AZ

Mətanət Ağamirli: “Zəfər Günü – milli ləyaqətin bərpası və birliyimizin simvoludur”

Əməkdar jurnalist Mətanət Ağamirli QHT.az-a açıqlamasında bildirib ki, 8 noyabr- Zəfər Günü Azərbaycan xalqı üçün təkcə hərbi qələbə deyil, milli ləyaqətin bərpası, tarixi ədalətin qayıdışı və xalq birliyinin təntənəsidir.

Onun sözlərinə görə, 8 Noyabr Zəfəri həm də şəhidlərin qanı ilə yazılmış müqəddəs tarix, həm də xalqın özünə inamının və dövlətin gücünün simvoludur:

“Bu gün biz təkcə torpaqlarımızı azad etmədik, həm də özümüzə inamı, xalq olaraq gücümüzü, ordumuzun və dövlətimizin əzmini bütün dünyaya nümayiş etdirdik. Zəfər həm də şəhidlərimizin əmanətidir – onların qanı ilə yazılmış müqəddəs tarixdir. Zəfərdən sonra gələcək nəsillərə vətənpərvərlik tərbiyəsi,  vətənpərvərlik ənənələri sadəcə şüarlarla, sözlərlə deyil, vətəndaş borcunu yerinə yetirməklə, əməli fəaliyyətlə çatdırılmalıdır. Əlbəttə, bu ümummili məsələdə QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan vətəndaş cəmiyyətinin fəaliyyəti bir neçə istiqamət üzrə daha da genişləndirilməlidir. Deyə bilərsiniz ki, sosial yönümlü priqramlar çərçivəsində, o cümlədən QHT-lər tərəfindən şəhid ailələri və qazilərlə bağlı çoxsaylı layihələr gerçəkləşdirilir. ”

Mətanət Ağamirli hesab edir ki, bu qəbildən nə qədər kayihələr həyata keçirilsə, yenə də azdır. Əgər bir qazinin həll edilməmiş problemi, bir şəhid ailəsinin belə narazılığı, küskünlüyü varsa, deməli şəhid ailələri və qazilərlə bağlı sistemli, ardıcıl dəstək proqramlarının dövlət strukturları ilə koordinasiyalı şəkildə həyata keçirilməsinə ciddi ehtiyac var. Bu zaman yalnız maddi yox, psixoloji, sosial adaptasiya və reabilitasiya dəstəyi mütləq  önə çəkilməlidir. O həmçinin medianın və QHT-lərin informasiya müharibəsində fəal iştirakının vacibliyini vurğulayıb:

“Eləcə də gənclər arasında real, praktiki vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində olmalıdır. Bu  zaman sadəcə tədbirlər yetmir, şəhid ailələri ilə görüşlərə, Vətən müharibəsi veteranları ilə canlı dialoqlara, Şuşa və digər azad edilmiş bölgələrə maarifləndirici səfərlərə üstünlük verilməlidir. Paralel olaraq mediada düzgün vətəndaş mövqeyinin formalaşdırılması da vacib məqamlardan biridir. Bu məsələlərdə QHT-lər informasiya müharibəsində aktiv rol almalı, gəncləri yanlış təsirlərdən qoruyan maarifləndirmə işləri aparmalıdır. Biz Zəfəri qorumaq istəyiriksə, onu hər gün yenidən şüurumuzda, davranışımızda, münasibətimizdə yaşatmalıyıq. Bu, həm dövlətin, həm cəmiyyətin, həm də hər bir vətəndaşın üzərinə düşən tarixi məsuliyyətdir".

Seçilən
48
qht.az

1Mənbələr