Bu gün toxunacağım mövzu uzun müddətdir qəlbimdə daşıdığım, lakin heç cür qələmə ala bilmədiyim bir mövzudur. Yazmaqdan qorxduğum üçünmü? Yox, qətiyyən. Bəzən insan ən çox arzuladığı, görmək üçün can atdığı, illərlə həsrətlə gözlədiyi bir məkanı sözə çevirməkdə çətinlik çəkir. Mənim üçün Şuşa da belə bir duyğunun simvoludur. Onu həsrətlə gözləyən, hər zaman qəlbində yaşadan, amma uzun illər görə bilməyən bir insan kimi bu şəhəri yazmaq həm sevinc, həm də məsuliyyət tələb edir. Şuşa haqqında düşünəndə gözümün önünə həmişə onun dolaşmadığım küçələri, sıldırım qayaları, dumanlı səhərləri gəlir. Xalq şairi Səməd Vurğunun “Vaqif” dramındakı Xuramanın özünü atdığı o məşhur qayadan baxmaq, şəhərin eniş yoxuşunda addımlamaq arzusu hər zaman içimdə yaşayıb. Yazıma Səməd Vurğunun “Şuşa” şeirindən iki misra ilə başlamaq istəyirəm: Bir əcəb gülşəndir torpağın, daşın, Dumanlı dağlardır həyat yoldaşın Şair nə gözəl vəsf edir əsrarəngiz Şuşamızı?! Qafqazın incisi, Azərbaycanın görkəmli ziyalılarının, maarifpərvərlərinin və sənətkarlarının doğma məkanı... Bu şəhərin elə bir qarışı varmı ki, tarixlə yoğrulmasın, bir əfsanə ilə, rəvayətlə, bir xatirə ilə bağlı olmasın? Gözəl Şuşa - adı çəkiləndə insanın qəlbində qövr edən, sözün ifadə etməkdə aciz qaldığı o ülvi duyğuların şəhəri... Hər bir azərbaycanlının ömründə ən azı bir dəfə görməli olduğu, görmədən bu dünyadan köçməyin günah sayıldığı bir diyar. Şuşa Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda, tarixi və coğrafi Qarabağ bölgəsində yerləşən, tayı-bərabəri olmayan mistik bir şəhərdir. Bakıdan 373 kilometr məsafədə, dəniz səviyyəsindən 1400–1500 metr yüksəklikdə, dağ iqliminin hökm sürdüyü geniş yaylada salınmış bu şəhər həm təbiəti, həm də mənəvi aurası ilə bənzərsizdir. Qarabağın baş tacı olan Şuşa, həm strateji əhəmiyyəti, həm də mədəni irsi ilə seçilir. Bura təkcə daşdan və torpaqdan ibarət bir məkan deyil, həm də milli yaddaşın, azadlıq arzularının, qəhrəmanlıq və mənəvi dirənişin simvoludur. Müasir dövrdə dünyanın hərb tarixində “unikal əməliyyat” kimi qiymətləndirilən azadlıq savaşının mərkəzində məhz bu şəhər dayanmışdır. Şuşa Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, orta əsr memarlığının da nadir incilərindəndir. Üç tərəfdən sıldırım qayalarla əhatə olunan bu mistik şəhər, həm təbii relyefi, həm də memarlıq planı ilə Qafqaz urbanizminin unikal nümunəsi hesab olunur. Şəhərdə yerləşən Gövhər Ağa məscidləri, Pənahəli xanın sarayı, Xurşidbanu Natəvanın evi kimi abidələr təkcə Şuşanın deyil, ümumən Azərbaycan memarlığının sənətkarlıq ənənələrini əks etdirir. Təməli 1752 ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir tərəfindən qoyulan bu şəhər, əvvəlcə onun şərəfinə “Pənahabad” adlandırılmış, daha sonralar isə “Şuşa qalası” və “Şuşa şəhəri” kimi tanınmışdır. XVIII əsrin sonlarından etibarən Qarabağ xanlığının paytaxtı olan Şuşa, XIX əsrdə artıq “Azərbaycan musiqisinin beşiyi”, “Şərqin konservatoriyası”, “Qafqazın sənət məbədi” və “Kiçik Paris” kimi metaforik adlarla anılmağa başlamışdır. Bu adlar şəhərin mədəni və intellektual mühitinin gücünü, maarifçilik və sənət həyatındakı aparıcı rolunu əks etdirir. Şuşa şəhəri Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd Çinar, Dördlər Qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə kimi 17 məhəllədən ibarət idi. Şəhərin