AZ

Azərbaycanın qüdrəti, dostların vəhdəti, Trampın heyrəti

Bakının Azadlıq meydanında, Zəfər Gününün (Vətən Müharibəsində Qələbənin) beşinci ildönümü münasibətilə keçiriləcək hərbi parada saatlar qaldı. Dar günün dostları – bu möhtəşəm gündə də bir arada olacaqlar, hərbi keçidi bərabər tribunadan izləyəcəklər: Türkiyə, Azərbaycan və Pakistan liderləri! Türkiyə və Pakistan hərbçilərinin də iştirak edəcəyi hərbi parad dost-düşmənə mesaj olacaq.

İlham

Təkcə yerdə deyil, səmada da bu birliyin, qardaşlığın nümayişini izləyəcək bütün dünya. Türkiyənin “F-16-lar”ı, Pakistandan aldığımız JF-17 Thunder” qırıcıları Azərbaycan səmasında süzəcək. Möhtəşəm gün yaşayacağıq, 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfərimizə layiq bir tarix!

Qırıcılar

NATO-nun ən qüdrətli ölkəsi, nüvə dövləti ilə çiyin-çiyinə! Möhtəşəmdir! Azərbaycan Prezidenti NATO nümayəndələri ilə görüşdə Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Türkiyə ilə birgə hərbi təlimlərimizin sayı-hesabı yoxdur. Bir müddət öncə Azərbaycan hərbçiləri Pakistan paytaxtındakı hərbi parada qatıldılar. Türk dövlətlərinin orduları ilə də əlaqə yüksək səviyyədə davam edir – hədəfdə dünyada sülhü, təhlükəsizliyi təmin edəcək Turan Ordusu var!

485f8587-d93a-4c11-b4c3-bd2f7e370d19.jpg

Bu mənada 8 Noyabr hərbi paradı hər kəsin nəzər diqqətində olacaq. Tarix boyu Azərbaycana qarşı düşməncəsinə davrananlar və bu gün də hələlik “daşı ətəyindən tökməyə” tərəddüd edənlər ciddi-ciddi düşünsünlər! Bakıda keçirilən hərbi parad kimsəyə qarşı yönəlməyib, bu, dost-qardaş ölkələrlə birlikdə həm də sülh və təhlükəsizliyin təminatı naminə reallaşdırılan hərbi keçiddir. Azərbaycan Prezidenti, Sülahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bəyan edib, savaş bitdi, artıq sülh dövrü başlayıb və biz sülh razılaşmasına sadiqik. Lakin o xəbərdarlıq da edilib ki, Azərbaycanla kimsə bir daha təhdid dilində danışmaq istəsə, peşman olacaq, gözünü oyarıq! Amma hərbi parad keçirməyimizdən də qorxmasınlar, təşvişə düşüb silah-sursat, hərbi texnika alışı üçün tədarük görməsinlər! Bu yaxınlarda Ermənistanın qırıcılar alması barədə xəbər yayıldı. Əslində mənasız hərəkətdir, Azərbaycanın 5-ci nəsil silahlarla təmin olunmuş ordusunun qarşısında nə etsələr belə, mənası olmayacaq, növbəti dəfə toqquşmalar baş verəcəksə, uzağı Hərbi Qənimətlər Parkındakı eksponatları zənginləşdirəcəklər. Ona görə də ən yaxşısı və doğrusu Azərbaycanın təqdim etdiyi “ev tapşırığı”na əməl etmək, silah-sursata xərclənən vəsaiti ermənilərin adam kimi yaşayışına yönəltməkdir.

