“Maraqlı oyun olacaq”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mütəxəssis Misli Premyer Liqasının XI turunda baş tutacaq Azərbaycan derbisi haqqında fikirlərini bölüşüb:

“Mən “Neftçi”də işləyəndə “Qarabağ”a qarşı, “Qarabağ”da işləyəndə isə “Neftçi”yə qarşı oynamışam. Tarix göstərir ki, bu iki klub arasında həmişə gərgin mübarizə olub. Bu rəqabət həm azarkeşlər, həm də futbolumuz üçün çox yaxşıdır. “Neftçi” bu oyunda qələbə qazansa böyük stimul ola bilər. Onlar bu şansdan istifadə etməlidir. “Neftçi”nin təkrar dirçəlməsi üçün öz oyunu olmalıdır. Məsələn, “Qarabağ”ın öz oyunu var. Kimin gəlib-kimin getməsindən asılı olmayaraq komanda öz oyununu oynayır, buna görə də uğur qazanır. Oyun varsa, xal da olacaq. Bu — aksiomadır. “Neftçi”nin son oyunlarına baxanda görürsən ki, uşaqlarda istək var, nəsə etmək istəyirlər. Komandada canlanma müşahidə olunur. Ancaq “mükəmməl oyun var” demək üçün hələ tezdir”.

Mütəxəssis “Neftçi”nin yeni transferi Vensan Abubakarın nəticəyə mümkün təsiri haqqında bunları deyib: “Abubakar tək oynamayacaq ki — komanda ilə oynayacaq. Ümumilikdə götürəndə Abubakar yaxşı futbolçudur. Öz üzərində işləyib formasının 80 faizini qaytarsa, “Neftçi”yə kömək edə bilər. Hazırda “Neftçi”nin tək üstünlüyü ondadır ki, “Qarabağ” iki gün öncə ağır oyun keçirdiyi üçün yorğun ola bilər. Buna baxmayaraq, oyunun aşkar favoriti “Qarabağ”dır”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu noyabrın 9-da baş tutacaq.