AZ

Həkimlər kənd tibb məntəqələrində işləməkdən imtina edirlər...


Adil Qeybulla: “Bölgələrdə həkimlərin həm əməkhaqqı, həm də həyat şəraiti normal təmin edilməlidir”

Rayonlarda həkim çatışmazlığı problemi hələ də qalmaqdadır. Müxtəlif sahələr üzrə ya həkim yoxdur, ya da azdır. Qeyd edək ki, həkim çatışmazlığı problemi bir çox hallarda rayon xəstəxanalarında uzun növbələrə səbəb olur. Bəzən isə xəstələr Bakıya üz tutmaq məcburiyyətində qalırlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, hazırda kənd məntəqələrində xidmət göstərmək üçün azı 1 500 həkimə ehtiyac var: “Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub və nazirlik tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində müəyyən təklif və həll yolları var”.

Maraqlıdır, həkimlər niyə rayon xəstəxanalarında işləməkdən boyun qaçırırlar?

“Səhiyyənin bütün bölgələrdə, rayonlarda heç olmasa, orta səviyyəsinin bərabərləşdirilməsi üçün kadr təchizatı çox vacibdir”

Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bölgələrdə həkimlərin həm əməkhaqqı, həm də həyat şəraiti normal təmin edilməlidir: "Müəyyən stimulyasiya tədbirləri görülməlidir ki, həkimlər orada çalışmağa meylli olsunlar. Məlumdur ki, həkimlər 65 yaşına çatan kimi işdən çıxarılırlar. Ən azından həmin həkimlərin resurslarından istifadə etmək olar ki, onlar rayonda işləsin. Əlbəttə, onların yüksək maaşla təmin olunması şərtilə bu reallaşmalıdır. Hansısa tədbirlər görülməsə, rayonlarda bu problem qalacaq. Nəzərə almaq lazımdır ki, səhiyyənin bütün bölgələrdə, rayonlarda heç olmasa orta səviyyəsinin bərabərləşdirilməsi üçün kadr təchizatı çox vacibdir. Yəni bu, əsas məsələdir. Çünki həkim yoxdursa, hospital da yoxdur. Hesab edirəm ki, bununla bağlı bir tədbirlər planı olmalıdır. Ən azından, bir neçə rayonun birləşdiyi regiona məhz vacib sahələr üzrə azı bir neçə ixtisas həkimin göndərilməsini təmin etmək üçün xüsusi maaş, digər kommunal güzəştlər olmaq şərtilə stimulyasiya tədbirləri görülməlidir. Onların iş gününün əlavə hesablanması kimi tədbirlər həyata keçirmək olar. Bir də pensiya yaşına çatmış həkimlərin, hansı ki, əmək qabiliyyətlidir, özlərinə tamamilə nəzarət edirlər və böyük təcrübələri var, niyə onların təcrübəsindən istifadə edilməsin? Əslində həkimlərin çoxu elə məhz o yaşda müəyyən təcrübəyə çatır. Ona görə də niyə biz bu yaşdakı həkimləri təqaüdə göndərmək əvəzinə rayonlarda istifadə etməyək?”

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün lazımi kadrlar olmadığından, kəndlərdə yaşayanlar xəstələnəndə həkim tapa bilmir: “Bunları təmin etmək, səhiyyəni sistemə çevirmək üçün xeyli iş görülməlidir. Danılmaz faktdır ki, həkimlər də, əsasən, paytaxtda işləmək istəyirlər. Kənd yerlərində həm vakansiyalar, həm də iş şəraiti yetərincə deyil. O üzdən vakant yerlər boş qalır”.

Günel CƏLİLOVA

Seçilən
49
baki-xeber.com

1Mənbələr