Oklahoma-Azərbaycan tərəfdaşlığı 2002-ci ildən bəri davam edir
Oklahoma Milli Qvardiyasının nümayəndə 4–6 noyabr tarixlərində Azərbaycana səfər edib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat verilib.
"Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti 4–6 noyabr tarixlərində Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycana səfər edib. Bu səfər 20 ildən artıq davam edən güclü tərəfdaşlıq üzərində qurulan münasibətlərin möhkəmləndirilməsinə xidmət edib, regional təhlükəsizlik, sülh və sabitliyə olan birgə sadiqliyi bir daha təsdiqləyib. Səfər, eyni zamanda, kibermüdafiə, tibbi hazırlıq, fəlakətlərə cavab və peşəkar hərbi təhsil sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verib. 2002-ci ildən bəri davam edən Oklahoma–Azərbaycan tərəfdaşlığı sübut edir ki, sıx əməkdaşlıq təkcə müdafiə əlaqələrini gücləndirmir, həm də xalqlar arasında qarşılıqlı anlaşma və etimadı möhkəmləndirir", - səfirliyin bəyanatında qeyd olunub.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a ABŞ Prezidenti Donald Tramp administrasiyasının tamamilə fərqli yanaşmasının şahidiyik:

"Bu, hər şeydən öncə proqnozlaşdırıla bilən addımlarla müşaiyət olunur. Mövcud yanaşma regionda reallıqları qəbul etmələ yanaşı, həm də sülhə və təhlükəsizliyə töhfə verir, iqtisadi dirçəlməni dəstəkləyir, bu istiqamətdə yeni variantlar təqdim edir. Yanaşma artıq regiona həqiqətən də nəzərəçarpacaq dərəcədə müsbət təsir göstərib. Hər şeydən öncə Bakı ilə İrəvan arasında dialoq konstruktiv səviyyəyə çatıb ki, bunun özü əhəmiyyətli diplomatik nailiyyətdir. TRIPP layihəsi ABŞ biznes dünyasının ayağını regiona açacaq. Bu, qarşılıqlı olaraq ABŞ-nin də region ölkələri və xalqları üçün daha əlçatabilən edəcək. Məhz ictimai səviyyədə müntəzəm təmaslar vasitəsilə həqiqi qarşılıqlı etimada, dayanıqlı inkişafa nail olmaq mümkündür. ABŞ-Azərbaycan əlaqələri sadəcə hərbi baxımdan deyil, müxtəlif istiqamətləri əhatə etməklə daha da genişlənəcək. 2025-ci ilin avqust ayında Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə Vaşinqtonun vasitəçiliyi ilə təşkil edilən sülh sammiti simvolik idisə, siyasi öhdəlik idisə, indi real addımların şahidiyik. Cənab Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edərkən bir daha bildirdi ki, Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır. Bu prosesə çoxdan start verilib. Vətən müharibəsindən sonra bu strateji xətt daha da sürətləndirilib. Bunu həm texnika, silah-sursat, həm də Ordunun insan resursu baxımından demək olar. Türkiyə ordusu ilə qış-yay təlimlərinin keçirilməsi, təcrübə mübadiləsi öz sözünü deyir. Bu intensivliyi bütün sahələr üzrə dərinləşdirmək lazımdır. Lakin sistemli yanaşma olmalıdır. Çünki hər nə qədər xarici siyasət subyektləri biznes layihələrində maraqlı olsalar da, risklər də istisna deyil".
Analitik əlavə edib ki, Oklahoma Milli Qvardiyasının nümayəndə heyətinin səfəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO nümayəndə heyətini qəbul etməsi ondan xəbər verir ki, ardıcıl, sistemli addımlar atılır:
"Reallaşacaq nəqliyyat və kommunikasiyaların risklərdən uzaq olması, təhlükəsizliyi vacib amildir. Oklahoma-Azərbaycan tərəfdaşlığı 2002-ci ildən bəri davam edir. Bu əlaqələr perspektivdə ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcəyi qədər, bütövlükdə regionun siyasi, iqtisadi, hərbi, humanitar baxımından inkişafı üçün fürsət pəncərəsinin, nəhayət ki, daha geniş aralanmasına töhfə verəcək".
Aynur Babazadə