AZ

ZƏFƏRİMİZ VƏ MÜBARİZ RUHLU MƏĞRUR AZƏRBAYCAN QADINI

Qəlbində xalqına təmənnasız sevgisi olan xalqın, vətənin qəhrəman övladlarına elə bu sevginin özü də Tanrı ərməğanıdır. Və bu Tanrı ərməğanı 2020-ci ildə baş verən Vətən savaşında özünü göstərdi, bu savaş xalqımızın qəhrəmanlıq tarixinə silinməz imza atdı. 30 il işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi qəhrəman ordumuz işğaldan azad etdi. Həmin günlərdə xalqımız öz fədakarlığını, Vətən, yurd sevgisini hər addımda nümayiş etdirdi. Bu sevginin təməli saysız-hesabsız mübarizlərdə qoyulub. Zaman-zaman başı müsibətlər çəkmiş, torpağı yadelli işğalına məruz qalmış xalqımız hər ağır mübarizədən üzüağ çıxaraq tarixə öz şərəfli imzasını atmışdır. Müxtəlif tarixi dönəmlərdə öz qəhrəmanlıqları ilə şərəfli mövqe qazanan Vətənin oğullarımızın adları tariximizin şanlı səhifələrini bəzəyir. Bu oğullar qədim tarixə malik Vətənimizin, mübarizələr meydanından şərəflə çıxan xalqın övladlarıdır. Onlar həm də qazan xanların, babəklərin, koroğluların, qaçaq nəbilərin övladlarıdırlar. Qazan xan elini, obasını xilas edərkən öz hünərilə, öz gücü ilə düşmən qarşısına tək başına çıxmışdı. Koroğlu yerli və xarici feodallara qarşı təkbaşına mübarizəyə qalxmışdı. Nəbi zülmə, azğınlığa qarşı az yaşından tək canı ilə, mübariz ruhunun arxasınca tək addımlamağa başlamışdır. İstər Qazan xanın igidləri, istər Koroğlunun dəliləri, istərsə də Nəbinin qoçaq silahdaşları sadə xalq içərisində çıxaraq zülmə qarşı mübarizə meydanında öz liderlərinin ətrafında yumruq kimi birləşmişdilər.

II Qarabağ savaşı ərəfəsində də Azərbaycan Ordusu da öz Liderinin – Müzəffər Ali Baş Komandanın əmrinə tabe olaraq müqəddəs torpaqlarımızı mənfur düşmən tapdağından şərəflə xilas etdi. Bu mübarizənin şərəfli nəticə qazanmasının səbəbkarları içərisində məğrur Azərbaycan qadını vardır. Yeri gələndə isə bu igidlərə dəstək, arxa-dayaq olan onların anası, ömür-gün yoldaşı, bacısı – namuslu-iffətli Azərbaycan qadını olub.  Hər gün alınan qələbə xəbərləri xalqımızın coşan, qaynayan  qanını elə duruldurdu ki,  damarında saf Azərbaycanlı qanı axan hər bir vətəndaşımız cinsindən, yaşından asılı olmayaraq Vətənin müdafiəsinə çağırışı həsrətlə gözləyirdi. Tomrislərin, Burla xatunların, Möminə xatunların, Nigarların, Həcərlərin və neçə-neçə mərd, qorxmaz Azərbaycan qadınının yadigarları olan müasir Azərbaycan qadını da alınan hərgünkü qələbə xəbərindən ruhlanaraq Vətənin müdafiəsi üçün hazır olduqlarını ifadə edirdilər. Azərbaycan qadını Vətənə sadiq övladlar  tərbiyə edib böyüdərək onu bu müqəddəs mübarizəyə yola salmağı özünə şərəf bilir. Övladı üstünə şəhid tabutunda gələn Azərbaycan qadını – müqəddəs Ana göz yaşını axıtmağa utanırdı. Bu müqəddəs qadın şəhid övladı üçün göz yaşı axıtmaqdansa ona son dəfə: “Sənin üzərində olan analıq borcum sənə halal olsun, oğlum! Şəhidliyin mübarək!” cümləsini necə də qürurla söyləyirdi! Halbuki ana qəlbi fəryad edib balasını doyunca oxşamaq, ona ağı deyib, son dəfə müqəddəs laylası ilə əzizləmək istəyirdi. Amma bunu etmirdi! Çünki mənfur düşməni sevindirmirdi! Hər bir vasitə ilə Azərbaycanı izləməyə çalışan xainləri sevindirmək istəmirdi müqəddəs Azərbaycan qadını! Hətta “Övladım Vətənə qurban oldu, özüm də qurbanam! İkinci oğlumu da Vətənin müdafiəsinə sevinclə göndərirəm!” fikirləri bu qadınların ruhuna hakim kəsilmişdi. İlahi, canını, varlığını balası yolunda fəda edən Ana indi bu balasını “uf” da demədən Vətənə qurban deyirdi!. Necə müqəddəsdir Azərbaycan qadını! Məhz belə qadınları olan Vətən basılmaz!

