İran Prezidenti Məsud Pəzeşkian bildirib ki, yaxın zamanda paytaxt Tehrana yağış yağmasa, gələn aydan etibarən şəhərdə su qıtlığı başlayacaq.
Əgər bu da kifayət etməzsə, Tehran şəhərinin təxliyə olunması gündəmə gələ bilər.
"Cebheinfo.az" xəbər verir ki, "İtimad" qəzetinin xəbərinə görə, Pəzeşkiyan ölkənin qərbində yerləşən Sənəndəc şəhərinə səfəri zamanı qatıldığı bir toplantıda ölkədəki müxtəlif iqtisadi və sosial problemlərə toxunub. O, ölkədəki yüksək qiymətlərin və inflyasiyanın həm daxildə atılan yanlış addımların, həm də beynəlxalq sanksiyaların nəticəsi olduğunu bildirib:
“Yüksək qiymətlər və inflyasiya Məclis və hökumətin səhvidir. İşlər görülür, amma maliyyə resursları məhdud olduğu üçün layihələr yarımçıq qalır”.
Pezeşkian İranda quraqlıq səbəbilə yaranan su böhranına diqqət çəkərək deyib:
“İran hazırda yağıntı və su ehtiyatlarının azlığı kimi təbii böhranlarla üz-üzədir və bu böhranlar ciddi nəticələrə səbəb ola bilər”. O, su və enerji istifadəsində qənaət və daha yaxşı idarəetməyə ehtiyac olduğunu vurğulayıb. Xüsusilə Tehrandakı su probleminin artıq təhlükəli həddə çatdığını qeyd edən Pəzeşkian əlavə edib:
“Yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətləri tətbiq etməliyik. Əgər bundan sonra da yağış yağmasa, suyumuz qalmayacaq və Tehranı boşaltmaq məcburiyyətində qalacağıq”.