İranın xarici işlər naziri Abbas Əraqçının dünən Həmədandakı Buəli Sina Universitetində çıxışı Vaşinqton-Tehran münasibətlərindəki gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Nazir bildirdi ki, ABŞ-la müxtəlif vasitələrlə dolayı danışıqlar aparılsa da, “hələlik heç bir müsbət nəticə əldə edilməyib”.
Bu bəyanat, bir tərəfdən İranın diplomatik dialoqa açıq olduğunu, digər tərəfdən isə, siyasi reallığın sülh istiqamətində irəliləməyə imkan vermədiyini ortaya qoyur.
2015-ci ildə imzalanmış “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu. Ancaq 2018-ci ildə Donald Tramp administrasiyasının razılaşmadan birtərəfli qaydada çıxması Tehran üçün diplomatik zərbə oldu. Ardınca ABŞ İranın neft ixracına, bank sektoruna və enerji sənayesinə qarşı sanksiyaları yenidən tətbiq etdi. Nəticədə, İranın gündəlik neft ixracı 2,5 milyon barreldən 1 milyonun altına endi.
2021-ci ildən bəri müxtəlif vasitələrlə, o cümlədən Omanın və Qətərin vasitəçiliyi ilə dolayı danışıqlar bərpa olunsa da, nəticə dəyişməyib. Əraqçının “Vaşinqtonla hələ ki, müsbət nəticə əldə edilməyib” sözləri göstərir ki, ABŞ administrasiyası hələ də Tehranın regional siyasətindən, xüsusilə də Yaxın Şərqdə proksi qruplara verdiyi dəstəkdən narahatdır.
Bu çıxış İranın ali dini rəhbərinin son sərt bəyanatları ilə eyni vaxtda səslənib. Əli Xamneyinin “kompromis siyasətindən uzaq qalmaq” mövqeyi danışıqlara əlavə çətinlik yaradır. ABŞ tərəfi isə Yaxın Şərqdə, xüsusilə də İsrail–HƏMAS münaqişəsinin genişlənməsi fonunda, İranın hərbi fəallığından ehtiyat edir.
Son aylarda Yəməndə husilərin Qırmızı dənizdə gəmilərə hücumları, Livanda “Hizbullah”ın İsraillə sərhəddə toqquşmaları və İraq-Suriya ərazisində İranın dəstəklədiyi silahlı qrupların fəallaşması Vaşinqtonda narahatlıq doğurur. ABŞ administrasiyası hesab edir ki, bu gərginliklərin arxasında İranın “regional təsir strategiyası” dayanır.
İkinci bir İran-İsrail və ya İran-ABŞ qarşıdurması ssenarisi hazırda ehtimal kimi gündəmdədir. Lakin genişmiqyaslı müharibə real görünmür. İran rəhbərliyi yaxşı anlayır ki, birbaşa hərbi toqquşma onun iqtisadiyyatını və siyasi sistemini sarsıda bilər. ABŞ isə Ukrayna və Yaxın Şərqdə - eyni vaxtda iki cəbhə açmaq istəmir. Buna baxmayaraq, gərginlik artır. 2024-2025-ci illərdə ABŞ hərbi qüvvələri İranın təsir dairəsində olan qüvvələrə İraqda və Suriyada bir neçə dəfə hava zərbəsi endirib.
Hazırkı vəziyyət Vaşinqtonla Tehran arasında “soyuq diplomatik müharibə” mərhələsini xatırladır. İran iqtisadi sanksiyaların təzyiqi altında siyasi güzəştə getmək istəmir, ABŞ isə nüvə proqramı və regional fəaliyyətlərdə şəffaflıq tələb edir.
Beləliklə, Əraqçının çıxışı göstərir ki, yaxın dövrdə tərəflər arasında inamın bərpası ehtimalı zəifdir. Bu isə Yaxın Şərqdə gərginliyin daha da artması risqini gücləndirir. Yeni müharibə olmasa da, yaxın zamanlarda “müharibə kölgəsi” bölgəni tərk etməyəcək.
Akif NƏSİRLİ