Müqəddəs məkan – Azərbaycanın dilbər guşəsi Şuşamızın düşmən işğalına məruz qaldığı günlərdə məğrur Azərbaycan qadını fəryad qopartdı. Torpaqlarımızı düşməndən geri almaq üçün öz övladlarına səsləndi... Fəryadı ərşə qalxsa da, torpaqlarımız düşmən tapdağından o zaman qurtula bilmədi....Bu fəryaddan qəlbi göynəyən bir şair həmin ağrı-acını misralara köçürərək “Çağırış” şeiri vasitəsilə belə ifadə edirdi:

Qalxın, igidlərim, Vətən dardadır,

Oğul qovğa günü yatmasın gərək.

Qarlı dağlarımız girov düşübdür,

Düşmən zirvələrə çatmasin gərək.

Məğrur Azərbaycan qadınının qəhrəmanlığını istər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ müharibəsində açıq-aydın müşahidə etdik. I Qarabağ müharibəsi dövründəki qadın qəhrəmanlıqları hamımıza məlumdur. Onların çoxu artıq dastana çevrlib, əsərlərdə poetikləşib. II Qarabağ müharibəsindəki qadın hünəri daha da təkmilləşmiş şəkildə özünü göstərdi. Ümumiyyətlə, hər iki savaş zamanı qadınlarımız “Ot öz kökü üstə bitər” kəlamını təsdiqlədilər: ulu ağbirçəklıəri Burla xatun, Möminə xatun, Tomris, Həcər, Nigar ənənəsini yaşatdılar. Sonuncuda isə daha da coşğulu hünəri müşahidə etdik. Çünki 30 il işğalda olan torpaqlarımızın ağrısı, acısı ilə yanaşı qeyrəti, təəəssüb hissləri  kişilərlərlə yanaşı eyni dərəcədə, hətta bəzən daha çox qadınlarımızı da bütün varlığını bürüdü. Belə olan təqdirdə nəinki öz canını, hətta bəzi vaxtlarda gözünün ağı-qarası bircə övladını “uf” emədən mübarizəyə ruhlandırdı. Bəli,  biz yenilməz qadın hünərinin şahidi olduq. Və şahidi olduq ki, dünya da bu cəsarətə heyran qaldı. Həyat yoldaşının tabutunu çiyinlərində daşıyan Azərbaycan qadını... Nəvəsini düşmənlə mübarizəyə ruhlandıran Azərbaycan nənəsi - qadını.

Bu gün sələflərinin hünərlərini qürurla yerinə yetirən Azərbaycan qadınları vardır. Əlahiddə qoşunun tərkibində hünərlə fəaliyyət göstərən qadınlar var. Qadın hərbi qulluqçularından nümunəvi fəaliyyəti ilə seçilər hərbi qulluqçularımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

