AZ

Zəfər günü ilə bağlı ŞƏHƏR SAKİNLƏRİNİN TƏƏSSÜRATLARI - SORĞU

8 Noyabr ölkədə Zəfər Günüdür. 5 il öncə Azərbaycan ordusu 44 günlük müharibə nəticəsində 30 ildən artıq idi ki, işğal altdında qalan torpaqlarımızı azad etdi. Bəs görəsən şəhər sakinləri Zəfər Günü ilə bağlı nə düşünür? SİA bu barədə şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Aysel Mövsumova: “Əslində biz çox gözəl zəmanədə yaşayırıq ki, uşaqlığımızdan əzbərlədiyimiz tarixlər torpaqlarımızın işğal tarixləri olub. Kədər və təəssüf hissi ilə bu tarixləri əzbərləmişik. İndi isə Qələbə gününü xatırlayırıq və Qələbə gününü öz övladlarımıza əzbərlədirik. Buna görə çox xoşbəxt bir xalqıq”.

Şəhər sakini Elmira Məmmədova: “Bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıyır. Prezident İlham Əliyev öz fikirləri ilə onsuzda nöqtəni qoyub. O deyib ki, "Qarabağ Azərbaycandır!". Biz müharibədə oğullarımızı itirmişik. O oğulları unutmamalıyıq. Bizdən sonrakı nəsillərə onlar haqqında danışmalıyıq. Gənc nəsillər o qəhraman oğulları unutmamalıdır”.

Şəhər sakini Hüseyn Əliyev: “Mən xalqımızı qürur hissi ilə təbrik edirəm. 5 il öncə məndə döyüşlərdə iştirak etmişəm. Hərbi Hava Qüvvələrində döyüşmüşəm. Zəfər gününün bizim xalqımız üçün çox böyük mənası var. 30 il bundan qabaq biz Qarabağ döyüşlərindən başıaşağı çıxmışdıq. İndi isə başımız ucadır. Hal-hazırda biz başıuca gəzirik və danışırıq. Xalqımız sevinc hissi ilə bayramı qeyd edir”.

Şəhər sakini Şəfiqə Əliyeva: “Bizim ən gözəl günümüzdür. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə şəfa versin. Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Bu qələbə güclü Azərbaycan ordusunun sayəsindədir. Bir vətəndaş, qalib xalq olaraq fəxr edirəm. Bu gün bizim başımız ucadır”.

Şəhər sakini Ləman Yaqubova: “Mən çox şadam ki, qalib ölkənin vətəndaşıyam. Çox xoşbəxtəm ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad edə bildik. Bunun üçün mən şəhidlərin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandınımıza Allah uzun ömür, can sağlığı versin. Əlbətdəki Onun sayəsində biz torpaqlarımızı geri qaytara bildik. Şəhid analarının qarşısında baş əyirəm. Onlar sağolsunlar ki, belə bir övladlar yetişdiriblər”.

Şəhər sakini Gültən Rəhimli: “Mən qazi qızıyam. Atam özü baş leytnant olub. 44 günlük vətən müharibəsində o da iştirak edib. Hal-hazırda üçüncü qrup əlildir. Döyüşdə yanındakı döyüş yoldaşı Xəyal şəhid olub. Müharibədən gələndən özünə gələ bilmirdi”.

Şəhər sakini Aysu Cəfərli: “Azərbaycan Respublikasının vətəndaşı olaraq mən özümü çox qürurlu hiss edirəm. 30 ildən çox idi ki, torpaqlarımız erməni işğalı altında idi. Mən hərbiçi qızıyam. Atamda döyüşlərdə iştirak edib. Həmin vaxt hər birimiz həyəcanla televiziyadan xəbərləri izəyirdik. Hər gün stress içərisində xəbər gözləyirdik. Çox şükür 44 gün sonra torpaqlarımızı işğaldan azad etdik”.

Müəllif: İlkin Məmmədkərimov

Seçilən
26
1
sia.az

2Mənbələr