqdirdə, Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları və sülhə qarşı müqaviməti onu beynəlxalq arenada etibarsız tərəf kimi təqdim edəcək. Azərbaycan isə regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimadın bərqərar olması üçün prinsipial və ardıcıl siyasətini davam etdirəcək”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
icma.az

1Mənbələr