ABŞ və Özbəkistan nadir torpaq metalları, texnologiya və su ehtiyatları üzrə əməkdaşlıq sazişləri paketi imzalayıb.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, sənədlər prezident Şavkat Mirziyoyevin Vaşinqtona səfəri zamanı imzalanıb.
Tərəflərin verdiyi açıqlamaya görə, paketə Özbəkistan Dirçəliş və İnkişaf Fondu ilə Amerikanın ReElement Technologies şirkəti arasında birgə layihələr daxildir. Sazişlər nadir torpaq metallarının çıxarılması və emalı, süni intellekt sahəsində əməkdaşlıq, eləcə də nasos stansiyalarının modernləşdirilməsi və suya qənaət edən texnologiyaların tətbiqini əhatə edir.
Media xəbərlərinə görə, danışıqlar qarşılıqlı hörmət atmosferində keçib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı o, Donald Trampa müraciət edərək "Özbəkistanda sizi sülh prezidenti adlandırırıq" deyib.
Sazişlərin imzalanması Vaşinqton və Daşkənd arasında iqtisadi və texnoloji əlaqələrin inkişafına yönəlmiş daha geniş sazişlər paketinin bir hissəsidir.
Musavat.com