AZ

"Konstitusiya xalq iradəsinin təcəssümüdür" - ŞƏRH EDİLDİ

"12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqil dövlətçiliyimizin hüquqi təməllərinin rəsmiləşdiyi tarixi gündür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə,1995-ci ildə qəbul edilən bu sənəd Azərbaycan xalqının azad iradəsinin, suverenliyinin və milli kimliyinin ifadəsidir. Konstitusiyanın qəbulu ilə ölkədə demokratik idarəçilik, insan hüquqlarının qorunması və hüquqi dövlət prinsipi üçün əsas yaradıldı: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd Azərbaycanı postsovet xaosundan çıxararaq sabit və qanunla idarə olunan bir dövlətə çevirdi. Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli ideologiyanın daşıyıcısı və dövlətçilik fəlsəfəmizin bələdçisidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın ruhuna uyğun olaraq ölkə idarəçiliyi daha da modernləşdirilmiş, vətəndaş rifahı isə prioritet istiqamətə çevrilmişdir. Ən vacibi isə dövlətin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub. Bu da Konstitusiyanın əsas prinsiplərinin həyatda gerçəkləşməsi deməkdir. Konstitusiyanın “Azərbaycan vahid, bölünməz və suveren dövlətdir” müddəası artıq reallıqda öz təsdiqini tapıb. Bu, yalnız hüquqi deyil, həm də mənəvi qələbədir.

12 noyabr həm də vətəndaşın dövlət qarşısında məsuliyyətini və qanunun aliliyinə hörmət hissini xatırladan gündür. Hər bir inkişaf etmiş cəmiyyətin dayağı Konstitusiyadır, çünki o, dövlətlə xalq arasında yazılmış müqavilədir. Azərbaycanın Konstitusiyası dəyişən dünyada da öz sabitliyini və aktuallığını qoruyub saxlayır. Bu sənədin dəyərlərini qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Azərbaycan Konstitusiyası dövlətimizin hüquqi qalxanı və milli iradəmizin təntənəsidir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
30
sia.az

1Mənbələr