"Dil normaları pozulanda ən çox qrammatik və leksik səviyyədə pozulur".
Redaktor.az xəbər verir ki, bu fikirləri AMEA dilçilik İnstitutunun direktoru Nadir Məmmədli “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda bildirdi.
O hesab edir ki, fonetik səviyyədə pozulma isə birbaşa dilin materialına təsir edir.
"Dil normalarını bu gün mütləq qorumalıyıq. Hamımız müşahidə edirik ki, danışan da, yazan da bəzən öz nitqini tənqid edir. Amma əsas məsələ tənqid yox, çıxış yolunu göstərməkdir. Məsələn, bizə düşən məsuliyyət sözü düzgün ifadə etmək, onun terminoloji mənasını doğru bilməkdir. Bu da göstərir ki, bizim ədəbi dilimizdə bəzi sahələrə söz gəlmir. Tutalım ki, bədii ədəbiyyatda yeni sözlər çox az yaranır, elmi üslubda, xüsusilə humanitar sahədə yeni terminlər çatışmır. Rəsmi üslubumuz isə daşlaşmış, kalka formasına çevrilmiş vəziyyətdədir.
Məsələn, notariusa gedirsiniz, sizə hazır formada bir blank verirlər. Orada yazılır: “Sizə bildirirəm ki...”. Bu, bu günün “dəbdə olan” ifadəsidir, amma rus dilindən keçmiş kalkadır. Eləcə də yazırlar: “Sizə filankəs filankəsdən tərəfindən.” Niyə “tərəfindən”? Sadəcə “filankəs filankəsə” demək kifayətdir. Hələ “çıxılan” ifadələrə toxunmuram. İki nəfər debat aparır, biri deyir: “Filankəs müəllim, mənim sizə qarşı çox böyük hörmətim var.” Axı hörmət “qarşı” ola bilməz “mənim sizə hörmətim var” demək doğrudur", - deyə direktor qeyd etdi.
Nuriyyə NATİQQIZI