AZ

Zəfər Günü tariximizin ən parlaq səhifəsidir

“Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”

İlham Əliyev, Azərbaycan Prezidenti

XIX əsrin 20-ci illərindən başlayaraq tarixi torpaqlarımızın erməniləşdirilməsi siyasətinin nəticəsi olaraq, ötən əsrin ikinci dekadasında doğma diyarımızda süni şəkildə Ermənistan adlı dövlət yaradıldı. Sovet hakimiyyəti qurulduqdan sonra isə bolşevik rejiminin dəstəyi ilə Zəngəzurun və digər bölgələrin də Ermənistana birləşdirilməsi Azərbaycana qarşı növbəti ərazi iddialarına gətirib çıxardı. 80-ci illərin əvvəllərindən başlayan Qarabağın ilhaqı prosesi sonrakı mərhələdə aktiv fazaya keçdi və nəticəsi hamımıza məlumdur. Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü pozuldu, 20 faiz torpaqları 30 ildən çox işğal altında qaldı.

Vandalizmlə müşayiət edilən erməni işğalı Azərbaycanın zəngin tarixini özündə yaşadan milli memarlıq abidələrinin, dini-mədəni irsinin, sənət nümunələrinin, kəndlərin, şəhərlərin dağıdılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi və ölkəmizin iqtisadiyyatına ağır zərbələrin vurulması ilə nəticələndi. Azərbaycana 10 milyardlarla dollar dəyərində maddi ziyan vuruldu, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsini ən ali məqsədi hesab edən Ulu Öndər Heydər Əliyev bütün həyatını bu məqsədyönlü prinsipial məsələyə həsr etdi. Onun bu missiyasını üzərinə götürən Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq münaqişənin sülh yolu ilə həlli üçün inanılmaz qətiyyət göstərməklə yanaşı, güclü ordu quruculuğunu xüsusi diqqətdə saxladı.
Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalmasına baxmayaraq, bütöv və ahəngdar iqtisadi sistem qurmaqla öz inkişaf qabiliyyətini və dünya dövlətləri ilə investisiya, iqtisadi inteqrasiya potensiallarını möhkəmləndirdi, bölgədə nəhəng layihələrin təşəbbüskarlığını ələ keçirərək Ermənistanı regional layihələrdən təcrid etdi.

Qlobal iqtisadi mühitə çoxşaxəli inteqrasiya kursu ilə yanaşı, beynəlxalq səviyyədə səmərəli əməkdaşlıq və məharətlə yürüdülən siyasi-hüquqi-diplomatik siyasət dövlətimizin ərazi bütövlüyünün dəstəklənməsində həlledici rol oynadı.

Azərbaycanın iqtisadi gücə əsaslanan dayanıqlı maliyyə resursları, ilk növbədə keçmiş məcburi köçkünlərin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına və dövlətimizin hərbi qüdrətinin yüksəlişinə yönəldildi. 2003‒2020-ci illərdə dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin məbləği 15 dəfədən çox artdı və müdafiə sektoru ciddi şəkildə modernləşdirildi. Ordu quruculuğu ilə paralel şəkildə müdafiə sənayesi kompleksinin formalaşması Silahlı Qüvvələrimizin zəruri silah, sursat və texnika ilə təchizatında mühüm rol oynadı. Davamlı hərbi büdcə strategiyası Zəfərə gedən məsafəsini daha da yaxınlaşdırdı.

Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn ali prinsiplərinə sadiqliyini nümayiş etdirmiş, təcavüzkar dövləti BMT-nin və digər təsisatların qəbul etdiyi qətnamələrə riayət etməyə çağırmışdır. Ancaq münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışaraq işğalın daimiliyinə rəvac vermişdir. Eyni zamanda, işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirən BMT TŞ qəbul etdiyi dörd qətnamənin kağız üzərində qalmasına səbəb olmuşdur.

Baş verən bu ədalətsizliklər və beynəlxalq haqsızlıqlara rəğmən, öz sülhpərvər siyasətinə sadiq qalan Azərbaycan Lideri İlham Əliyev münaqişənin növbəti ağır fazasına start verməyə çalışan və digər ərazilərimizi işğal etməyə cəhd göstərən Ermənistanın törətdiyi təxribatlara və 2020-ci il sentyabrın 27-də başlatdığı cəbhəboyu təxribatlara cavab olaraq əks-hücum əməliyyatı başlatdı. “İrəli” əmri ilə başlayan “Dəmir yumruq” əməliyyatı düşmən ordusunun və havadarlarının ağır məğlubiyyəti və Azərbaycanın sarsılmaz qələbəsi ilə tamamlandı. 44 günlük müharibədə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edən Azərbaycanın qarşısıalınmaz hücum aktı qarşısında diz çökən İrəvan noyabrın 10-da kapitulyasiya sənədini imzaladı, Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verdi. Prezident İlham Əliyev bu çətin, lakin şərəfli günlərdə bütün cəbhələrdə təkbaşına döyüşürdü.

İkinci Qarabağ müharibəsi, həmçinin milli həmrəyliyimizi, milli birliyimizi daha da möhkəmləndirdi. Müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandana dəstək ifadə edən birgə bəyanat və müraciətləri milli məsələlərdə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Yalnız anti-milli ünsürlərin - AXCP, Müsavat Partiyası və “Milli Şura”nın xalq-dövlət həmrəyliyindən kənarda qalması bir daha onların xain xislətini əks etdirdi.

Seçilən
26
aznews.az

1Mənbələr