qərbində yerləşən Üçmıx dağı üç təpədən ibarət olub, xalq arasında “torpağa sancılmış üç mıx” kimi təsəvvür edilirdi. Şuşanın cənubunda yerləşən Cıdır düzü isə həm coğrafi, həm də mənəvi baxımdan şəhərin simvolik məkanlarından biridir — burada tarixi mərasimlər, at yarışları və poeziya məclisləri keçirilmişdir. Rusiya imperiyası dövründə Şuşa Qarabağ bölgəsinin inzibati və mədəni mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XX əsrin ortalarına qədər şəhərdə geniş mədəni-inzibati infrastruktur formalaşmışdı. Üzeyir Hacıbəyli, Bülbül, Mir Möhsün Nəvvab muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, müxtəlif təhsil müəssisələri, Dövlət Dram Teatrı, Şuşa Televiziyası, kitabxanalar, mədəniyyət evləri və sanatoriyalar şəhərin zəngin mədəni həyatının göstəriciləri idi. Bütün bu faktlar göstərir ki, Şuşa təkcə tarixi-coğrafi mövqeyinə görə deyil, həm də Azərbaycan milli kimliyinin, musiqisinin, poeziyasının və maarifçilik ideyalarının mərkəzi kimi əvəzsiz rola malik olmuşdur. Şuşa yalnız mədəniyyətin deyil, həm də təbiətin öz poetik ahəngini tapdığı müqəddəs bir məkandır. Şəhərin dağlarında elə bir çiçək bitir ki, bu bitkiyə dünyanın heç bir yerində təsadüf edilmir. Təbiətin Şuşa torpağında yaratdığı bu nadir möcüzə- Xarı bülbül həm botanika, həm də simvolizm baxımından bənzərsizdir. XIX əsrin sonlarından etibarən bu çiçək Şuşanın, daha geniş mənada isə Qarabağın rəmzinə çevrilmişdir. Formasına görə sanki çiçəyin nektarını çəkən arını görüb bağrı yarılan bülbülü xatırladan bu gül, xalq təxəyyülündə sevgidə sədaqətin, təbiətlə insan ruhunun vəhdətinin, həsrət və vüsalın təcəssümü kimi dəyərləndirilmişdir. Xarı bülbül həm də Azərbaycan insanının torpaqla mənəvi bağlılığının, itirilmiş gözəlliklərə duyulan həsrətin poetik simvoluna çevrilmişdir. Məhz bu baxımdan Xarı bülbül yalnız bir təbiət fenomeni deyil, həm də Şuşa ruhunun təcəssümü, mədəni yaddaşın və milli dirçəlişin rəmzi kimi dəyərləndirilir. Milli ədəbiyyatımızın önəmli isimlərindən olan mərhum Yaşar Qarayev Xarıbülbül haqqında, “Şuşada bir gül bitir. Adına Xarıbülbül deyirlər. Onu da deyirlər ki, bu güldən ayrı heç yerdə əsər-əlamət tapılmaz. Çünki Xarıbülbül təkcə Şuşa torpağındakı məhəbbətdən cücərir. İlhamın və məhəbbətin Şuşadakı cövhəri ayrı heç yanda olmur və ona görə də Xarıbülbülü harada əkirsən ək, ayrı heç yanda bitmir” deyərək, Xarıbülbülün sadəcə bir bitki deyil, Şuşa ruhunun və ilahi ilhamın rəmzi olduğunu ifadə etmişdir. Bu gülün yalnız Şuşa torpağında bitməsi, sanki bu şəhərin mənəvi enerjisinin, təbiətin və sənətin mistik bir nöqtədə qovuşmasının təcəssümüdür. Bu gün biz qürurla və fəxarətlə həmin müqəddəs torpaqda — Qarabağın mədəniyyət beşiyində, Şuşada yenidən dirçəlişin şahidi oluruq. Bu şəhərin hər daşı, torpağı, dağı, gülü və çiçəyi özündə tarixin qədim sirrlərini, sənətin nəfəsini və Azərbaycan mədəniyyətinin ruhunu daşıyır. Şuşa —Vaqifin hikmətinin, Xan qızı Natəvanın zərif duyğularının, dahi Üzeyir bəyin musiqisinin, Bülbülün səsinin və daha neçə-neçə sənətkarın ilham qaynağı olmuş müqəddəs bir yurddur. Hər biri bu torpağın mədəni irsini formalaşdıraraq onu Azərbaycan xalqının mənəvi simvoluna çevirmişdir. Şuşa XIX əsrin sonlarında yalnız mədəniyyətin deyil, həm də maarifin əsas ocaqlarından biri kimi formalaşmışdır. Burada yaranan məktəblər, maarif cəmiyyətləri