II Qarabağ müharibəsinin ilk qadın qurbanı Arəstə Baxışova... Oktyabr ayının 23-də cəbhə bölgəsindən yaralı hərbçiləri çıxararkən erməni gülləsinə tuş gəlib. Arəstə Baxışova könüllü olaraq müharibəyə yollanıb. Hələ az yaşında - dörd yaşında ikən atası Çernobıl qəzasının qurbanı olub. Atası da hərbçi olub. Anasının dediyinə görə, o elə kiçik yaşından atasının hərbçi papağını başına qoyub gələcəkdə hərbidə işləyəcəyini deyərmiş. Müharibənin başlanması ilə Arəstənin bu arzusu gerçəkləşib. Könüllü tibb bacısı kimi cəbhəyə yollanıb və qəhrəmanlıqla həlak olub. İki övladı anasına əmanət qalıb. Arəstə ölmədən öncə oğlu ilə danışıb. Oğluna nənəsinin sözünə qulaq asmağı tapşırıb.

Bir vaxtlar isti qucağında min bir zəhmətlə böyütdüyü oğlunu müharibə zamanı Vətənin müdafiəsinə yollayan ana şəhid övladının tabutunu öz başı üzərində  son mənzilə yola salır. Budur möhtəşəm Azərbaycan qadını!

Xüsusi təyinatlı polkovnik-leytenant Rəhim Hüseynovun yoldaşı şəhidin il mərasiminə gedərkən yolda maşın qəzasına düşərək həyatını itirib. Vətən uğrunda həlak olan Rəhimin uğrunda da vəfalı ömür-gün yoldaşı həlak oldu. Rəhimin sadiq həyat yoldaşı Günel Ələsgərovanın ruhu  Rəhimin müqəddəs ruhuna qovuşdu. Üç övladı Vətənə əmanət qaldı...

Şəhid övladının tabutunu qarşılayan anaların məğrurluğunu ifadə etmək üçün sözlər azdır. Onlar övlad yanğısını içində gizlədərək “Vətən sağ olsun!” ifadəsini elə böyük coşğuyla ifadə edirdilər ki, bu vətənpərvər qadınlara sözün əsl mənasında heyran qalınmalıdır. Belə böyük ürək sahibi olmaq ancaq Azərbaycan-türk qadınına məxsusdur.

Min-bir zəhmətlə oğul böyüdür analar... Elə analar da var ki, müxtəlif səbəblərdən oğlunu tək-tənha böyüdür. Böyüdür ki, barını-bəhrəsəni görsün. Nəvə-nəticə sahibi olsun.  Lakin... Bu qadınlar Vətənin müdafiəsi zamanı artıq öz arzu-istəyinə xətt çəkdilər. Övladlarını Vətənin müdafiəsinə yola saldılar. Bilirdilər ki, bu gedişin dönüşü olmaya da bilər. Bunu bilə-bilə gözlərini belə qırpmadan yola salırdılar. Mənfur gülləsinə tuş gələn övladını yenilməz dağ qüruru ilə qarşılayan anaları gördükcə insanın damarda qanı  donurdu... Naxçıvan MR şəhidləri içərisində  Qasımov Həmid Oruc oğlunun anası Tovuz Qasımovanın sözləri hər zaman bizləri kövrəldir:

“Mən möhkəməm, mən oğlumla fəxr edirəm, mən oğluma min dəfə deyirəm: sənə halal olsun, Həmid! Bir də oğlum var, onu da qurban verməyə hazıram, Azərbaycan torpaqlarını, analarının namusu qoruyub mənim balam! Hər kəsə bu məqam qismət olmaz, mənim oğlum şəhidlik məqamındadır, ona halal olsun! Əməyimi, zəhmətimi halal edirəm!”

Şəhid Adil İbrahimlinin həyat yoldaşı həmin vaxtda qardaşının da şəhid xəbərini eşidir. Eyni zamanda iki acınının selini qəlbinə axıdır. Bu acıyla fəxr edir. Şəhid yoldaşı və şəhid bacısı statusunu qazanır...

Yana-yana qürurunu da sındırmayan analarımız övlad yanğısını ürəyində çəkir. Simalarındakı həyat işığı bu yanğıdan tez bir vaxtda sönsə də qürurla dayanmağı özlərinə borc bilirlər. Olduqca cətin bu hissləri yaşamaq... Amma şəhid anaları bu hissləri düzənləməyi, tənzimləməyi o qədər yaxşı bacarırlar ki... Bu gün şəhid anaları, həyat yoldaşları, bacılarından ibarət bir ordumuz da var!

