AZ

Vətən müharibəsində çoxsaylı xəsarətlər almış hərbi qulluqçuya əlillik verilmir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

2020-ci ildə Vətən müharibəsində döyüş tapşırığını yerinə yetirərkən mərmi partlayışı nəticəsində çoxsaylı xəsarətlər almış hərbi qulluqçu Ağayev sağlamlığındakı problemlərə baxmayaraq, əlillik dərəcəsi ala bilmir. O, uzun müddətdir ki, bu məsələ ilə əlaqədar məhkəmə qapılarında qalıb.

Bizimyol.info xəbər verir ki, 1988-ci il təvəllüdlü Ağayev 2008-ci ilə qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığında xidmət edib. 2014-2017-ci illərdə Daxili Qoşunlarda baş atıcı vəzifəsində xidmət edib. 2018-ci ildə isə N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə qəbul edilib, manqa komandiri vəzifəsində çalışıb.

Vətən müharibəsi dövründə Qaradağ rayonu Səfərbərlik Xidməti tərəfindən müharibəyə göndərilib. Azərbaycanın ərazi bütölüyü uğrunda gedən döyüşlərdə tapşırığı yerinə yetirərkən düşmənin atdığı mərminin yaxınlıqda partlaması nəticəsində “qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, partlayış yaralanması - sol əl, hər iki baldır, sol diz oynağı nahiyələrinin kor qəlpə yaralanması” kimi xəsarətlər alıb. Ona ilk tibbi yardımı hərbçi yoldaşları göstərəndən sonra N saylı hərbi hissəyə göndərilib. Orada yardım göstərildikdən sonra isə klinikaya təxliyə olunub. Hərbi hissədə bir neçə ay xidmət etdikdən sonra baş ağrılarından, əsəbilikdən, qulaqda küydən, həyəcan hissindən, yuxusuzluqdan şikayətlərinə görə hərbi hissə komandiri tərəfindən ixtisaslı müayinə və müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilib. Daha sonra müxtəlif vaxtlarda o, həm bu hospitalda, həm də başqa tibbi müəssisələrdə, o cümlədən Respublika Psixatriya Xəstəxanasında müayinə və müalicələrdə olub.

Onun sözlərinə görə, bütün müayinə və müalicələr nəticəsində səhhətində bir sıra problemlərin olduğu təsdiqlənib. Ona partlayış nəticəsində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez-tez təkrarlanan dekompensiyalarla, depresiv daxilolmalarla, şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri, barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, sol əlin dördüncü barmağının distal falanqasının bitişmiş sınığı, barmağın distal falanqasında yumşaq toxumada bir ədəd kiçik ölçülü metal qəlpə, hər iki baldır və sol diz nahiyyəsinin yumşaq toxumalarında böyüyü 9 milli metr ölçüdə olmaqla, çoxsaylı metal qəlpələr diaqnozu qoyulub. Şikayətçi bildirir ki, xəstəliyi daha da kəskinləşib, sağlamlığının müalicə ilə bərpası mümkün deyil: “Sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə stasionar və ambulator müalicələr almağıma baxmayaraq, xəstəliklərim müalicə olunmayıb. Əksinə, daha da ağır mərhələyə keçib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona əlillik təyin olunmasını uyğun hesab etməyib. İmtina məktubunda da göstərilib ki, onun adına rəsmiləşdirilən göndərişdə diaqnozlar qeyd olunsa da, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozlar öz təsdiqini tapmayıb. Bundan sonra o, məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə ona əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin qoyulmasını istəyib.

Qarşı tərəfin nümayəndəsi məhkəmədə də onun iddiasına etiraz edib: “Orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə nəticəsində qiymətləndirilib və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyova hərbi qulluqçunun haqlı olduğu qənaətinə gəlib və onun iddiasını təmin edib. Qərara əsasən, onun xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulub.

Agentlik bu qərardan apellyasiya şikayəti verərək, onun ləğvini istəsə də, xeyri olmayıb. Bakı Apellyasiya Məhkəməsi də bu qurumu haqsız sayaraq, aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr