AZ

“Müharibə bitdi deyə, konfet payladım, bilmədim oğlum o saatda şəhid olur” MÜSAHİBƏ

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali məktəbi yarıda qoyub, hərbçi olmaq arzsunun ardınca əsgərliyə  yollanan, həqiqi hərbi xidmətinin bitməsinə 4 gün qalmış, müharibəyə qatılıb, Şuşada son günə qədər savaşıb, noyabrın 8-i şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Tural Xudiyevin evinə yollanırıq.

“Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tural Xudiyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuaşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib”.

Lent.az-ın əməkdaşı şəhidin anası Rəna xanımla həmsöhbət olur.

Turalın yaşadığı otağa keçib, onun xatirələrindən danışırıq. Rəflərdə şəkilləri, şkafda isə səliqə ilə bir vaxtlar işlətdiyi əşyaları düzülüb.

İşlətdiyi telefonu hələ də, ona məxsus olaraq qalır. Şkafda kitabları, bir vaxtlar musiqi dinlədiyi maqintafonu, brelokları, asılqanda geyindiyi paltarları asılıb.

Qarderobunun alt hissəsində uşaq vaxtı oynadığı oyuncaqlar, yuxarısında isə hərbi xidmətdən tərxis olunanda geyinməsi üçün göndərilən, şəhid olduqdan sonra isə geri qaytarılan geyimlərinin içərisində olduğu çanta qoyulub.

Turalın bir vaxtlar yatdığı yataqda yerini, indi əsgər forması, papaqları və üzərində şəkli olan bayraq tutub.

“Oğlumu elə bil, torpaq özünə çəkirdi…”,-deyir, Rəna ana.

“Tural Azərbaycan Texniki Universitetində oxuyurdu. 3-cü kursda akademik məzuniyyət götürüb, hərbi xidmətə getdi. Dedi ki, əsgərliyimi çəkim, gələndə təhsilimi davam etdirəcəm. Özüylə birgə iki tələbə yoldaşı da çıxdı universitetdən. Onun gtməyinə razı deyildik. 5-6 ay çabaladıq ki, fikrindən daşındıraq, amma neyləyək, olmadı… 1 il 6 ay əsgərlik çəkəcəkdi. Tərxis olunmasına yaxın, paltarlarını göndərdim ki, geyinib gəlsin, Paltarlar gəldi, Turalım gəlmədi.

Deyirdim ki, gələndə hərbi geyimini da gətir, bilməzdim ki, müharibə olar.

Qarderobdakı hərbi pencəyi göstərib deyir: “Tural bu pencəyi oktyabrın 18-də yanaşı çarpayıda yatdığı əsgər dostuna verib, deyib ki, gedəndə bizə apararsan. O gətirib bunları.

Otaq başdan-başa şəkil olsa da, anası onun şəkil çəkdirməyi sevmədiyini, şəhid olandan sonra onları çərçivəyə saldığını bildirir:

Bu şəkli, o əsgərlikdə olanda çəkmişəm. Bilsəydim ki, şəhid olacaq, hər dəqiqə şəklin çəkərdim. Otaqdakı hər əşya dil açıb danışır, qalanlar hamısı xatirədir…

Müharibə vaxtı yazdığı məktuba baxırıq, onun üzəri islanıb, mürəkkəblər axıb. Görünür ki, gözyaşıdır…

“Mənə bir şey olsa, əşyalarımı heç kimə verməyin, məzarıma şəklimi vurmayın, dayımın yanında dəfn edin”.

Tural bu məktubu 9 avqust 2020-ci ildə yazıb, əsgər yoldaşına verib ki, ona bir şey olarsa, bizə çatdırsın. Üstündə atasının nömrəsini də yazıb ki, tapmaq asan olsun. Amma nə çarə, şəhid olandan 20 gün sonra çatdı əlimizə. Onda da gec idi, artıq noyabrın 12-də Ağdamda dəfn olunmuşdu. Məzarında da, şəklini vurmuşduq.

O universiteti yarım qoysa da, savadlı uşaq idi. 20 yaşında getdi əsgərliyə. O vaxt atası xəstə idi, onu heç dəmiryolundan da, yola sala bilmədik…”

Anidən  rəfdəki kitab gözümə dəyir: “Yaşamaq bir xatirədir”.

Kitabın adı belə, Turalın taleyindən xəbər verir. O bu otaqda xatirə, Vətəndə izdir. Yaşadığı müddətdə də, xatirələr qoyub, getdi. Həm də, elə xatirələr ki, onlardan min il də keçsə, silinməz izlərlə həkk olundu yaddaşlara.  

Şəkil çəkdirməyi sevməyən Tural şuşada olanda bir neçə anı ədəbiləşdirib. O, bu şəkli noyabrın 7-də, sonuncu şəklini Şuşada çəkdirib.

“Bu şəkli çəkdirdiyi yerdə vurulub. Noyabrın 7-i axşam saat 6-ya işləmiş Şuşada kimdənsə telefon tapıb, bizə zəng eləyib, 5-6 dəqiqə danışdı. İndiyə kimi o qədər çox danışmamışdıq. Onun kefi o qədər kök idi ki, sevincindən göylərə uçurdu, Şuşanı da azad edib, bitiririk, deyirdi.

Ayın 8-i günorta saat 12-1 arasında Şuşanın azad olunması xəbərini eşitdik. Yolda uşaqlar əllərinə bayraq alıb, sevinə-sevinə “Qarabağ Azərbaycandır”,-deyib, qaçırdılar. Çıxıb, onlara şokolad payladım. Günorta 2-3 arası da, Tural şəhid olub, bilmədik…

O, budundan yaralanmışdı. Yoldaşları Turalı çiyinlərinə alıb, 100-150 metr daşıyıblar, üç dəfə kəlmeyi - şəhadət deyib, dördüncüdə nəfəsi dayanıb, yarıda saxlayıb. Yanlarında tibb işçisi olsaydı, müdaxilə edərdi, olmayıb…

Səsi titrəyə-titrəyə, mən özüm tibb işçisiyəm,-deyir Rəna ana.

“Evə təzə televizor, soba almışdıq. Hər şey bişirmişdim, ki, Tural gələcək, yeyəcək. Xoşladığı meyvələr də soyuducuda idi. 5 il keçib, hələ də, buzluqda saxlayıram.

Əvvəllər gəlib, çəkiliş edirdilər, onlara da danışırdım bunları, amma indi elə bil indi unudulub Tural.

Əsgərlik yoldaşları deyir ki, çox canfəşan, fədakar idi. Hərdən sinif yoldaşları gəlirlər, onlarla danışırıq, yada salırıq. Deyirlər xoşuna gələn bir qız var imiş, amma heç onu da bilmirəm ki midi. Ağırbaşlı, qapalı uşaq idi, yoldaşları ondan danışanda öz-özümə deyirəm ki, elə bil mən öz övladımı tanımamışam heç. Tural döyüş yoldaşını 800-1200 metrlik məsafədə sürünərək neytral zonaya çıxıb, yarasını sarıyıb, sonra yenidən döyüşə qayıdıb”.

- Özünüz Bakıda yaşayırsınız, Turalı niyə Ağdamda, Quzanlıda dəfn olundu?

- Biz Ağdamlıyıq. Noyabrın 11-dən 12-nə keçən gecə saat 2-nin yarısı zəng edib, dedilər ki, Tural yaralıdır, gəlin Diaqnostika Mərkəzinə. Getdik, amma gördük ki, artıq qəbir qazıblar. Gedib-gəlmək çox çətindir. O istəyirmiş ki, dayısının yanında, Fatmayidə dəfn olunsun. Dayısı vəfat edən ərəfədə Tural əsgər getmək istəyirdi, hadisəyə görə qaldı, apreldə getdi. Bəlkə də apreldə yox, Yanvarda getmiş olsaydı, indi sağ idi. Amma nə bilim…

“Turalın uşaqlıq arzusu idi hərbçi olmaq”

“Tural 8-ci sinifdə oxuyanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyə keçmək istəyirdi. Amma gözlərinin ölçüləri fərqli olduğuna görə onun istəyi ürəyində qaldı. Qəbul etmədilər. Sonra məktəbi oxudu, universitetə qəbul oldu. Əsgərlikdən məzuniyyətə gələndə xalası oğluna deyib ki, özüm Xüsusi Təyinatlı Qüvvələrə yazılmışam, bu mənim arzum idi.

Universitetdən akademik məzuniyyət götürəndə valideyn imzası tələb olunurdu. İstəmirdik təhsilini yarımçıq qoyub, getsin. Ona görə atası da, gedib imzalamadı. Amma mənə dedi ki, əgər heç biriniz o kağıza imza çəkməsəniz, ümumiyyətlə çıxıb, gedəcəm. Qayıdanda da, oxumağa bir şey olmayacaq. Məcbur olub, gedib qol çəkdim. Bilsəydim ki, belə olacaq, heç getməzdim. Onun getməyinə mən razılıq verdim...

Keçən il gedib universitetə əraziyə yazıb, onun həm attestatını götürdüm, həm də Fəxri Diplom verdilər”.

“Müharibənin son günləri təzyiqim qalxırdı, bacısı da çox narahat idi, sən demə, ürəyimə damırmış...”.

“Füzuliyə çatanda fikirləşirdik ki, həkim gəlib, onu yaralanmış halda bizə göstərəcək. Gözlədik-gözlədik, amma həkim gəlmədi. Xəstəxananın qarşısında iri ağ çadır qurulmuşdu. Tırlar da, düzülmüşdü. Mənim ağlıma gəlməzdi, gəlməzdi ki, o çadırda olanlardan biri Turalın nəşidir... Tırlardakı da şəhidlər imiş. Ailələrini gələn şəhidləri yuyub, kəfənləyib, çadırın içində saxlayıblarmış. Bacım oğlu, qaynımgil onun nəşini görmüşdülər. Deyirlər ki, barmaqlarının ucu kəsik-kəsik idi. Şuşanın qayalarını yalınayaq, yalınəllə dırmaşıblar...”,-deyir Rəna ana.

- Hər gün Turalla bağlı status paylaşdığınızı görürəm.

- Hə, bir gün belə, olmaz ki, ən az 3-5 Turala aid nələrisə paylaşmayım. Onun yaddan çıxmasını istəmirəm.

O vaxt qardaşım yuxusunda görmüşdü ki, Tural evlənir, amma gəlinin qolunda qara lent var. O yuxunu bizə danışmadı, şəhid olandan çox sonra dedi. O dindardır, bəlkə də, ona hayan olmuşdu.

Turalın uşaqlıq şəkillərinə baxırıq. Albomda uşaq vaxtı çəkilən əsgər formasındakı geyimini görüb, başımı yuxarı qaldırıb, divara baxıram... Eynidir, sanki...

Albomda Turalın şəkillərinin arasında birinin üzərində yazı yazılıb. Rəna ana deyir ki, bu şəkli və yazını qızı Tural şəhid olandan sonra paylaşıb.

Yazıda deyilir: "9 ay əvvəl son dəfə danışdıq, səsini eşitdik. Bilmədik ki, son danışığımızdır. Gələcəyinə ümidim var hələ də, olmur sənsiz...".

Foto - İlkin Nəbiyev © APA GROUP

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
lent.az

1Mənbələr