Böyük Britaniyanın Ueykfild şəhərində yerləşən ciddi rejimli həbsxanada iki yaşlı qızı amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən məhkum öldürülüb. AzPost “The Nightly” nəşrinə istinadla xəbər verir ki, 33 yaşlı Kayl Bevan ömürlük həbs cəzası çəkdiyi kamera daxilində həyatını itirib.
İlkin araşdırmalara görə, hadisə digər məhkumlar tərəfindən törədilib. Bildirilir ki, üç nəfər dustaq Bevanı döyərək öldürüb. Səhər saatlarında nəzarətçilər onun cansız bədənini aşkar ediblər.
Qərb Yorkşir qraflığının polisi faktla bağlı cinayət işi açıb və hadisədə iştirak edən məhkumlar saxlanılıb. Rəsmilər hadisəni “daxili zorakılıq nəticəsində baş vermiş qətl” kimi qiymətləndiriblər.
Qeyd olunur ki, Kayl Bevan iki yaşlı Lola Ceyms adlı qızcığazı qəddar şəkildə döyərək öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Məhkəmə zamanı onun peşmanlıq hissi göstərmədiyi və cinayəti gizlətmək üçün hadisəni uşaq pilləkəndən yıxılıb kimi təqdim etdiyi bildirilmişdi.
Məhkəmənin qərarına əsasən, o, azı 28 il həbsdə qalmalı idi. Lakin cinayətin xüsusilə amansız xarakter daşıması səbəbindən ictimai rəydə bu iş böyük rezonans doğurmuşdu.
Hazırda hadisə ilə bağlı istintaq davam edir, Britaniya Ədliyyə Nazirliyi isə həbsxanada təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.