BAKI, 7 noyabr. TELEQRAF
“Cənubi Qafqazda kommunikasiyaların açılması Hindistan üçün də faydalı və səmərəli olacaq”.
Teleqraf xəbər verir ki, bunu Hindistanın İordaniya, Liviya və Maltadakı keçmiş səfiri Anil Triqunayat Ermənistan KİV-ə müsahibəsində deyib.
Diplomat “Tramp yolu” (və ya Zəngəzur dəhlizi) layihəsinin perspektivləri ilə bağlı bildirib:
“Fasiləsiz kommunikasiya marşrutları və kommunikasiya dəhlizləri son dərəcə vacibdir. Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Hindistan üçün də həm faydalı, həm də sərfəli olacaq.
Cənubi Qafqaz üçün digər mühüm layihə isə Hindistanın da təsisçi üzvü olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Mən şəxsən onun imzalanması mərhələsində iştirak etmişəm. Ticarət və nəqliyyat dəhlizləri yeni anlayış deyil, əsrlər boyu mövcud olub. Bizim üçün bu, çox əhəmiyyətlidir. Əgər bu yollar onların keçdiyi bütün ölkələrin iştirakı ilə sülh dəhlizlərinə çevrilərsə, hər şey çox daha asan olacaq. İnsanlar sülh uğrunda mübarizə aparırlar. Biz də sülh yaratmaq üçün çalışmalıyıq”.
Triqunayat iddia edib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi sürətli olmayacaq:
“Vaşinqton razılaşmalarının icrası hər iki tərəfin səmimiyyətindən asılı olacaq. Bu, sürətli proses olmayacaq, çünki qarşılıqlı şübhələrin aradan qaldırılması üçün vaxt lazımdır. Bu səbəbdən kommunikasiya, əlaqə və etimadın möhkəmləndirilməsi tədbirləri hər iki tərəf üçün son dərəcə vacibdir”.