və ədəbi mühit Azərbaycan ziyalılığının təşəkkülündə mühüm rol oynamışdır. Bu kontekstdə xüsusilə Şuşa Realnı məktəbi mühüm tarixi əhəmiyyətə malik idi. 1881-ci il sentyabrın 20-də fəaliyyətə başlayan bu tədris müəssisəsi hazırlıq və üç əsas sinifdən ibarət idi. Məktəbin ilk ilində 159 şagird qəbul edilmişdi; onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. Bu çoxmillətli tərkib Şuşanın o dövrdə Qafqazın mədəniyyət və təhsil mərkəzi kimi nə qədər açıq, inteqrativ bir mühitə sahib olduğunu göstərir. Şuşa Realnı məktəbi sonrakı onilliklərdə Azərbaycanın elm, mədəniyyət və ədəbiyyat həyatında dərin iz qoymuş bir çox şəxsiyyət yetişdirmişdir. Onların sırasında Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski kimi dövrlərinin ən parlaq şəxsiyyətləri, görkəmli yazıçılar, ziyalılar da vardır. Bu məktəb, həmçinin XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşan Azərbaycan maarifçilik hərəkatının canlı laboratoriyası rolunu oynamış, milli oyanış ideyalarının təməlinin qoyulmasında əvəzsiz rol oynamışdır. Kim bilərdi ki, bir zamanlar böyük xanəndə Xan Şuşinskinin qürurla ifa etdiyi məşhur mahnıdakı bu misralar bir gün acı həqiqətə çevriləcək: Şuşanın dağları başı dumanlı, Qırmızı qoftalı, yaşıl tumanlı, Dərdindən ölməyə çoxdu gümanı... Əslində, tarix boyu gözəlliyi və strateji mövqeyinə görə seçilən Qarabağ diyarı dəfələrlə yad qüvvələrin hədəfinə çevrilmişdir. Bu gerçəklik Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın dilindən səslənən məşhur “Keçdi pəncəmizə gözəl Qarabağ” ifadəsində öz ədəbi simvolikasını tapmışdır. Tarixin bu təkrarlanan aqibəti sanki Şuşanın taleyinə yazılmışdı. Lakin bu dəfə qara buludlar daha uzun sürəcəkdi... Qarabağın döyünən ürəyi olan Şuşa 8 may 1992-ci ildə erməni silahlı qüvvələrinin işğalına məruz qaldı. Bu faciə zamanı 195 nəfər Azərbaycan vətəndaşı qətlə yetirildi, 165 nəfər yaralandı, 150 nəfər əlil oldu, 552 uşaq valideynlərini itirdi, 20 mindən artıq insan doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrildi. 58 azərbaycanlının taleyi isə bu günədək məlum deyil. Biz xalq olaraq hər zaman mədəniyyətə, şeirə, sənətə və sənətkara dəyər vermişik. Səməd Vurğunun “Vaqif” dramında Vaqifin Qacara dediyi: “Bizdə şeir də var, sənət də vardır, Şairə, sənətə hörmət də vardır” misraları bu dəyişməz həqiqəti ən gözəl şəkildə ifadə edir. Mənfurların isə mədəniyyətə, şeirə, sənətə, sözə münasibəti işğal dövründə özünü büruzə verdi. Belə ki, mənbələrin məlumatına görə, işğalın ardınca mədəni soyqırımı həyata keçirildi. Şuşada Azərbaycan xalqının tarixi varlığını sübut edən 600-ə yaxın memarlıq abidəsi məqsədli şəkildə dağıdıldı. Onların sırasında Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Nəcəf bəy Vəzirovun evi, Mir Möhsün Nəvvabın ev-muzeyi, Xurşidbanu Natəvanın evi və Molla Pənah Vaqifin məqbərəsi xüsusi amansızlıqla yerlə-yeksan edildi. Bundan əlavə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Xalça Muzeyinin filialı, Xalq Tətbiqi Sənəti Muzeyi və Qarabağ Dövlət Tarix Muzeyi tamamilə məhv edilmişdir. Qafqazda yeganə olan Şərq musiqi alətləri fabriki dağıdılmış, nadir sənət nümunələri talan edilmişdir. Bu vandalizm aktlarının məqsədi aydın idi — Şuşanın azərbaycanlı kimliyini silmək, şəhəri erməniləşdirmək və onun mədəni yaddaşını məhv etmək. Hətta Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə