Türk Hava Yolları (THY) noyabrın 6-da İspaniyanın “Air Europa” aviaşirkətinin təxminən dörddə bir hissəsini almaq üçün müqavilə imzaladığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, avqust ayında əldə edilən razılaşmaya əsasən, Türk Hava Yolları (THY) “Air Europa”nın 300 milyon avro dəyərindəki borcunu ödəyərək şirkətdə 25%-27% paya sahib olacaq.
Hidalgo ailəsi “Air Europa”nın əsas səhmdarı olaraq qalacaq, “British Airways”in sahibi IAG isə Globalia-dan əldə etdiyi səhmlər vasitəsilə hazırkı 20%-lik payını qoruyacaq.
Türk Hava Yolları bu müqavilə ilə Avropadakı rəqibləri “Lufthansa” və “Air France-KLM”i qarşısında üstünlük qazanıb.
THY səhmlərini artırmaq planlarının olmadığını da bildirib.
Açıqlamadan sonra “Air Europa” İspaniyanın dövlət tərəfindən dəstəklənən sənaye şirkəti SEPI-dən aldığı təxminən 500 milyon avro (575 milyon dollar) məbləğindəki krediti qrafikdən bir il əvvəl ödədiyini açıqlayıb.