Associated Press-in məlumatına görə, Polşa və Rumıniya Ukraynada sınaqdan keçirilmiş yeni Amerika istehsalı “Merops” adlı anti-dron sistemini yerləşdirməyə başlayıblar. Sistem Rusiya istehsalı pilotsuz uçuş aparatlarını (PUA) süni intellekt vasitəsilə aşkar edib məhv etməyə qadirdir.
“Merops” sistemi NATO-nun şərq cinahında müdafiəni gücləndirmək məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində tətbiq olunur. Son aylarda Rusiya dronlarının NATO ölkələrinin hava məkanına daxil olması hadisələrindən sonra alyans genişmiqyaslı müdafiə modernləşdirməsinə start verib.
Kompakt ölçülü sistem adi pikap avtomobilinin yük yerinə yerləşdirilə bilir. “Merops” süni intellekt sayəsində dronları aşkarlayır, izləyir və məhv edir – hətta peyk və radio siqnallarının bloklandığı şəraitdə belə. O, hədəfi analiz edib atəş aça və ya məlumatı digər hərbi bölmələrə ötürə bilir.
NATO-nun Birləşmiş Quru Qoşunlarının polkovniki Mark Maklellan bildirib:
“Bu sistem bizə yüksək dəqiqliklə hədəfləri aşkarlamağa və dronları çox aşağı xərclə məhv etməyə imkan verir. Bu, dronu vurmaq üçün F-35 qırıcılarını havaya qaldırmaqdan qat-qat səmərəlidir.”
Onun sözlərinə görə, “Merops” həm mühüm infrastruktur obyektlərini, həm də ordunun mobil bölmələrini qorumağa xidmət edəcək. Sistem artıq Polşa və Rumıniyada yerləşdirilib, Danimarka isə texnologiyanın alınacağını elan edib.
Belə sistemlərə ehtiyac sentyabr ayında təxminən 20 Rusiya dronunun Polşanın hava məkanını pozmasından sonra kəskin artıb. Qısa müddət sonra Rumıniya və bir sıra Avropa şəhərlərində – Münhen, Berlin, Brüssel və Kopenhagendə – hava limanlarının fəaliyyəti dron təhlükəsi səbəbindən müvəqqəti dayandırılıb.
NATO rəsmiləri bəzi hadisələrin birbaşa Rusiya ilə əlaqəsini sübut etməyin çətin olduğunu desələr də, alyansın müdafiə sistemlərini təcili şəkildə yeniləməyə ehtiyac duyduğunu etiraf ediblər.
NATO briqada generalı Tomas Lovin qeyd edib:
“Merops yeni müdafiə xəttinin qurulmasının ilk mərhələsidir. Bu proses təxminən iki ilə beş il çəkəcək.”
Sistemin maliyyələşdirilməsində “Google”un keçmiş rəhbəri Erik Şmidt iştirak edib. O, Qərb orduları üçün süni intellekt əsaslı hərbi texnologiyaların inkişafını dəstəkləyir.
Avropa “dron divarı” qurur
Eyni zamanda, Avropa İttifaqı və NATO “dron divarı” adlanan ümumi hava müdafiə layihəsi üzərində çalışır. Layihə Norveçdən Türkiyəyə qədər uzanan çoxsəviyyəli dron əleyhinə müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. ABŞ bu çərçivədə region boyunca sensor və idarəetmə mərkəzlərindən ibarət şəbəkə qurmağı təklif edir.
NATO-nun müttəfiq qüvvələrinin komandiri briqada general Zakarias Ernandes bildirib:
“Rusiyanın Ukraynada nə etdiyini görürük və buna hazır olmalıyıq.”
“Merops” sistemi artıq Ukraynada döyüş şəraitində sınaqdan keçirilib və bu uğurlu testlər Avropada texnologiyanın seçilməsində həlledici rol oynayıb.