AZ

Pəncəlinin anası Modern.az-a danışdı: "10 ildir bu anı gözləyirdim!"

Prezident İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrin giziri, aprel döyüşləri iştirakçısı Pəncəli Teymurova "Milli Qəhrəman" adı verilib.

Qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel döyüşlərində şəhid olub.

Modern.az Milli Qəhrəmanın anası Vahimə Teymurova ilə əlaqə saxlayıb.

Şəhid anası saytımıza açıqlamasında bildirib ki, bu xəbəri evə qayıdarkən yolda eşidib:

"Mən bir şəhidin ildönümünə getmişdim, oradan evə qayıdarkən yolda mənə bu xəbəri verdilər. Bundan əvvəl belə bir şeyin olacağı ilə bağlı sözlər eşidirdim, amma inanmırdım. İndi gördüm ki, xəbər həqiqətə çevrildi. Ona görə həyəcanlıyam, danışmaq da mənim üçün çətindir. Çünki 10 ildir mən bu anı gözləyirdim. Arzu edirəm ki,  Azərbaycan xalqı həmişə əmin-amanlıqda, azad yaşasın. Mən Prezidentimizə təşəkkürümü bildirirəm. Allah ona can sağlığı versin. Bu işdə kimin əziyyəti varsa, Allah onlardan razı olsun. İllərboyu həmişə duaçı olacam, Allah onları sevindirsin". 

Vahimə ana oğlunun xüsusiyyətlərindən danışıb, onunla bağlı xatirəsini bölüşüb:

"Mən oğlumu 18 yaşında hərbi xidmətə yollamışam, bir daha onu doya-doya görməmişəm. Bir dəfə axşamçağı zəng edib halallıq istədi, sükut içində qaldım, soruşdum ki, oğlum niyə məndən halallıq istəyirsən?  
Dedi ki, "ana, istədim görüm məni çox istəyirsən, yoxsa yox". O halallığı zarafatla, gülə-gülə məndən aldı, yenə də başa düşmədim ki, niyə məndən halallıq alır. Yəni Pəncəli belə bir oğul idi, dövlətin sirri olan nəsə bir söz onun ağızından çıxmazdı. Mən onu tanımamışam, onu mən şəhid olandan sonra tanımışam. 

Pəncəlini balaca vaxtı görənlər o, pəhlivan olacaq deyirdilər. Bu sözləri mən elə-belə qəbul etmişəm. Onun ürəyində vətənpərvərlik həddindən artıq idi. Müharibə vaxtı bəzi şeyləri görmüşdü, deyirdi ki, əsgər getsəm,  oradan gəlməyəcəm, şəhidlərin qisasını alacağam. Dediyi sözə əməl etdi".

Seçilən
27
2
modern.az

3Mənbələr