“Nur üzlü şəhidim İzzət” adıyla tanıdığımlız İzzət Həmidovun anası Vəfa xanımın saçları bir gecədə ağarmışdı. Ananın sözlərinə görə, İzzət müharibəyə könüllü yollanıb. Vətən uğrunda qəhrəmanlıqla şəhid olan İzzətin anası Vəfa xanım illərdir ki, susmaq bilmir – gecəli-gündüzlü İzzətin həsrəti ilə qanl göz yaşı axıdır...

Generalımız Polad Həşimovun anası Səmayə xanım Həşimova “Mən səngər generalı yetişdirmişdim” şüarını tez-tez səsləndirərək artıq el anası – şəhid analarının, bacılarının, yoldaşlarının anasıdır. O öz gücü, qüruru ilə bu qadınlara dəstək olur. “Ürəkli olun, başınızı dik tutun,” sözlərini tez-tez ifadə edir. “Başını dik tut şəhid anası” şüarını bu qadınlar sözün əsl mənasında həyata keçirirlər. Ürəyinin yanğısından oğluna toy edən ana Vəfa xanım bu toydan sonra ürəyinə təskinlik verib.

Ordubad rayon Düylün kənd sakini şəhid mayor Asiman Əliyevin anası öz fədakarlığını son anda nümayiş etdirdi. Asiman kimi qəhrəman böyütməyi layiqincə bacaran Gülayə xanım şəhid övladının şəhidliyinin qırxıncı günündə həyata vida etdi: Asimansız həyatda yaşamağı zərif ürəyi tab gətirə bilmədi. Vətən torpaqlarının işğaldan azad olması onun yaralı ürəyinə su səpsə də, o Asimansız bu dünyada yaşamağı özünə qıymadı. Bütün bunlar özlüyündə Vətənə fədakarlığın nümunəsidir: Vətənə qurban gedən övladına qurban olan ana da öz növbəsində Vətənə fəda oldu... Belə-belə, qəhrəman, igid  böyüdən ananın tərtəmiz ruhu oğlunun şəhidlik məqamının 40-cı günüdə onun müqəddəs ruhuna qovuşdu...

Bəli, bu gün şəhid övladlarının xiffətini çəkib bu dağa dözməyən, balası üçün ürəyi tab gətirməyən analar da var. Hansı ki onlar da dolayısı ilə Vətənə fəda oldular. Lakin dağ dözümü ilə dərdini qəlbinə basıb başını dik tutmağa çalışan qadınlarımız da var. Ümumiyətlə, Azərbaycan qadınının mövqeyi bir çox tarixi dönəmlərdə üstün olub. O cümlədən, Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi hər dövrdə Azərbaycan qadının yüksək mövqedə olması üçün böyük qayğı və diqqət göstərmişdir ki, bu gün də bu ənənə davam etməkdədir. Azərbaycanın hər məkanında, o cümlədən, Naxçıvan Muxtar Respublikasında qadınlar öncül sıralarda addımlamaqdadırlar. Qadınların daha çox məsul vəzifələrdə çalışması onlara dövlətimizin sonsuz inamını ifadə edir. Azərbaycan qadınına ən yüksək dəyəri Ulu Öndər vermişdir. Öndərimizin bu əməli bizlərə müqəddəs Peyğəmbərimizin (s.) tövsiyəsi, Dədəmiz Qorqudun ərməğanıdır. İndi bu əməlin layiqli davamçısı yenilməz Sərkərdə Müzəffər Ali Baş Komandan – Cənab İlham Əliyevdir! Biz, düşmən sevinməsin deyə göz yaşını ürəyinə axıdan müqəddəs Azərbaycan qadınının övladlarıyıq!

Aytən Cəfərova,
AMEA Naxçıvan Bölməsi Filologiya üzrə fəlsəfə doktoru, dosent

Seçilən
13
ikisahil.az

1Mənbələr