Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Cəlilabad, 7 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Üç dəfə yaralanıb cəbhəyə dönmək- bunu yalnız Vətənini candan çox sevənlər bacarar. Vətənə sədaqətin, qorxmazlığın və əsl döyüş ruhunun timsalına çevrilmiş bir qəhrəman-şəhid gizir Rəfail Əhmədağa oğlu İşiyevin həyat yolu bu gün gənc nəslə əsl örnəkdir.
AZƏRTAC xəbər verir ki, Cəlilabad rayonunda doğulan qəhrəman Xocavənddə şəhidlik zirvəsinə ucalıb.
Rəfail İşiyev 1979-cu il sentyabrın 4-də dünyaya göz açıb. Bu ad sonradan igidliyi, hünəri, döyüş ruhu ilə tarixə yazıldı. Onun gəncliyi hərbi xidmətlə başladı. 17 il PDM (BMP) üzərində “dəmir atın süvarisi” kimi xidmət etdi. Hərbi sahəyə məhəbbəti, silaha sədaqəti onu ordunun ən bacarıqlı zirehli texnika mütəxəssislərindən birinə çevirdi. Rəfail 2016-cı ilin Aprel döyüşlərində də ön xəttə idi. Lakin onun adını əbədiyyətə yazan 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Anası Mehriban İşiyeva, həyat yoldaşı Sevda İşiyeva, övladları Hüseyn və Mehdi onun barəsində danışarkən göz yaşlarını gizlədə bilməsələr də, ürəklərində bir qürur var, çünki ailələrində bir xalq qəhrəmanı yetişib. Ailədə 4 uşağın içində o daha çox seçilirdi. Anaya, ataya, ailə, uşağa çox bağlı idi. Vətəni çox sevirdi. İki dəfə yaralanmağına baxmayaraq, yenə döyüşə yollanacağını deyirdi. O, Vətənin hamıdan çox istəyirdi.
Onun ən şərəfli anlarından biri noyabrın 2-də olur. Döyüş meydanından qənimət kimi əldə etdiyi üçüncü BMP-ni idarə edərək növbəti tapşırığın icrasına yollanır. Xocavənddə azad edilmiş strateji yüksəkliyə üçrəngli Azərbaycan bayrağını şəxsən Rəfail İşiyev sancır. Bu an onun həm arzusu, həm də igidlik möhürü idi.
Şəhidin həyat yoldaşı Sevda İşiyeva deyir ki, onunla sonuncu dəfə noyabrın 1-də sağollaşıb. “Ayın 2 də o, Xocavənddə bayraq sancdı. Oradan da zəng vurmuşdu böyük oğluma ki, bəs biz bayraq sancmışıq. Çox sevincli idi, sevincinin həddi-hüdudu yox idi. Zaman keçdikcə başa düşürəm ki, vətənpərvərlik onun qanında idi”.
Şəhidin oğlu Hüseyn İşiyev deyir ki, ağlı kəsəndən atasını hərbi formada görüb: “Atam son dəfə döyüşə gedəndə mənə və qardaşıma məsləhətlər verdi. Bizə təhsil almağı, Azərbaycan xalqına yararlı bir vətəndaş olmağı tapşırdı. Biz də bu yolu davam etdiririk. Atamızı həmişə qəlbimizdə yaşadırıq”.
Qələbənin tam astanasında- noyabrın 3-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə gizir Rəfail İşiyev qəhrəmancasına şəhid olur. Bəli, üç dəfə ağır yaralanıb cəbhəyə dönmək- bunu yalnız Rəfail kimi Vətənini candan çox sevənlər bacarar. Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şəhid gizir Rəfail Əhmədağa oğlu İşiyev ölümündən sonra “Füzulinin, Şuşanın, Cəbrayılın, Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.