GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılovun saxlanılmasından sonra bir sıra məsələlər müzakirə obyekti olub. Xüsusilə sözügedən şəxsin bəzi məşhur bloger və müğənnilər vasitəsilə səhifəsini reklam etməsi diqqət çəkib. Bu yolla onun vətəndaşların inamını qazandığı deyilir. Hazırda məhz tanınmışların köməyi ilə vətəndaşın güvənini qazanan, aldadan kurs və ya bu tip xidməti sektorlar kifayət qədərdir.
Belə hallarda blogerlər iş birliyi gördüyü adamla şərik sayıla bilərmi? Onlar məsuliyyətə cəlb olunmalıdırmı?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov deyib ki, cinayətin törədilməsi zamanı şəxsin iştirak dərəcəsi, yəni onun rolu və fəaliyyəti müəyyən edilir:
“O, 32-ci maddəyə əsasən birgə icraçı, təşkilatçı, təhrikçi yaxud köməkçi kimi qiymətləndirilə bilər. Lakin burada bir sıra meyarlar əsas götürülür. Belə ki, hadisədə cinayətin subyektiv tərəfi, yəni şəxsin məqsədi, motivi və niyyəti ön plandadır. Əgər şəxs reklam fəaliyyəti zamanı valideynlərdən pul almaq və onları aldatmaq (dələduzluq) niyyəti ilə hərəkət edirsə, bu əməl cinayətin obyektiv tərkib hissəsində iştirak kimi qiymətləndirilirsə, o halda həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma şəxsin belə bir fikri yoxdursa, sadəcə olaraq kursu və ya digər şəxsi reklam etməklə gəlir əldə edirsə, cinayətin törədilməsində motiv və iştirak elementləri mövcud deyilsə, bu zaman o, məsuliyyət daşımamalıdır”.
Asim Abbasov
Vəkil qeyd edib ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var:
“Yəni cinayətdə təqsirləndirilən şəxs onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyənə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılmayana qədər təqsirsiz sayılır. Eyni zamanda “Reklam haqqında” Qanuna əsasən, hər bir influenser və ya bloger sosial media hesablarında yerləşdirdiyi reklam paylaşımlarında “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini mütləq şəkildə əlavə etməlidir. Həmçinin influenserin istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağandır.
Hər bir influenserin VÖEN sahibi olmalı və hüquqi məlumatlarını açıq şəkildə göstərməlidir. Çünki qanunvericilikdə influenserlər “rəqəmsal platforma təsirçiləri” kimi tanınır. Onların paylaşdığı reklam “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Reklam olunan məhsul təqdim edilərkən əgər vizual və ya audio materiallarda dəyişiklik edən tətbiqlərdən istifadə olunubsa, bu barədə istehlakçı məlumatlandırılmalıdır”.
Qeyd edək ki, Azər İsmayılov vətəndaşların onun barəsində çoxsaylı şikayətləri əsasında məsuliyyətə cəlb edilib. Onun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.