AZ

Sülhə aparan JEST

Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. 

Qeyd edilən yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır. 1048,8 ton taxıl yüklənmiş qatar Gürcüstan ərazisinə keçdikdən sonra oradan Ermənistanın Dalarik stansiyasına yola düşəcək.

Azərbaycan ərazisindən keçməklə Qazaxıstan taxılının növbəti hissəsinin də Ermənistana ixracı nəzərdə tutulub. Qeyd edək ki, Qazaxıstan taxılının Azərbaycan vasitəsilə göndərilməsi Prezident İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmasından sonra mümkün olub. 

Bu, 1991-ci ildən bəri iki ölkə arasında yükdaşımaların və tranzitin təmin olunması ilk hadisədir. Ona görə də Qazaxıstan taxılının tranziti Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması və sülhün bərqərar olunması istiqamətində ilk rəmzi addımlardan biri hesab edilir. 

Yəqin ki, Qazaxıstandan sonra Rusiya və digər Mərkəzi Asiya ölkələri də Azərbaycan üzərindən Ermənistana dəmir yolu ilə yükdaşımaların həyata keçirilməsində maraqlı olacaq. Artıq Rusiya baş nazirinin müavini Aleksey Overçuk bununla bağlı iki dəfə açıqlama verib. O, oktyabrın 27-də Rusiya məhsullarının Azərbaycandan keçməklə dəmir yolu ilə Ermənistana tranzitini təklif edib. 

Baş nazirin müavini noyabrın 6-da taxılın Azərbaycan vasitəsilə Ermənistana yola düşməsi xəbərinə isə belə münasibət bildirib: 

“Yeni marşrut Rusiya ilə Cənubi Qafqaz dövlətləri arasında nəqliyyat əlaqələrini möhkəmləndirir, Avrasiya İqtisadi İttifaqı üzvü olan digər ölkələrin mallarının Ermənistan bazarlarına çıxış imkanlarını artırır və erməni istehsalçılarının Aİİ bazarlarına çıxışını genişləndirir”. 

Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması Cənubi Qafqazda yeni geoiqtisadi və geosiyasi arxitekturanın yaranmasına gətirib çıxara bilər. Çünki avtomobil və dəmir yollarının blokdan açılması Avropadan və Yaxın Şərqdən Çinə qədər uzanacaq geniş nəqliyyat-ticarət qovşağının yaranması deməkdir. 

Bu baxımdan, Qazaxıstan taxılının Ermənistana ixracına bu ölkənin Prezidenti Qasım Jomart Tokayevin 2024-cü ilin aprel ayında Ermənistana səfəri kontekstində nəzərdən salmaq lazımdır. Belə ki, Tokayevin səfərinin məqsədi Ermənistan rəhbərliyini Zəngəzur dəhlizinin açılmasına razı salmaq idi. 

Lakin həmin vaxt Baş nazir Paşinyan regional kommunikasiyaların açılması üçün Qazaxıstan Prezidentinə “Sülh kəsişməsi” layihəsini təklif etmişdi. Bu isə rəsmi Astananı qane etmirdi. Çünki Qazaxıstan üçün Ermənistan çox kiçik bazardır. 

Ermənistan taxıl idxalında daha çox Rusiyadan asılıdır. 2024-cü ildə Ermənistan 92 milyon dollar dəyərində 447,1 min ton taxıl idxal edib ki, bunun da 315,6 min tonu ərzaq buğdası olub. Ermənistan bu taxılı Rusiya, Belarus və Slovakiyadan alıb. Qazaxıstandan isə 43,8 min dollar dəyərində un və bir neçə ton qarğıdalı alıb. 

Son vaxtlar Ermənistanın Qazaxıstan taxılına marağı artıb ki, bu da daxili bazarı Rusiyanın inhisarından azad etmək və daha ucuz qiymətə məhsul almaq istəyi ilə izah oluna bilər. Lakin qeyd edildiyi kimi, kiçik Ermənistan bazarında Qazaxıstan taxılına tələbat yüksək deyil. 

Hətta son illər Ermənistanın taxıl idxalında azalma müşahidə olunur. Ona görə də Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri daha çox Ermənistan ərazisindən tranzit kimi istifadəyə üstünlük verir. Taxıl əsasən dəmir yolu ilə daşındığından Astana “Tramp marşrutu”nun açılmasına böyük ümidlər bəsləyir. 

Ukraynada davam edən ağır müharibə fonunda yaranmış vəziyyət Qazaxıstan taxılının dəmir yolu ilə Rusiya ərazindən Avropaya daşınmasını mümkünsüz edir. Bu baxımdan, “Orta dəhliz”in əhəmiyyəti getdikcə artır. Qazaxıstanın Ermənistana taxıl göndərməsi də “Orta dəhliz”in əsas arteriyası sayılan “Tramp marşrutu”na göstərdiyi maraqla bağlıdır. 

Azərbaycanın Ermənistana yüklərin tranzitinə icazə verməsi qeyd edilən səbəblə izah oluna bilər. Yəni Azərbaycan Ermənistana dəmir yolu tranzitinə tətbiq edilən məhdudiyyətləri ləğv etməyin müqabilində rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətini sürətləndirəcəyini gözləyir. 

Azərbaycan üzərindən Ermənistana yükdaşımaların bərpası 2026-cı ildə keçiriləcək parlament seçkilərinə “Sülh” şüarı ilə gedən Nikol Paşinyanın əlini gücləndirən amildir. Əks təqdirdə, Zəngəzur dəhlizinin bağlı qalması blokadanı Azərbaycanla əməkdaşlıqdan üstün tutan revanşist müxalifətin siyasi çağırışlarına cavab verəcək. 

Seçilən
85
cebheinfo.az

1Mənbələr