AZ

Gənclər Kitabxanada Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 noyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanaraq oxuculara təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda bir sıra rəsmi sənədlərin tam mətni, “Azərbaycan bayraqlarının siyahısı”, “Azərbaycan bayrağının tarixi”, “Dünyanın ən uca bayrağı”, “Bayrağın tarixi” adlı bölmələr yer alır.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda ümumi məlumatlarla yanaşı, Azərbaycanın dövlət rəmzi - bayrağımızın yaranma tarixi, üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilir, bir sıra görkəmli şəxslərin dövlətçilik rəmzlərindən biri və milli suverenliyin simvolu olan Azərbaycanın bayrağı haqqında söylədikləri dəyərli fikirlər təqdim edilir. Biblioqrafik icmalda “Suverenliyin bayraq simvolu” adlı məqalənin tam mətni ilə yanaşı, “Bayraq hekayələr toplusu”, “Türk İslam sevdalı Azərbaycan bayrağı”, “Müqəddəs varlığımız”, “Bayrağımız sarsılmaz”, “Mənim uca bayrağım” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, 2010-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı sərgilənir.

Biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib.

Virtual kitab sərgisində Azərbaycan, ingilis, rus dillərində nəşr edilən kitabların tam mətni ilə yanaşı “Suverenliyin bayraq simvolu”, “Bu bayraq Şuşada dalğalanacaq”, “Bayraq milli həmrəyliyimiz, varlığımızdır”, “Bir hilal, bir ulduz, üç rəng” kimi 10-dan çox məqalənin də tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
azertag.az

1Mənbələr