gülləbaran edilmişdi. Beləcə, 8 may 1992-ci il Azərbaycan tarixində yalnız bir şəhərin deyil, həm də bir millətin mənəvi mərkəzinin işğalı kimi yadda qaldı. Şuşanın itirilməsi xalqın qəlbində qaysaqlanmayan bir yara, dumana bürünmüş bir xatirə, amma eyni zamanda gələcək ümidin başlanğıcı oldu. 2020-ci ildə böyük tarixi günlərin şahidi olduq. "Hər qaranlıq gecənin bir işıqlı gündüzü var" fikri cücərən ümidimin başında, önündə gəlirdi. Bəzən tezləşməsi bizə xəyal kimi görürən arzunun gerçəkləşməyi elə də uzaqlarda deyilmiş. 2020-ci il noyabrın əvvələri idi. Hava da xoş keçirdi, sanki qələbəmizə kömək edirdi, döyüşən oğullarımızın xətrinə “özünü yaxşı” aparırdı. Xatırlayıram ki, azad olunandan sonra yağış yağdı, hava da mənfur düşmənin izini, tozunu bu şəhərdən yumağa tələsirdi, şəhər paklanmağa can atırdı ki daimi sakinlərini əvvəlki kimi təmiz, saf, dağıntıya məruz qalsa da, tərtəmiz qarşılasın. Rəsmi şəkildə məlumat yayımlanmasa da, çoxumuz məsələdən hali idik. Cənab Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında “Bilirsiniz, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni, hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Axı ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar”, - deyə dövlət başçısı vurğulamışdır. Nə gözəl müsahibə idi. Hədəfimizə az qaldıqca ürəyimiz riqqətə gəlir, sanki Şuşanın səmalarında şəhidlərimizin yaralı ruhunun hənirtisi duyulurdu. Müharibə başlanandan gizlicə zikr etdiyim dua var idi: “İlahi, sevincimizi yarımçıq qoyma, bu haqq savaşından üzağ çıxar bizi”. Nəhayət, noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin çıxışını hər birimiz böyük sevinclə, intizarla, kövrək və qürur dolu, fəxarət dolu hisslərlə eşitdik. Şuşa Cənab Prezidentin rəhbərliyi, qətiyyətli, uzaqgörən siyasəti, rəşadətli ordumuzun şücaəti ilə düşmən tapdağından azad olunmuş və uzun çəkən həsrətdən sonra öz əsl sahiblərinə- ürəyi vətən həsrəti ilə çırpınan, qəlbi qubar bağlayan sakinlərinə qovuşmuşdur. Əli silah tutmağa tam hazır olmayan gənc əsgərlərdən tutmuş, illərin təcrübəli hərbçilərinə, səhhətinə görə hərbi xidmətə yararlı sayılmayan, lakin yenə də günlərlə hərbi komissarlıqların qarşısında dayanan igid oğullarımıza qədər hər kəs Qarabağ uğrunda səfərbər olmuşdu. Mənə görə, vətənpərvərlik səs-küylü pafosla deyil, səssiz, lakin dərin və sarsılmaz sevgi ilə ölçülür. Bir zamanlar xəyal kimi görünən, bu gün isə azad nəfəs aldığımız, torpağı şəhid qanı ilə yoğrulmuş müqəddəs şəhəri — Şuşanı gəzdikcə həm heyran qalır, həm də hər addımda şəhidlərimizin ruhuna rəhmət oxuyuruq. Biz Şuşasız böyüdük, lakin birlik, sarsılmaz iradə, qürur, inam və gücümüzlə böyük zəfəri qazandıq. Zaman keçəcək, illər bir-birini əvəzləyəcək, lakin Azərbaycan oğullarının qəhrəmanlığı, bu xalqın azadlıq uğrunda yazdığı şanlı tarix unudulmayacaq. Ey Şuşa, sən bizim keçmişimizin aynası, bu günümüzün qüruru, zəfərimizin canlı şahidisən. Əbəs yerə ümummilli lider Heydər Əliyev demirdi: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur.” Bu müqəddəs torpağı bizə bəxş edən qəhrəman şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə, müzəffər ordumuza və qətiyyətli sərkərdəmiz — Ali Baş Komandanımıza sonsuz minnətdarlıq hissi ilə baş əyirik.
Zəfərinin beşinci ili mübarək, əziz Şuşam!
Dövlət qulluqçusu, Filoloq Elza İbadova