AZ

Ziyafət Əsgərov: Növbəti ilin büdcəsi qarşıya qoyulan hədəfləri tam qarşılayır

BAKI, 7 noyabr. TELEQRAF

“Cari ilin doqquz ayının məlumatına əsasən ÜDM real ifadədə 1,3 faiz artmışdır, bunun da məlum səbəbi ölkəmizdə mədənçıxarma sənayesində mövcud olan istehsalın həcmi və ixrac qiyməti ilə bağlıdır. Məhz belə bir şəraitdə ÜDM-un artmasına deyil, onun tərkibində baş verən keyfiyyət dəyişikliyinə xüsusi diqqət yetirilməlidir. Tikintidə 105 faiz, turizm və ictimai iaşədə 109 faiz, informasiya sektorunda 107 faiz artım ona dəlalət edir ki, ölkəmizdə infrastruktura investisiya qoyuluşu yüksəlir, turizm cəlbediciliyi artır, İKT sektoru iqtisadiyyata daha yaxından inteqrasiya edir və dəyər yaradır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin komitələrinin birgə iclasında vitse-spiker Ziyafət Əsgərov deyib.

O bildirib ki, büdcə layihəsi təkcə dövlətin baş maliyyə sənədi deyil, həm də dövlətin qarşısında duran məqsəd və vəzifələrin bir il ərzində idarə olunmasını, gerçəkləşməsini təmin edən strateji bir sənəddir:

“Dövlət büdcəsi layihəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” üzrə nəzərdə tutulmuş 5 Milli Prioritetin reallaşdırılması üçün etibarlı maliyyə bazası yaradır. Bu prioritetlər sırasında yer tutan - ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı, o cümlədən işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı cari ildə də diqqətdə saxlanılacaqdır.

Fikirlərimi büdcənin bəzi məqamları və onların aktuallığı üzərində qurmaq istəyirəm. Növbəti ildən Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq edilən eyni vergi güzəştləri tətbiq ediləcəkdir ki, bu da muxtar respublikada sahibkarlığın inkişafına, oraya investisiya qoyuluşuna və son nəticədə məşğulluq səviyyəsinin artmasına xidmət edəcək”.

Ziyafət Əsgərovun sözlərinə görə, 2026-cı il dövlət büdcəsinin xərcləri 41,7 milyard manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296 milyon manat çoxdur:

“Lakin ən prioritet istiqamətlər üzrə ayırmalar daha çox olacaqdır. Belə ki, 2026-cı il üçün sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 41 faizini təşkil edəcək.

Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi üçün 2026-cı ilin dövlət büdcəsində 2 milyard 751 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2025-ci illə müqayisədə 150,7 milyon manat və ya 5,8 faiz çoxdur”.

Vitse-spiker qeyd edib ki, hər bir millət vəkilini maraqlandıran məsələlərdən biri təhsilə ayrılan vəsaitin miqdarı və tərkibi ilə bağlıdır: “Bu baxımdan 2026-cı ilin dövlət büdcəsi bir sıra məqamlarla diqqəti cəlb edir. Bunlardan bəzilərini qeyd etmək istərdim.

İlk növbədə qeyd edim ki, təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi yüksələcək.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, 2025-ci illə müqayisədə peşə təhsili xərcləri 23,2 milyon manat və ya 28,3 faiz artımla proqnozlaşdırılıb. Bu peşə təhsilinə diqqətdir, onun maddi-texniki bazasının gücləndirilməsinə, əhatəliliyinin artmasına xidmət edəcək. Bildiyiniz kimi, son illərdə görülən tədbirlər nəticəsində peşə təhsili müəssisələrinə qəbulun şəffaflıq səviyyəsi artırılıb, yeni peşə təhsili mərkəzləri yaradılıb, gənclərin əmək bazarında öz yerini tutmasında bu təhsil pilləsinin əhəmiyyəti yüksəldilib. Büdcə layihəsi göstərir ki, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması növbəti illərdə də diqqətdə saxlanacaq”.

O vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və işğaldan azad olmuş bölgələrin yenidən dirçəldilərək keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması cari ildə də diqqətdə saxlanacaq:

“Dünya son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi bloklaşmaların, hətta qütbləşmələrin formalaşdığı və beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Qlobal güclər arasında qarşıdurmalar, müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması qarşıda duran əsas vəzifələrdən biridir. Ölkəmizdə də bu və digər formada yarana biləcək potensial risklər milli təhlükəsizliyin gücləndirilməsini, müdafiə qabiliyyətinin artırılmasını hər zaman vacib amil edir. Müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,7 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da cari ilə nəzərən 318 milyon manat çox deməkdir.

Onu da qeyd edim ki hər il olduğu kimi, 2026-cı ildə də20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün maliyyə vəsaiti ayrılıb. Hərbi qulluqçular eyni zamanda güzəştli ipoteka almaq hüququ olan şəxslər kateqoriyası kimi İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına mənzil almaq imkanına da malikdirlər.

Bilirsiniz ki, qüvvədə olan qanuna əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) kirayəyə götürülmüş yaşayış sahəsinə görə pul kompensasiyası ödənilir. Bunun üçün də büdcədə 15,5 milyon manat vəsait ayrılacaq”.

Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanın müdafiə potensialının və silahlı qüvvələrin maddi-texniki təminatının gücləndirilməsi məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən də vəsait ayrılacaq: “Məhz həmin vəsaitlər hesabına qarşıda duran vəzifələrə və bağlanılmış müqavilələrə uyğun olaraq xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 4,5 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.

2026-ci ilin dövlət büdcəsində eyni zamanda məhkəmə, prokurorluq və hüquq mühafizə orqanlarının xərclərinə 2025-ci illə müqayisədə 151,6 milyon manat və ya 4,7 faiz çox vəsait yönəldiləcək.

Büdcənin şəffaflığı da diqqət mərkəzində olacaq. Qeyd etmək lazımdır ki, xərclərin ünvanlılığının artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına “sair xərclər” maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 17,6 faiz az vəsait proqnozlaşdırılır.

Bütün qeyd olunanlar bir daha göstərir ki, növbəti ilin büdcəsi qarşıya qoyulan hədəfləri tam qarşılayır, daha uğurlu bir ilin maliyyə təminatını yaradır”.

Seçilən
38
teleqraf.com

1Mənbələr