AZ

Ukraynada son durum: Putin ilk böyük uğuruna yaxındır

BAKI, 7 noyabr. TELEQRAF

Rusiya ordusu iki il əvvəl Ukraynada Baxmutun işğalından bəri ən böyük uğuru sayılacaq Donetsk vilayətinin Pokrovsk şəhərinin ələ keçirilməsinə yaxındır. Amma şəhərin tam işğalı baş versə belə, bu, “Pirr qələbəsi” olacaq: Pokrovsk uğrunda döyüşlər bütün müharibə ərzində ən qanlı toqquşmalardan biridir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr bildirib ki, vaxtilə 60 min əhalisi olan keçmiş mədən şəhəri tamamilə dağıdılıb. Pokrovskda amansız küçə döyüşləri davam edir. Ukraynalı əsgərlərin bildirdiyinə görə, Rusiya qoşunları kiçik dəstələrlə - bir neçə yüz nəfərlik qruplar halında irəliləyir, binaların zirzəmiləri və xarabalıqlarında mövqe tuturlar.

“Pokrovska nə qədər yaxınlaşsan, həyatını itirmə ehtimalın bir o qədər artır”, - 68-ci Yeqar briqadasının zabiti deyib.

Ukrayna hərbçiləri etiraf edirlər ki, şəhərdə say və texnika baxımından üstünlük rusların tərəfindədir. Pokrovsk üzərində dronların səsi dayanmadan eşidilir. Bir zabitin sözlərinə görə, hər bir Ukrayna dronuna qarşı on Rusiya dronu düşür.

“Onlar hava məkanına tam nəzarət edir, dronların vızıltısı bir saniyə belə kəsilmir”, - 25-ci desant briqadasının zabiti əlavə edib.

Ukrayna Moskvanın şəhərin tam mühasirəyə alındığı barədə iddialarını təkzib edir, amma vəziyyətin son dərəcə çətin olduğunu da etiraf edir. Analitiklərin qiymətləndirməsinə görə, Pokrovsk bir neçə həftə ərzində ələ keçirilə, baxmayaraq ki, rusların irəliləyişi hələ də çox yavaşdır.

“Bütün müharibə ərzində onların bu qədər böyük itki verib, yenə də hücumu davam etdirdiyini görməmişdim,” - Ukrayna zabiti qeyd edib.

68-ci briqadanın bir zabiti isə açıq şəkildə söyləyib: “Şəhərdən çıxmaq vaxtıdır. İtkilər buna dəyməz. Tamamilə mənasızdır. Hətta çoxlu qüvvə toplasaq da, şəhəri geri almaq mümkün deyil”.

Buna baxmayaraq, Prezident Volodimir Zelenski mövqelərin müdafiəsini davam etdirməyə çağırıb.

Mənbə yazıb ki, Ukrayna ordusu Pokrovskdan geri çəkilsə, artıq mühasirə təhlükəsi altında olan Mirnoqrad şəhərini də tərk etməli olacaq.

“Pokrovskun ələ keçirilməsi Moskva üçün 2023-cü ildən bəri ən böyük uğur və Kreml üçün simvolik qələbə ola bilər. Amma bu qələbə Vladimir Putinin əsas hədəfi - bütün Ukraynanı tabe etdirmək məqsədindən hələ çox uzaqdır”, - nəşr əlavə edib.

Seçilən
20
1
teleqraf.com

2Mənbələr