AZ

"Uşağın gələcəyini formalaşdıran məktəbin statusu deyil, oradakı müəllimlərin düşüncə tərzidir"

Bir çox valideyn uşaqlarını orta məktəblərdən çıxarıb liseylərə və gimnaziyalara qoymağı seçir. 

Bəs lisey və gimnaziyalar orta məktəblərdən nə ilə fərqlənirlər? Niyə valideynlər uşaqlarının məhz gimnaziyalarda, liseylərdə oxumasını istəyirlər?

Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, valideynlərin fikrincə, lisey daha yaxşı müəllimlər, daha ciddi nizam-intizam və ali məktəbə qəbulda daha çox şans deməkdir:

"Bu yanaşma müəyyən qədər haqlıdır, çünki bir çox hallarda gimnaziyalar və liseylər həqiqətən də daha sistemli tədris, məsuliyyətli mühit və motivasiyalı şagirdlər formalaşdırır. Amma gəlin açıq danışaq: bu fərq hər yerdə eyni deyil. Azərbaycanda bəzi lisey və gimnaziyalar doğrudan da keyfiyyətli nəticələr göstərir, lakin az qala eyni sayda məktəblər də var ki, yalnız adı dəyişib, mahiyyət yox. Müəllim eyni, dərs üsulu eyni, şərait eyni qalırsa, “lisey” yazılmış lövhə təkbaşına keyfiyyət yaratmır".

Müsahibimizin fikrincə, lisey və gimnaziyalar orta məktəbdən fərqli olaraq profil yönümlü olmalıdır:

"Yəni, gimnaziyalar – humanitar sahələr: dil, ədəbiyyat, tarix, incəsənət; liseylər isə təbiət elmləri və texnologiya: riyaziyyat, informatika, fizika, kimya və s. olmalıdır. Bu məktəblərin məqsədi “elitar imic” yaratmaq yox, şagirdin bacarığına uyğun istiqamətdə dərinləşmiş təhsil vermək olmalıdır. Valideynlərin uşaqları üçün daha intizamlı, təhlükəsiz və ciddi təhsil mühiti axtarması başadüşüləndir. Lakin “yaxşı məktəb” anlayışı adla ölçülmür. Əgər məktəbin rəhbərliyi təhsili məqsəd yox, formal və hesabat xarakterli bir proses kimi görürsə, orada gimnaziya lövhəsi olsa belə, keyfiyyət dəyişmir. Mənim fikrimcə, bu məsələyə iki tərəfdən baxmaq lazımdır. Birincisi, valideynlər haqlıdır, amma diqqəti məktəbin adına yox, mühitə və müəllimə yönəltməlidirlər. Çünki uşağın gələcəyini formalaşdıran məktəbin statusu deyil, oradakı müəllimlərin düşüncə tərzidir. İkincisi, təhsil siyasəti səviyyəsində lisey və gimnaziyaların funksiyası yenidən nəzərdən keçirilməlidir. Əgər bu məktəblər həqiqətən dərinləşmiş, istiqamətverici tədris təqdim etmirsə, sadəcə ad dəyişməklə islahat baş vermir".

Sona Əliyeva bildirdi ki, lisey və gimnaziya təhsil sisteminin vacib hissəsidir, amma onlar elit məktəb yox, inkişaf laboratoriyası olmalıdır:

"Əgər biz bu məktəblərin mahiyyətini düzgün qorusaq, orada yalnız bilikli deyil, həm də düşünən, dəyərləri olan nəsil yetişər.
Valideynlərə gəldikdə isə onların arzusu haqlıdır, hər kəs övladının yaxşı təhsil almasını istəyir. Amma “yaxşı məktəb” anlayışı adla yox, məktəbin nizam intizamı, təhsilə və şagirdlərə olan münasibəti və müəllim keyfiyyəti ilə müəyyən olunur".

Xədicə BAXIŞLI

Seçilən
3
3
redaktor.az

4Mənbələr