Rusiya anlayır ki, Azərbaycansız mümkün deyil - Mixaylov
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə sabitlik, şəffaflıq və dostluq bütün MDB və Avrasiya təhlükəsizliyi üçün vacibdir. Vladimir Putin və İlham Əliyev arasında Düşənbədə keçirilən görüşdən sonra münasibətlər yaxşılaşır və mürəkkəb məsələlərin həlli üçün qarşılıqlı addımlar atılır. Putin və Əliyevin Düşənbə görüşü liderlər arasında şəxsi münasibətlərin və onların səmimi təmaslarının bütün mürəkkəb məsələlərin həllinin açarı olduğunu nümayiş etdirdi.BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib. “Rusiya anlayır ki, Azərbaycan ciddi regional oyunçudur və onun əməkdaşlığı olmadan regionda tam sabitlik və təhlükəsizlik ola bilməz. Rusiya ilə Azərbaycanın ortaq cəhətləri çoxdur. Rusiyada böyük bir Azərbaycan diasporu var, Azərbaycanda isə yaxşı inteqrasiya olunmuş böyük bir rus icması var və onun öz adət-ənənələrini və dinini qoruyub saxlaması üçün hər cür şərait yaradılıb. Rusiya və Azərbaycan qonşudur. Bizi Xəzər dənizi birləşdirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də daxil olmaqla, genişmiqyaslı strateji layihələr həyata keçiririk və enerji sektorunda əməkdaşlıq edirik. Əməkdaşlıq potensialımız da genişdir. Bu gün Azərbaycan türk dünyasında mühüm rol oynayır və həm Qafqazda, həm də Orta Asiyada hörmətlə qarşılanır. Üstəlik, görürük ki, bu gün Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün danışıqlar kifayət qədər uğurla gedir. Cənubi Qafqazda sülhün bərqərar olması Rusiya üçün vacibdir. “3+3” regional əməkdaşlıq formatının (üç Cənubi Qafqaz respublikası və onların üç böyük qonşusu - Rusiya, Türkiyə və İran) böyük potensialı var. Təbii ki, bu formatda qarşılıqlı əlaqə bütün iştirakçılar üçün böyük imkanlar açacaq. Azərbaycan və Ermənistan malların tranziti üçün ərazilərini qarşılıqlı olaraq bir-birinin üzünə açıb, o cümlədən rəsmi Bakı Rusiya mallarının Ermənistana tranzitinə razılıq verib. Bu, həm də əməkdaşlığımızdakı müsbət tendensiyaları göstərir”, - o bildirib.