Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 6-da Vilnüsdə Azərbaycanın Litvadakı səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra tədbirdə çıxış edən səfir Tamerlan Qarayev 8 Noyabr – Zəfər Gününün ölkəmizin tarixində ən parlaq səhifələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, bu, Azərbaycanın tarixi ədaləti bərpa etdiyi və xalqın güclü iradəsinin təcəssüm olunduğu bir gündür.
T.Qarayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi və xalqın birliyi sayəsində torpaqlarımızı azad edib, Şuşanın geri alınması ilə 2020-ci il noyabrın 8-i Zəfər Günü kimi tarixə düşüb. Zəfəri bizə yaşadan şəhidlərin fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayır və qazilərə dərin ehtiram göstərilir.
Diplomat Zəfər Gününün Azərbaycanın inkişafında yeni mərhələ olduğunu vurğulayaraq, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdiyini diqqətə çatdırıb. O əlavə edib ki, 30 ildən artıq davam edən münaqişə artıq başa çatıb və bu il avqustun 8-də Vaşinqtonda paraflanan sənəd münaqişənin rəsmən bitdiyini təsdiqləyir. Azərbaycanın təşəbbüsü ilə başlayan bu proses yalnız Cənubi Qafqaz deyil, Mərkəzi Asiya və Yaxın Şərq üçün də yeni perspektivlər yaradır.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Rəsmi hissədən sonra milli musiqi nömrələrimizin də səsləndirildiyi ziyafət təşkil olunub.