Azərbaycan

Dövlət başçımız təsadüfən AMEA-dakı çıxışında Ermənistana ünvanlı mesajlarında “qorxmasınlar” demədi. Əslində o sözləri Qərbi Azərbaycandan didərgin düşən azərbaycanlıların geri qayıdışı zərurətindən bəhs edərkən söyləmişdi. Amma bu ismarış həm də Bakıda keçiriləcək 8 Noyabr Hərbi Paradı ilə bağlı da keçərlidir. Bizim kimisə qorxutmaq niyyətimiz yoxdur, əgər belə olsaydı, Azərbaycan ordusu 8 Noyabrda dayanmazdı, ən azı Göyçə gölünün sahilinədək irəliləyərdi...

Uitkoff

Bu yerdə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bağlı fikirlərinə diqqət çəkək. Diplomat dövlət başçımızın Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib. Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında Uitkoff bildirib ki, avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini birbaşa soruşub. Azərbaycan lideri cavab verib ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və “ona artıq heç nə lazım deyildi”. ABŞ Prezidentinin xüsusi elçisi etiraf edib ki, bu, həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz bir qərardır. Azərbaycan Prezidenti dünyanın bir saylı dövlətinin diplomatlarını, prezidentini heyrətləndirməkdə davam edir!

C5+1

Eyni zamanda ABŞ prezidenti Donald Tramp C5+1 görüşü zamanı Zəngəzur dəhlizindən danışıb. Bildirib ki, Zəngəzur dəhlizi - TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu) layihəsi dünyanın iqtisadi cəhətdən əhəmiyyətli regionundan keçən nəqliyyat dəhlizidir. “Bu, Xəzər dənizi boyunca artan ticarət fəallığını stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək etmək məqsədi daşıyır”, deyən Trampın sözlərinə görə, bu marşrutun (söhbət Zəngəzur dəhlizindən gedir-E.P.) həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında 8 avqust tarixi razılaşma sayəsində mümkün olub: “Bu tarixi saziş həm də yeni “Tramp marşrutu”nun yaradılmasını nəzərdə tutur. Bu, çox gözəldir Onlar (Azərbaycan və Ermənistan) bunu mənim şərəfimə qoyublar və mən bunu həqiqətən yüksək qiymətləndirirəm”. Dünyanın bir saylı ofisinin rəhbəri “Bu, həqiqətən də böyük nailiyyətdir. Trampın yeni marşrutu beynəlxalq sülhə gedən yoldur. O, iqtisadi cəhətdən mühüm regiondan keçir və Xəzər dənizi vasitəsilə ticarəti inkişaf etdirərək Mərkəzi Asiya xalqına kömək edəcək”, söyləyib.

Zəngəzur

Bütün bunlar Azərbaycan Prezidentinin qətiyyətli, prinsipial siyasəti nəticəsində mümkün olub. 5 il boyunca Ermənistan çox çalışdı, ancaq Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən boyun qaçıra bilmədi, ayrı-ayrı vaxtlarda rəsmi İrəvana şimal və cənubdan, hətta Avropadakı “böyük bacı”larından da təlimatlar gəlirdi. Lakin Azərbaycanın şərtlərinə əməl etməyin alternativi qalmadı və budur, Nikol Paşinyan və komandası Zəngəzur dəhlizinin tarixi əhəmiyyətindən danışır. Hətta Rusiya Təhlükəsizlik Şurasının baş katibi Şoyqu belə Zəngəzur dəhlizini mütərəqqi layihə adlandırmaqdan çəkinmir. Hamı Azərbaycan – İlham Əliyev deyənləri deyir! Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində diplomatik mübarizənin uğurla nəticələnməsinin özü 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı qədər böyük tarixi qələbədir!

Xankəndidə

8 Noyabr Paradından sonra daha çox heyrətlənən olacaq. Həm də ona görə ki, belə qüdrətli ordusu olan ölkə nədən öz ərazisində süni şəkildə elan olunmuş təcavüzkarı tapdayıb, keçmədi, deyərək...Çoxları hələ də anlamır ki, bu, Azərbaycandır, ləyaqətli savaş aparan və heç kəsin torpağında gözü olmayan ölkə!

Seçilən
34
musavat.com

1Mənbələr